Ailə Məcəlləsinə təklf edilən hazırki dəyişiklikləri millətimizin demoqrafik və bioloji təhlükəsizliyinə xidmət edən tarixi akt hesab edirik. Məhz Prezidentin imzası və təşəbbüsü ilə sənədin parlamentə daxil olması göstərir ki, ölkə rəhbəri sağlam və möhkəm ailə institutunu birinci sıraya qoyur.
Əvvəla, qadağan olunmayan Avropa ölkələrinin nümunəsi qüsurlu misaldır. Gerçək statistikaya baxsaq, Qərb dövlətlərində, məsələn, Britaniyada belə evliliklər çox azdır, çünki ənənələr, mədəniyyət sistemi özü buna yol vermir. Lakin digər nümunələr də var. 2009-cu ildə aparılan araşdırmaya əsasən, ərəb ölkələrində qohum evlilikləri yüksək nisbətə malikdir və nikahların 25-30%-nə çatır. İraqda ilk əmiuşağı evliliyi 33% təşkil edir.
Körfəz ölkələri potensial evli cütlüklərin genetik müayinədən keçməsini tələb edir. Qətər 2009-cu ildə məcburi test tətbiq edib. Dubayda yerləşən Ərəb Genomik Tədqiqatlar Mərkəzinin hesabatında ərəblərin dünyada ən yüksək genetik pozuntu nisbətinə sahib olduğu, üçdə ikisinin qohumluqla əlaqəliliyi aşkar edilib.
Sənəddə vurğulanır ki, belə nikahların artması qəbilə ənənələri və iqtisadi amillərlə birbaşa bağılıdır. "Zənginlər varlı və öz ailələrinə ərə getməyə meyllidirlər, sərvətlərini qorumağı sevirlər".
Qohum evlilikləri eyni zamanda, iqtisadiyyatı qapalı, savadsızlıq səviyyəsi yüksək, məlumatsız cəmiyyətlərdə də xüsusi çəkiyə malikdir. Pakistan və Hindistanda qohumluq nisbəti 50 faizdən yuxarıdır. UNICEF-in Uşaq Ölümünün Qiymətləndirilməsi üzrə 2017-nin hesabatına əsasən, Pakistan dünyada ən yüksək neonatal ölüm nisbətinə malikdir və hər 1000 nəfərə 46 ölüm düşür.
Tarixə qayıtsaq, Misir fironlarının sülaləsinin məhv olması səbəblərindən biri də qohumlar arasında evlilik olduğu təsdiqlənir. Genetiklər kral sülalərində qohum nikahların fizioloji anomaliyalara səbəb olduğu, uşaqların irsi xəstəliklərdən əziyyət çəkdiyini tədqiqatlarla sübut edirlər.
İslamlaşma ilə paralel, əmioğlu və əmiqızı nikahının müsəlmanlarda təhlükəsizlik, özünüqoruma amilinə çevrildiyi, iqtisadi fayda gətirdiyi, cehiz və digər öhdəliklərdən azad etdiyi qabardılmağa başlandı. Risqlərə rəğmən, qohum evliliklərinin sabit nikah münasibətləri, ailənin maddi problemlərini azaltması, nikahın asanlığı, qadın müstəqilliyini artırması, qayınata, qayınana ilə tez uyğunlaşma, daha az məişət zorakılığı, daha az boşanma nisbətləri kimi sosial və mədəni faydalara malik olduğu təbliğ edildi və indi də həmin arqumentlər layihənin əleyhinə çıxış edənlər tərəfindən vurğulanır. Soğru etsək, parlament üzvləri arasında da içərisində mən daxil, qohum evliliklərinin övladları təmsil olunur. Ona görə də kimin necə çıxış etməsi özü də bir testdir-doğma qan çağırır.
Peyğəmbər əleyhissalamın sevimli qızı Fatiməni ata tərəfdən əmisi oğlu Əliyə ərə verməsi bir çoxlarının istinadgahına çevrilib. Keşkə müqəddəslərimizin imanı, əxlaqı və ədaləti də belə təbliğ olunaydı. Bu evlilikdən sağlam və nəcib övladlar dünyaya gəldi. Əlbəttə, qüsurlu uşaqların doğulması təkcə qohumluqla bağlı deyil, ər-arvadın əcdadlarının gen vasitəsilə ötürülən xəstəlikləridir. Buna görə, ailə ağacları yaradılır. Əli və Fatimənin nümunəsində Peyğəmbər onların əcdadlarının sağlam olduğuna və bu evliliyin təhlükəsizliyinə əsaslanmışdı.
Biz ölkəmizin kiçik olması arqumentini keçərli saymırıq. Əhalisi 500 min nəfər olan ölkələr var. Biz 10 milyondan çoxuq. Qohum evliliyin ləğvi yeni qurulacaq ailələrin azalmasına səbəb olmayacaq. Çünki “qadağan olunan qohum nikahlar” – deyilərkən nənə-babası eyni olan 3-cü və 4-cü qohumlardan söhbət gedir. Ona görə də yasağın əcnəbilərlə nikahı stimullaşdıracağını iddia etmək əsassızdır.
1999-cu ilin məlumatına əsasən, 4 və daha çox uşaqların sayı 213 900 təşkil etdiyi halda, 2009-cu ildə isə onların sayı 126 700-ə düşüb. Göründüyü kimi, azalma 100 minə yaxındır və deməli, əmiuşaqların, dayıuşaqların sayında da azalma var.
Təəssüf ki, ölkəmizdə tayfaçılıq xüsusiyyətləri hələ də cəmiyyətimizə xasdır və bu, hər şeyi izah edir. “Bir çox azərbaycanlılar “kənar adamlara” inamsızdırlar, öz daşlarını öz divarlarına qoymağa, əmiuşaların nikahının göylərdə kəsildiyinə hələ də inanırlar. Bu da onların qapalı icmasına daxil olmayan hər kəs deməkdir.” Qohumlarından başqa hamı yad sayılır.
İnsan hüquqlarına gəlincə, ən böyük haqqı pozulan, gələcəkdə xəstə doğulan uşaqlardır. Təmsil etdiyim Mərkəzin keçirdiyi tədbirdə Hematologiya və Transfuziologiya institutunun rəhbəri söylədi ki, o cür evlənməyə cəlb edilən, yaxud sevdikləri iddia olunan cütlüklər bircə dəfə onların müəssisəsinə gəlsəydilər, qərarlarına yenidən baxardılar.
Qanun layihəsini müdafiə edir, nişanlanma və erkən evliklərə dair məsuliyyət tədbirlərini alqışlayırıq. Məktəblər və məscidlərimiz, müəllimlərimiz və din adamlarımız dövlətimizin qərarını əhalimizə düzgün çatdıracağına, onun sağlam ailə idealına xidmət etdiyini təbliğ edəcəklərinə inanırıq. Qohum evliliyə yox, evlənib qohum olmağa hə demək gərəkdir.
Millət vəkili Zahid Oruc
visiontv.az