“Yuxarıdan tapşırıq gəlmişdi ki, efirdə `Qarabağ şikəstəsi`ni çox verməyin, ermənilər qıcıqlanır”
28.11.2019

Qulu Məhərrəmli: “İndi də Qarabağ məsələsini unutdurmağa çalışan qüvvələr var”

Visiontv.az tanınmış telejurnalist, professor Qulu Məhərrəmlinin Modern.az saytına verdiyi müsahibəni təqdim edir.  

- Qulu müəllim, Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, problemləri vaxtilə birbaşa efirdən ictimaiyyətə çatdıran jurnalistlərdənsiniz. Sizcə, bu gün də problemi efirdən o səviyyədə çatdıra bilirikmi?
 

- Münaqişə davam etsə də, bu gün daha o gün deyil. Belə təsəvvür yaranır ki, Qarabağ mövzusu elə bir-iki adamın boyuna biçilib. Əslində əvvəllər də təxminən belə olub. Təsəvvür edin, hələ 1996-cı ildə Çapay Sultanov kitabında yazırdı ki, mətbuat Qarabağ mövzusuna lazımi diqqət yetirmir. Kitabda belə bir qeyd var: “Qarabağ problemi sanki unudulmuş kimi görünür. Nə yaxşı ki, Azərbaycan Televiziyasında bu mövzunu diqqət mərkəzində saxlayan Qulu Məhərrəmli və Samir Əsgərxanov kimi jurnalistlər var”. Vəziyyət dəyişməyib, bir-iki saytı və qəzeti çıxmaq şərtilə bu gün də həmin biganəlikdir.


- Qarabağ münaqişəsinin əvvəlki vaxtlarda unudulması qeyri-mümkün olmalı idi. Çünki həmin vaxtlar yaramız lap təzə idi.
 

- Başqalarını deyə bilmərəm, mən əvvəldən bu məsələlərin içində olmuşam. 2013-də “Zamanın rəngləri”adlı məqalələr toplusu kitabımı çap etdirmişəm. Baxıram ki, oradakı yazıların 70 faizi Qarabağ mövzusundadır.


- Dediyiniz həmin o 90-cı illərin ortalarında televiziyada Qarabağ probleminin işıqlandırılması hansı formada aparılırdı?
 

Əslində Qarabağ probleminin işıqlandırılması prosesin özü kimi mürəkkəb və çoxmərhələlidir. İlkin dövrdə hadisələrə bir qədər emosional reaksiya göstərilirdi. İnsanlar haqlı olaraq vahid ölkə daxilində bir respublikadan ərazi qoparılmasını anlaya bilmirdilər. 1988-ci ilin fevralında Azərbaycana qarşı ərazi iddiası açıq şəkildə ortaya çıxanda bizdə çox güclü emosional reaksiya oldu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi ilə bağlı vilayət soveti qərar qəbul edəndən sonra vəziyyət daha da kəskinləşdi. Aydındır, o zaman xalq hərəkatının oyanış vaxtı idi. Əsasən insanların emosiyaları üzərində formalaşmış davranış üstün idi. Mətbuat da bunu emosional formada işıqlandırırdı. Xarici mənbələr o zaman çox deyildi. Əsas informasiya mənbəyimiz Rusiya telekanalları, “Azadlıq”  radiosu, BBC və “Amerikanın səsi” radiosu idi. Moskva televiziyası lap əvvəldən ermənipərəst və qızışdırıcı mövqe tuturdu. Münaqişənin ilk illərində Azərbaycan mətbuatı partiya nəzarətində olduğu üçün Mərkəzi Komitənin ağzına baxırdı. Orda da milli damarı olmayan və mərkəzdən qorxan səlahiyyət sahibləri heç bir yol göstərə bilmirdilər...

