Zelinski bütün müsəlman dünyasından üzr istədi
01.05.2019

Vladimir Zelenski: "Din ağrılı mövzudur və digər bir dinin həssas nöqtəsinə toxunmaq yaxşı deyil"

Vladimir Zelenski: "Din ağrılı mövzudur və digər bir dinin həssas nöqtəsinə toxunmaq yaxşı deyil"

 Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenski, verilişlərindən birində Çeçenistan rəhbəri Ramzan Kadırovun dua etdikdən sonra ağlaması kadrlarından istifadə etdiyinə görə müsəlmanlardan üzr istəyib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.


Zelenskinin sözlərinə görə, o, bu video-çarx barədə məlumatsız olub, çünki proqramı digər redaktor qrupu hazırlayıb: "Mənə zəng olundu və bu video barədə nə düşündüyüm soruşuldu. Mən bildirdim ki, çarxın məğzi barədə məlumatsızam. Mən yenidən baxaram".

"Din ağrılı mövzudur və digər bir dinin həssas nöqtəsinə toxunmaq yaxşı deyil. Müsəlman dünyası qarşısında mən öz uşaqlarımızın adından üzr istəyirəm" - deyə Zelenski vurğulayıb. 

Qeyd edək ki, verilişdə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun duadan sonra 2004-cü ildə terror aktları zamanı həlak olan atası üçün ağladığını əks etdirən kadrlar yayımlanıb. Montaj vasitəsilə Çeçenistan rəhbərinin aşırılan Lenin heykəli üçün ağladığı göstərilib.

Xatırladaq ki, Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) rəsmən Vladimir Zelenskini prezident seçkilərinin qalibi elan edib. MSK-nın məlumatına görə, o, seçkilərdə seçicilərin 73,23%-nin səsini toplayıb. Onun rəqibi, hazırkı prezidenti Pyotr Poroşenko isə 24,45% səs yığıb.

Zelenskinin inauqurasiya mərasiminin keçirilmə gününü Ali Rada təsdiqləməlidir. Qanunvericiliyə əsasən, inauqurasiya mərasimi seçkilərin rəsmən elan olunmasından 30 gün gec olmamaq şərti ilə keçirilməlidir. Bu halda isə inauqurasiya mərasimi mayın 30-a qədər keçirilməlidir.