Zəngəzur dəhlizindən əndişələnən region dövlətlərindən biri də, təəssüf ki, Gürcüstandır - Elçin Mirzəbəyli
Zəngəzur dəhlizindən əndişələnən region dövlətlərindən biri də, təəssüf ki, Gürcüstandır - Elçin Mirzəbəyli
30.07.2021 Elçin Mirzəbəyli Tərəfindən

44 günlük müharibə nəticəsində bölgədə yaranmış reallıqlar, həmçinin 10 noyabr 2020-ci il bəyanatının müddəalarının, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı hissəsinin həyata keçirilməsi ilə bağlı atılan addımlar, məğlub Ermənistan və “böyük bacısı” Fransanı, həmçinin “erməni məsələsi”ndən geosiyasi təzyiq vasitəsi kimi istifadə edən digər siyasi mərkəzləri seyil, regionun bəzi dövlətlərini də narahat edir.

Zəngəzur dəhlizindən əndişələnən region dövlətlərindən biri də, təəssüf ki, ən çətin günlərində dayaq olduğumuz, sayəmizdə qlobal enerji və nəqliyyat dəhlizlərinin ötürücü mərkəzləriundən birinə çevrilən Gürcüstandır. Bu ölkənin siyasi rəhbərliyi Zəngəzir dəhlizinin gerçəkləşəcəyi təqdirdə. yük daşınmaları ilə bağlı ağırlıq mərkəzinin dəyişəcəyini, Azərbaycan və Türkiyə üzərindən həyata keçirilən daşınmalar üçün daha sərfəli, az xərc tələb edən alternativlərin yaranacağını, bununla da Gürcüstanın həm regional təsir imkanlarından, həm də gəlirlərdən məhrum olacağını düşünürlər. Məhz bu baxımdan, Ermənistanı dolayısyla Zəngəzur dəhlizinə qarşı daha çox dirəniş göstərməyə sövq edir, Qərbdən verilən sifarişlər əsasında alternativ layihələrin işə salınmasına çalışırlar.

Ermənistan iqtisadiyyat nazirinin vəzifəsini icra edən Vaan Kerobyan və onun müavini Avaq Avanesyanın Gürcüstana iki günlük səfərinin təməlində də, yuxarıda qeyd etdiyim məqamlar dayanır.

Dünən Gürcüstanın maliyyə naziri Laşa Xuçaşvili ilə görüşən erməni rəsmilərin müzakirə etdikləri əsas mövzu da Gürcüstan ərazisindən tranzit yük daşınmaları ilə bağlı olub. Tərəflər çox güman ki, bu məqsədlə nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına çalışacaq, ABŞ və Fransanın, həmçinin Avropa İttifaqının bununla bağlı dəstəyini almağa cəhd göstərəcəklər.

Visiontv.az