Həmin günlərdə “Xəbərlər” daha çox diqqət mərkəzində idi. Baş redaktor Ənvər Qafarlıya müstəqil işləməyə imkan verməsələr də, o, müxtəlif formalarda bu problemin ekranda olmasına çalışırdı. Mən həmin dövrdə AzTV-də gündəlik siyasi icmalların verildiyi “Beynəlxalq həyat” redaksiyasına rəhbərlik edirdim. “Planetimiz bu gün” adlı verilişlərimiz efirə canlı gedirdi. Bəzən mövzuya birbaşa aidiyyatı olmasa da, biz xarici mətbuata istinadən Qarabağ problemi ilə bağlı müəyyən məlumatlar verməyə, hadisələrə münasibət bildirməyə çalışırdıq.

Bəs bu məlumatlar senzuradan necə keçirdi? Hər halda, televiziya rəhbərliyi də dediyiniz Mərkəzi Komitədən asılı idi...


- Verdiyimiz məlumatlar sırf informativ idi və konkret mənbələrə əsaslanırdı. Digər tərəfdən, belə hiss olunurdu ki, həm TV rəhbərliyi, həm də senzorların bəziləri o məlumatların verilməsinə loyal yanaşırdılar. Digər tərəfdən, bizim siyasi icmalçılarımız olan professorlar-Seyfəddin Qəndilov, Murtuz Ələsgərov, Həmid Əliyev  respublikada çox yaxşı tanınırdılar. Xatırlayıram ki, dosent Sabir Xəlilov bu məsələlərdə bəzən hədsiz çılğın mövqe tuturdu, Qüdrət Əbdülsəlimzadə isə daha təmkinli idi. Həmin adamlar, xüsusən o dövrdə icmalçılar qrupuna yeni cəlb etdiyimiz gənc politoloqlar - Aydın Musayev, Zabil İsayev, Cəmil Həsənli, Qabil Hüseynli, Musa Qasımlı, Mübariz Qurbanlı Qarabağ probleminə dair çox maraqlı çıxışları ilə diqqəti cəlb edə bilirdilər. Amma bizim “partizanlığımız” çox sürmədi, 20 yanvar hadisələrindən sonra sərt senzura altında işləməyə məcbur olduq. Həm də yeni sədr Qeysər Xəlilovun əmri ilə verilişimiz canlı deyil, videoya yazılır, baxılıb sonra efirə verilirdi.


- Bəs o vaxt qəzetlər Qarabağ problemini necə işıqlandırırdı? İnsanlar gerçəkləri televiziyadan olduğu kimi, yazılı mətbuatdan da əldə etmək istəyirdilər.


- Hadisələr yeni başlayanda özəl qəzetlər (onlar sonradan gizli çap olunmağa başladı) yox idi, hökumət qəzetləri isə susur, yaxşı halda xalqları barışığa çağırırdı. Yalnız Nəcəf Nəcəfovun “Molodyoj Azerbaydjana” qəzeti və bir də Məmməd İsmayılın “Gənclik” jurnalı bu mövzuda sərbəst yazılar verirdi. Sonra bu sıraya Qarabağa Xalq Yardımı Komitəsinin orqanı kimi fəliyyətə başlamış “Azərbaycan” qəzeti yeni bir dalğa kimi qoşuldu. Sabir Rüstəmxanlının rəhbərlik bu qəzet Qarabağ problemi ilə bağlı həyəcan təbili çalaraq, bütün millətin düşüncəsini dəyişə bildi.


- Tam olaraq münaqişə ilə bağlı ictimaiyyətə informasiyanın verilməsində hansı nöqsanlar var idi?
 

- İlkin dövrdə bir sistemsizlik vardı, məlumatlar xəbər kimi yox, təşviqat materialı kimi, həm də çox yarımçıq çatdırılırdı. Hesab edirəm ki, bu məsələlərin işıqlandırılmasında ən ciddi məsələ AzTV-nin Azadlıq meydanındakı mitinqdən birbaşa yayım verməsi oldu. Sədr Elşad Quliyev bu addımın atılmasına nail olmaqla ölkədəki informasiya böhranını aradan qaldırmış oldu. Artıq bütün ölkə əhalisi bildi ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürür, Moskva buna göz yumur və xalq buna qarşıdır. 


