Allahşükür Paşazadə: “Qurban bayramında hər bir insanın qurban kəsməsi vacib deyil”
01.08.2020

“Təəssüflər olsun ki, koronavirus pandemiyası nəticəsində Həcc ziyarətinə gedə bilmədik. Ancaq Allah təala gələcəkdə ziyarətlərimizi və qurbanlarımızı həmin müqəddəs məkanlarda kəsməyi nəsib etsin”.

Visiontv.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, pandemiyaya görə bayram namazları müvəqqəti olaraq dayandırılıb: “Amma biz ibadətlərimizi, namazlarımızı evlərimizdə, ailələrimizin içərisində edirik”.

QMİ sədrinin fikrincə, Qurban bayramında vacib deyil ki, hər bir insan qurban kəssin: “Onun əvəzində yetimlərə, imkansızlara köməklik göstərə bilərlər”.

A.Paşazadə Qurban bayramı münasibətilə bütün Qafqaz xalqlarını, dünya ictimaiyyətini, müsəlmanları, xüsusən Azərbaycan müsəlmanlarını təbrik edib: “Allah təala onlara xoşbəxtlik versin, dövlətimizi qüvvətli etsin, dövlət başçımızı qorusun”.