Ağlayın, İlham müəllim, ağlayın-Jalə Mütəllimova
Ağlayın, İlham müəllim, ağlayın-Jalə Mütəllimova
07.09.2020 Jalə Mütəllimova Tərəfindən

Balalara insan kapitalı və mühit...

Hər kəs klan savaşı, iç siyasət, hakimiyyət döyüşü edə-edə, başı "işə" qarışıb. Iki şey unudulub. Xalq və balalar.
Bu ikisi olmasa nə dövlət olar, nə ailə, nə millət, nə də sərvət. Yəni uğruna "savaş" gedən heç nə olmaz.

Sözarası: Yazı üçün bu həm də son sözdür. Standartımıza əməl etməyə məcburam, səbirsiz, əşi, mız sevən bəzi insanlara da, məmurlara da sözü başqa cür eşitdirmək olmaz.

Başlayaq xalqdan. Xalq insanlardan ibarətdir. Onun sözü, səsi və istəyi olmazsa dövlət qurmaq mümkün deyil. Amma bu da əlahəzrət faktdır ki, bizdə seçkiyəcən və seçki günü yalvarılır xalqa, sonra hərə gedir öz işinin dalıyca.

Xalq o qədər də yaxşı olmayan güzaranı üçün deyinə-deyinə nəsə edir. Hətta sürünür. Haqqına girilir, əziyyət çəkir, hədələnir. Xeyli adam da xalqın olanları dövlətdən oğurlamaqla kef çəkir. Bir mühim məqam var. Xalq, insanlar bir-birinə kürəyini dayayıb durub. Guya dövlət olanlarsa bir-birinin kürəyindən vurub, malını oğurlayır, satır və ailəsinə əl uzadır. Bu qamarlayan, yığan, sataşan, vuran, tutan əl uzun illər çox güclü olur. Hamı onu qorxudan "sevir". Əslində həm də o məhşur cizgi filmindəki kimi barmaq silkələyirlər, "Bir dayan!"....

...Və gün gəlir o dayanır.

Əlindəki sərvətini alırlar. Varidatı azalır. Vəzifədən adamları qovulur. Özünü də qandallayıb məhkəmə qarşısına çıxarırlar. Bu "nağıl adamların" məhkəməsini az qala küçə itinə, pişiyinə belə açıq edirlər. Aparıb salırlar içəri sonra.
Təsəvvür edirsinizmi? Ömrü boyu zəhmət görməyən, ütülü əyin-başını, brend geyimini çıxarıb sənə olsa-olsa bir idman dəsti geydirirlər. Razindəki "levıy" sexlərdə tikilmiş idman dəsti. Belə oldu, keçmiş millət vəkili Ilham Əliyevin durumu. Özünün də, qudasının da...

 ...Düzü Azərbaycan kişisi ağlayanda başıma dünya uçur. Elə bilirəm hər yer dağılır, ya da dağılmaq üzrədir. Bu qədər zirvə idi bu millətdə, xarakter və kişilik.

Amma qız balasına görə məclis edən, saxlanılacağı ağlına gəlməyən sabiq deputat və bəlli müəllimin kürəkəni Ilham Əliyevi ağlayan görəndə məətəl qaldım. Zamanında adam tutduran, biznes quran, biznes "vuran", adam hədələyən, "kefimiz yaxşıdı" deyən biri, niyə qəfildən ağlasın axı... Yadıma BALA düşdü, bala...

O, ciddi-ciddi balasından nigarandır. Adam vəziyyəti təzə başa düşüb, əlçatmaz, toxunulmazlıq erasının bitdiyini anlayıb.Və baxır ki, balasına heç nə qoymayıb. Haramla qaznılan sərvətdən başqa. Ilham Əliyevin bu günü məncə hamıya dərsdir. Varlı, vəzifəli kişilərin, hamısına. Balanıza təkcə var dövlət, kapital yox, həm də mühit və insan kapitalı qoyun. Çünki sizə edə bilmədiyini, sizdən ala bilmədiyini, bir sözlə qisasını, mütlıq balalarınızdan alacaq pislikr etdiklərinizin balaları. Bu çox dəqiq və sadə məntiqdir. Heç nə təsadüf deyil. Hətta təsadüfün özü də vacib zərurətdir. Yəni o təsadüf ki, olur, o mütləq olmalıdır!

Gələk ona ki, az qala Ilham müəllimin müdafiəsinə qalxacaqdım. Ölkənin iki rəhbərindən, Prezident və vitse-prezidentdən üzr istəyib, qalanlara barmaq silkələməsəydi. Özü cəza kəsəcəyini deməsəydi.

Biri sayğı dəyərə desin ki, barmaq mediası öldü. Yaşasın milli Azərbaycan mediası.

Və o, ailəsinin etdiyi sayğısızlıqdan yana dövlət rəhbərliyindən, xalqdam və mediadan üzr dilənməli idi. Etmədi! Demək ki, səmimi deyildi. Demək ki, bu adamlara hələ inanmaq, yenidən güvənib, etibar etmək olmaz. Deməli hələ təhlükə var.

Hər kəsdən üzr istəsə idi. Bu bəlkə də onun balalarının gələcək insan və təhlükəsizlik kapitalı ola bilərdi. Amma deyəsən müəllim hələlik bu nüansı dəqiq anlamayıb. Balaları üçün qorxsa, sadəcə həyatlarını yaşamağa dövlət başçısından izn istəsə də, buna söz versə də, yenilmələrində dövlətə dəstək duran xalqa hirslidirlər. Bu qədər kişini, ailəsi qarşısında aciz günə qoymalarının mahiyyətini hələ anlamayıblar.

Nə deyim, bəlkə Azərbaycan kişilərinin yenə əvvəlki kimi ucalması üçün, Ilham müəllim kimi bir neçə kişini elə belə ağlatmaq gərəkdir. Odur ki, ağlayın, Ilham müəllim, ağlayın! Təmizlənmək üçün içindəki çirki necəsə axıda gərək adam, ən yaxşı yolu ağlamaqdır, hətta hönkürüb ağlayın!

...Və hər kəs klanlar savaşı, iç siyasət, hakimiyyət döyüşü edə-edə, başı işə qarışıb. Iki şey unudulub. Xalq və balalar...

Visiontv.az