- Qarabağ məsələsinin efirdən işıqlandırılması üçün o zamankı hakimiyyət hansı addımlar atırdı? Başqa sözlə, hansı məhdudiyyətlər qoyulurdu?


Mən bununla bağlı əvvəldə 1-2 məsələyə toxundum. Əslində yanlış olan ümumi siyasət bundan ibarət idi ki, Qarabağ hadisələri ilə bağlı informasiya verilməsin, ümumiyyətlə, bu barədə danışılmasın. Hətta o zamanlar Mərkəzi Komitədə ideoloji məsələlərə baxan adamlardan belə əcaib tapşırıq gəlmişdi ki, efirdə “Qarabağ şikəstəsi”ni çox verməyin, guya Stepanakertdəki ermənilər bundan çox qıcıqlanırlar (?!). 
20 Yanvar faciəsi ərəfəsində də Mərkəzi Komitədən belə “maraqlı” tapşırıqlar daha çox verilirdi. Halbuki, həmin vaxtlarda ölkə qaynar qazan kimi coşub-daşırdı, insanlar Moskvanın ədalətsizliyi ilə yanaşı, respublika rəhbərliyinin də fəaliyyətsizliyinə etiraz edirdilər. Adamlar başa düşürdü ki, Moskva hadisələrin böyüməsi və millətlərarası toqquşmalara çevrilməsində maraqlıdır.  Xüsusi xidmət orqanları Qarabağ münaqişəsini elə şəkildə alovlandırırdılar ki, Moskva həm proseslərə tam nəzarət edə bilsin, həm də  Qarabağ münaqişəsi vasitəsilə Ermənistanı və Azərbaycanı asılılıqda saxlaya bilsin. O dövrün siyasəti belə idi və indi də  SSRİ-nin varisi olaraq Rusiya həmin siyasəti davam etdirir.


- İngilis jurnalist Tomas De Vaal öz kitabında Qarabağ münaqişəsi ilə bağlı daha geniş və həqiqətləri çılpaqlığı ilə yazıb. Təbii ki, o kitabı siz də oxumusuz. Maraqlıdır, Qarabağdan yazan əcnəbi jurnalistlər hansı düşüncədə idilər? Münaqişəyə necə yanaşırdılar?


Əlbəttə, digər jurnalistlər kimi Tomas De Vaalla da münasibətlərimiz vardı. Keçən il Türkiyədə olarkən  mən Tomasın həmin kitabını satışda türk dilində gördüm. Heyf ki, bu illərdə onun kimi obyektiv jurnalistlərə az-az rast gəldik. Ancaq biləsiniz ki, münaqişənin ilk illərində regiona gələn əcnəbi jurnalistlərin sayı çox deyildi. Ümumiyyətlə, Avropada bu münaqişəyə çox da maraq göstərmirdilər, biz özümüz də bu məsələdə çox bacarıqlı deyildik.

1993-cü ildə mən TİKA-nın dəstəyi ilə Fransaya 10 günlük səfər etdim. Bu səfər çərçivəsində “Frans-press” Agentliyində də olduq. Jurnalistlərdən Qarabağ münaqişəsini necə işıqlandırdıqlarını soruşdum, az məlumatlı olduqlarını gördüm, məlumat bazalarında cəmi 2-3 xəbər var idi. O dövrdə biz də, ermənilər də daha çox Moskva xətti ilə təbliğat aparmağa çalışırdıq. Daha sonra ermənilərin birbaşa mənbələri və əlavə təbliğat maşınları meydana çıxdı. Onlar müxtəlif xətlər, xüsusilə, Şərq istiqamətində Beyrut, Qərb istiqamətində Paris, Amerika xətti ilə informasiya siyasətini daha da dərinləşdirdilər. Mənə elə gəlir ki, müəyyən mənada uduşları da oldu.


