Bu günün zireh geyinmiş Yezidləri....
10.09.2019

Bu günün zireh geyinmiş Yezidləri....

İnsanlar arasında yəqin ki, hər birimizin eşitdiyi sözlərdir susuzluqdan əziyyət çəkən adama su verərkən -"Yezidə lənət, su qədər ömrün olsun" və yaxud da ehtiyacı olana yardım edərkən -" İmamın ehsanı" olsun deyimləri. Əvvələr anlamırdım bu kəlmələri düzü. Amma vaxt gəldi, el içində deyilmiş hər bir sözdə böyük bir hikmətin gizləndiyinin şahidi oldum.

Yezid əslində kimdir və nə üçün "qıymaz"- adamlara yezid deyilir? Sosial şəbəkələrdə "İmam Hüseyn aşiqi" deyərək fəryad edənlər, arası kəsilməz paylaşımlar edərək diqqət çəkənlər, çöldə-bayırda özünü "Hüseyn aşiqi" kimi mərd göstərənlər bəs kimdir? Onların özlərini gözüyumulu "aşiq" adlandırmaqda məqsədləri nədir? Həqiqətənmi belə aşiqlər bu anlamı dərk edərək sözün məcazi mənasında özlərini "fəda" edirlər? Xüsusən də qəbul edilməyən, müsbət qarşılanmayan hərəkətlərlə.

Maraqlı məqamlar olduqca çoxdur. İlk olaraqsa bu "eşq"- sözünə və İmam Hüseynin kimliyinə nəzər yetirək.

İmam Hüseyn Hz. Məhəmmədin nəvəsi, Hz. Əlinin Hz. Fatimədən olan ikinci oğludur. Deyilənə görə Hz. Əlinin və Hz. Fatimədən iki oğlu olub. Oğlanlarından boyüyü İmam Həsən, ikincisi isə İmam Hüseyn olub. Bəzi mənbələrə görə hər ikisi təbiətcə bir-birilərindən fərqli olublar. Belə ki, İmam Həsən sülhsevər, İmam Hüseyn isə haqsızlıga heç bir zaman boyun əyməyən, son damla qanına qədər döyüşkən xarakerə malik olub. Elə bəlkə də, buna görə onun haqq yolunda "şəhid" olacağı Allah tərəfindən qabaqcadan seçilmişdir və hər kəsə o cümlədən özünə də əyan idi. O, Hz. Məhəmmədin sevimli nəvəsi olub. Məhz buna görə Hz. Məhəmməd həmişə deyərdi ki: " Hüseyn məndəndir, mən də Hüseyndən, onu sevən Allahı sevmiş olur"
Kərbala faciəsi haqqında hamımız eşitmişik.(10 oktyabr 680 ci ildə ildə Məhərrəmlik ayının 10- cu günündə baş vermişdir və Aşura adıyla tanınır) Ən çox da el arasında keçirilən Aşura mərasimlərdən bilirik ki, belə bir döyüş olub və imamımız Hüseyn o döyüşdə həlak olub. Amma düşünürəm ki, çoxlarımızın bu döyüşün əsl mahiyyətindən xəbərimiz yoxdur.
Kərbəla döyüşü və ya Kərbəla hadisəsi - Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn İbn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüşdür. Müharibə İmam Hüseynin atası Hz. Əli öldürüldükdən sonra hakimiyyətin qəddar Müaviyənin və daha sonra onun oğlu Yezidin əlinə keçməsi ilə başlayıb. Həyatını eyş- işrətlə keçirən Yezid hakimiyyətə gəldikdən sonra Mədinə şəhərinə - Əlinin oğlu Hüseynə məktub göndərərək şəhər valisinin ona tabe olmasını tələb edir, öz qəddarlığını tanımasını istəyir, xalqa zülüm verirdi. Əks halda onu öldürməklə hədələyirdi. Yezid xalqın İmam Hüseyni dəstəklədiyini yaxşı bilirdi. Hüseynin əsas hədəfi isə xilafəti düzgün idarə etmək, zülmə, haqsızlıga son qoymaq idi. Xalq ona inanir, zülümlərdən yaxa qurtarmaq üçün onun yanına köməyə gəlirdi. Bir tərəfdən də Yezid özünü dindar adlandırır, zahirində özünü din adamı, daxilində isə bildiyini edən, zülmkar, qəddar kimi tanıtdırırdi və Hüseynin də onun xəlifəliyini tanımasını istəyirdi. Vəziyyət belə olduqda Hüseyn tərəfdarları ilə birgə Küfə istiqamətdə 72 nəfər tərəfdarı ilə yola çıxdı və Yezidin 4500 nəfərlik ordusu üz- üzə gəldi, döyüşərək həlak oldu. Yezid döyüş meydanında bir daha iyrənc məxluq oldugunu göstərdi. Su verməməklə sınadı özünü. Adamlarını Fərat çayının yanında gözətçi qoydu, yolu kəsdi ki, İmam təslim olsun. Hətta İmamın susuz qalmış 6 aylıq körpəsinə belə qıydı. Oxla körpəni öldürtdü. Baxmayaraq ki, İmam körpəsinə su vermələri üçün Yezidə ağız açmışdı.

