AMEA əməkdaşları Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetinə ezam olunublar 
20.09.2021

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun rəhbərliyi ilə həyata keçirilən “Horizon 2020” layihəsinin  “Humanitar elmlərdə elmi mübadilə və akademik mədəniyyət (Avropa və Qaradəniz regionu, XVIII əsrin sonu – XXI əsr)” istiqaməti üzrə tədqiqat aparan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Emin Dadaşov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Orta əsrlər arxeologiyası” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Namiq Hüseynli, AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, s.ü.f.d., dosent Elşad Əliyev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin elmi işçisi Sevinc Hüseynova və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin əməkdaşı Ülkər Allahverdiyeva bir aylıq müddətə Şota Rustaveli adına Batumi Dövlət Universitetinə ezam olunublar. 

Layihə ilə əlaqədar tədqiqat işləri üzrə materiallar toplayan əməkdaşlar  Şota Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru, t.ü.e.d., professor-arxeoloq Merab Xalvaşi, həmin universitetin prorektoru, fil.ü.e.d., professor Tamar Siradze və universitetin müəllimi, Yuxarı Acariya Arxeoloji Ekspedisiyası rəhbəri, t.ü.e.d. Tariyel Ebralidze ilə elmi müzakirələrdə iştirak etmiş, universitetin kitabxanasındakı müvafiq ədəbiyyatları nəzərdən keçirmişlər.

Tədqiqatçılar həm də Batumi Arxeologiya Muzeyinin direktoru, t.ü.e.d. Emzar Kaxidze, muzey əməkdaşları – arxeoloq, t.ü.f.d. Tamar Şalikadze, arxeoloq alim İzo Dumbadze, paleontoloq Mayya Çiçinadze, muzey bələdçisi İrma Karanadze, Ked Tarixi Muzeyinin direktoru, t.ü.f.d. Vacab Partenadze ilə müzakirələr etmişlər.      

Xariton Axvelidiani adına Acara Dövlət Muzeyini, İncəsənət Muzeyini və Qonio-Apsarus Arxeoloji - Memarlıq Kompleksini ziyarət edən araşdırmaçılar layihə mövzusu ilə əlaqədar faktiki materiallar toplamışlar.  
Qonio-Apsarus Arxeoloji - Memarlıq Kompleksindəki arxeoloji qazıntıları seyr edən tədqiqatçılar həmin ərazidəki arxeoloji qazıntılara rəhbərlik edən, ekspedisiya rəhbəri, Polşa-Gürcüstan Fənlərarası Araşdırmalar Mərkəzinin direktoru, professor Rodoslav Karasiyeviç Szczypiorski ilə tanış olublar.  
Tədqiqatçılar bir sıra elmi əsərləri, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyinin elmi əsərlərini gürcüstanlı həmkarlarına hədiyyə etmişlər.       

Visiontv.az