- 1992-ci ildə Azərbaycanın BMT-yə qəbul olunması postsovet məkanında birmənalı qarşılanmadı. Həmin vaxtları necə xatırlayırsınız?
 

- O zaman dünya ictimaiyyəti SSRİ-nin daha sürətlə dağılmasının tərəfdarı idi. Azərbaycanın BMT-yə müraciət etməsi ilə qəbul olunması arasında müddət qısa oldu. Düzdür, Moskva buna ciddi şəkildə mane olmağa çalışırdı. Dövlətlər arasında bəzi şərtlər də qoyuldu. Xüsusilə Türkiyə prezidenti Turqut Özalla danışıqlar gedirdi ki, Azərbaycanın müstəqilliyini tanımasınlar, ancaq bunun əksi baş verdi. Pakistan Türkiyə və Rumıniya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər  oldu. Bundan sonra proseslər davam etdi. Təbii ki, Azərbaycanın BMT-yə üzv qəbul olunması çətin və mürəkkəb dövrə təsadüf edirdi. Həmin tarixi şəraitdə Sovet İmperiyasını çökdürmək Qərb üçün çox önəmli idi.


- Səhv etmirəmsə, soyqırımı törədilməzdən bir müddət əvvəl siz Xocalıda olmuşdunuz...
 

-  Xocalıya ezamiyyətə getmişdik, real vəziyyət barədə materiallar hazırlamalı idik. Xocalıya gediş yalnız vertolyotla mümkün idi, amma bir ay əvvəl noyabrın 20-də Qarakənd səmasında vertolyotun vurulmasından sonra bu nəqliyyat növündə gediş də çox təhlükəli idi. Biz Xocalıya uçanda mən adamların üzündəki təlaş və vahiməni aydınca sezirdim. 1991-ci ilin dekabr ayının axırlarında Xocalıya getdik və orada həyatın tam söndüyünün şahidi olduq. Düzdü, uşaqlar məktəbə gedirdi. Ancaq insanların əsas düşüncəsi həyatlarını təhlükədən qorumaqla bağlı idi. Bunu görüşdüyümüz icra başçısı Elman Məmmədov da dilə gətirdi. Adamların çoxu Mütəllibov hakimiyyətindən narazılıqlarını gizlətmir, hökumətin onları yaxşı qorumadığı barədə şikayət edirdilər.


- Xocalıda çoxmu qaldız?
                                                                       

- Təxminən 10 gün. Çünki Yeni il günləri idi və geri uçmağa veryolyot olmadığından biz orada qalmağa məcbur olduq. Bir də yanvarın ya 6-sı, ya da 8-i geri qayıtdıq. Yeni ili orada qarşıladıq.


- Həmin günlər Xocalıda Yeni il əhvalı duyulurdumu?
 

- Xüsusi bayram ovqatı hiss olunmurdu, adamlar başlarının hayında idilər, amma təbii ki, ilin dəyişməsi hardasa hiss olunurdu. Evlərdə insanlar az da olsa şənlənirdilər, bu isə kədər və ümidsizlik içində bir işartı idi. Bizi də bayram axşamı bir neçə evə qonaq çağırmışdılar. Artıq adamların çoxu AzTV-nin 3 nəfərlik çəkiliş qrupunun Xoclıdan çıxa bilməməsi barədə məlumatlı idilər. Biz daha çox Milli Ordunun 21 nəfərdən ibarət bölməsi ilə təmasda olurduq. Milli Qəhrəman Aqil Quliyevin rəhbərlik etdiyi əsgərlər “Aqroprom” deyilən binada yerləşmişdilər, ciddi intizamları vardı, çox qoçaq uşaqlar idilər. Yerli əhali bu əsgərlərin gəlişindən çox ruhlanmışdı.