Zaxarova Blinkenin “Yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər” bəyanatına münasibət bildirib
23.03.2023

Qərbin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına cəlb olunması ilə miqyaslı problemlər yaranmağa başladı.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Qərbin və Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına cəlb olunması ilə miqyaslı problemlər yaranmağa başladı. Onlar peyda olan kimi, miqyaslı problemlər yaranmağa başladı”, - Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.

Zaxarovanın sözlərinə görə, Qərbin sülh haqqında sözləri və yardım etmək istəkləri ilə bağlı bəyanatları reallıqda olan vəziyyətlə tamamilə ziddiyyət təşkil edir.

Rusiya XİN sözçüsü ABŞ dövlət katibi Entoni Blinkenin “Yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər” bəyanatına da münasibət bildirib: “Gəlin baş vermiş hadisəni şərh edək. Perspektivləri çoxları şərh edir. Lakin biz o mövqedən çıxış edirik ki, əvvəl bu (sülh sazişinin imzalanması-red.) baş verməlidir, sonra isə onu şərh etmək lazımdır. Biz hər zaman şərh verməyə hazırıq. Lakin burada şərh ediləsi bir şey yoxdur”.