“Zəngəzur dəhlizinin qarantı kimi Türkiyənin indiki iqtidarı öz mövqeyini ortaya qoyacaq və o dəhliz açılacaq”
“Zəngəzur dəhlizinin qarantı kimi Türkiyənin indiki iqtidarı öz mövqeyini ortaya qoyacaq və o dəhliz açılacaq”
26.05.2023 MEDİA Tərəfindən

“Zəngəzur dəhlizinin qarantı kimi Türkiyənin indiki iqtidarı öz mövqeyini ortaya qoyacaq və o dəhliz açılacaq.”

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan TRT Haber-in canlı yayımında gündəmlə bağlı sualları cavablandırarkən bildirib.

“Kamal Kılıçdaroğlunun Azərbaycanın Zəngəzur dəhlizindən yan keçmə layihəsi var. Böyük əks-səda doğurdu. Bu dəhlizin əhəmiyyəti nədir?” sualına isə Oğan belə cavab verib:

“Bu dəhliz türk dünyası üçün nəfəs borusu xüsusiyyətinə malikdir. Türkiyənin hazırda türk dünyası ilə birbaşa əlaqəsi yoxdur. Zəngəzur dəhlizi bu quru əlaqəsini təmin edir. 44 gündə Qarabağda böyük qələbə qazanılacağını və müharibənin sonunda Zəngəzurdan dəhliz açıla biləcəyini və bunun Ermənistana qəbul etdiriləcəyi ağlımın, xəyalımın ucundan belə keçməzdi. Bu, böyük bir diplomatik uğurdur. Sən bu diplomatik uğuru gücləndirmək əvəzinə, çıxıb hansısa bir layihədən danışırsan. 

Sən bu dəhlizi mənasız etməyə çalışırsan. Hətta Çin belə Zəngəzur dəhlizindən istifadə etmək istəyərkən, sən qalxıb buradan yan keçəcək şəkildə hərəkət edərək, Ermənistan və İranın tarixi arzusunu həyata keçirmiş kimi olarsan. Təkcə HDP məsələsi deyil, bu məsələdə son dərəcə vacibdir. Mən ömrünü türk dünyasına həsr etmiş siyasətçiyəm. Ermənistanın könlü xoş olsun deyə Azərbaycanın tarixi bağlılığına məhəl qoymayacağam. Bu barədə söhbət belə gedə bilməz. Bu dəhliz bir turançı və bir türk millətçisi üçün vazkeçilməzdir. Bu dəhlizi düzgün başa düşmək lazımdır.

Qarabağda uğur qazanıldı, amma unutmaq olmaz ki, hələ də o uğuru boğmağa çalışan struktur var. İnşallah mayın 28-də yüksək səs çoxluğu ilə seçkilər keçiriləcək. Zəngəzur dəhlizinin qarantı olaraq Türkiyənin hazırki iqtidarı öz mövqeyini qoyacaq və o dəhliz açılacaq. O dəhliz açıldığı zaman bir turançı üçün bundan gözəl nə ola bilər?”

İlahə Əliyeva