Din xadimləri deyirlər ki, : "Bilin ki, İmam Hüseyni (ə) xatırlamaq ibadət, xatırlatmaq isə İslamın özüdür. Çünki, onu xatırlamaqla "şəhid olmaq nədir, fədakarlıq nədir" bunu öyrənirik. İmam Hüseyn (ə) öz qanı ilə haqla batil arasındakı qırmızı xətti, cizgini çəkdi. Saxta müsəlmanları üzə çıxartdı və onları bizə tanıtdırdı. Bu gün İmam Hüseynin özü olmasa da, onun davamçıları vardır, Yezidin özü olmasa da, onun kimi düşünən ardıcılları vardır."
Bəli, gəldik əsas məqama. Bəli, Məhərrəmlik ayı və digər aylarda sosial şəbəkələrdə İmam Hüseyn haqqinda təhrif olunmuş fikirlər öz əksini tapır. Bəziləri onun döyüşməsinin əsl mahiyyətini unudub, onu xəlifəlikdə hakimiyyət davakarı kimi qələmə verirlər. Bəziləri isə gözüyumulu onu paylaşımları ilə "mədh" edirlər. Daxili məntiqsizliklər, onun keçirdiyi hissin bir damlasını belə duymayaraq edilən paylaşımlar insanlar arasında fərqli fikirlər irəli sürməyə, hətta qruplaşmalar, düşmənliklər yaradır. İnsanlar cahilcəsinə özləri öz aralarında böyük bir hasar çəkirlər.

Ancaq bütün müsəlman alimləri birmənalı olaraq onu mərd, haqqın müdafiəçisi kimi tanıyır. Hətta, sünni məzhəbdə də tarixən o, haqq tərəfdarı kimi qəbul edilib.
Bəs bu günün Yezidlər kimdir? Onları necə tanıyaq?
Belə bir müqayisə apara bilərik: "Bu gün kim ki, Yezidin yolu ilə gedir-başqalarının haqqını yeyir, qəddardır, zülümkardır, özünün ehtiyaclarını hamıdan üstün tutur, ancaq mən-mən deyir əlbəttə ki, onlar günümüzün "Yezidlər" i-dir. Özünün ehtiyacını hər şeydən üstün tutanlar heç bir zaman Hüseyni, onun fədakarlığını duya bilməzlər.

Qaldı Hüseynə xüsusi yas tutma ənənəsinə - özünü döymə, saç yolma və s. bu kimi şeylər günümüzdə hər kəs tərəfindən müsbət qarşılanmayan tendensiyadır. Axı, Hüseyni duymayan haqqın qədrini necə bilər? Saçını-başını yolmaqla, üzünü cırıb, özünü döyməklə sevgi bildirilərmi?

Hüseyn qəhrəmanlıgı öyrənmək istəyənlərə bir məktəbdir. Haqqın müdafiəçisi idi Hüseyn, zülmə haqsızlığa qarşı etirazçı idi, xalqının qeydinə qalan, yanan idi, Allaha etdiyi əhdə sadiq şəxsiyyət idi Hüseyn. Allahın kitabında deyilir: "Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər". (Əhzab surəsi, ayə 23)
Tanrı bəlkə də həmin döyüşlə yer üzərində xeyirlə şəri qarşılaşdıraraq bir daha İmam Hüseynin iştirakı ilə insan cəsarətini, dönməzliyini, haqsızlığa əyməzliyini göstərdi . Bu gündə məhz şər xeyir üzərində qələbə əldə edə bilmədi, cismani mənada məhv olan insan ruhən ölə bilmədi. Xeyir şər üz- üzə gəldi bu gün, Hüseyn həlak oldu, amma geriyə insanlara- MƏRHƏMƏTİ ehtiva etdi.
İndi siz deyin , "haqqın aşiqi" olan Hüseyni necə sevməmək, ona aşiq olmamaq olar?

İmam Hüseynin (ə) fərdi məqamından danışanda Qurani-Kərimdən bir neçə ayəni xatırlayaq:
1-İmam Hüseyn (ə) Allahın lütfüdür;
Allah-Taala buyurur:
"Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır". (Bəqərə surəsi, ayə 251)
İmam Hüseynə aid sözlərindən bir neçəsini təqdim edirik:
-Haqq üzərinə əməl edilmədiyini ve batildən da qaçınılmadığını görmürsünüzmü? Belə bir durumda, möminin ölümü arzulaması yerindədir. Mən ölümü səadət, zalımlarla yaşamağı isə aşağılıq bilirəm.
-Fərz olan cihadlardan biri, insanın özünü günahdan qoruması üçün nəfsi ilə cihad etməsidir. Həmin bu cihad, cihadların ən büyüyüdür…
-Ağıl, ancaq haqqa uymaqla kamil olur.
-Yaxşılıqlarla yarışın ve mənəvi qənimətləri əldə etməyə çalışın.

"Nə zaman bir fincan su içərsəniz məni xatırlayın"-deyən İmam Hüseyn həqiqətən də Haqq aşiqi idi. Bir damla suya həsrətkən Haqqı nahaqqa qurban verməməsi ilə bunu sübut etdi. Əlbəttə ki, ona olan sevgimizi bildirməyimiz özümüzü döyməklə deyil, daha xeyir əməllərlə özünü göstərməlidir. Qəlbimizdə və əməllərimizdə tək məhərrəmlik ayında deyil, hər zaman mərhəmət əkməliyik, ona su verib böyütməliyik və bunu yaxşı əməllərimizə köçürməliyik. Zənnimcə, bax bu zaman Hüseyni duya bilərik.