YOLUXUCU XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR
09.04.2019

İSMAYILLIDA HEYVANLAR ARASINDA İTİ YOLUXUCU XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR

2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq İsmayıllı rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, İsmayıllı rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər İsmayıllı Rayon Baytarlıq İdarəsinin 20 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

İsmayıllı Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 50849 baş iribuynuzlu, 1602 baş təkdırnaqlı heyvanda, 172 baş donuzda qarayara, 2915 baş sahibli itdə quduzluq, 68380 baş xırdabuynuzlu heyvanda çiçək və 463185 baş cücədə nyukasıl (“La-sota” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 4500 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Eləcə də 2318 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb.

Fevral ayından İsmayıllı rayonu ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 51547 baş iribuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə İsmayıllı Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 33650 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Hazırda Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 51765 baş iribuynuzlu, 180730 baş xırdabuynuzlu, 304 baş donuz, 17053 arı ailəsi və 281885 başdan artıq ev quşuna baytarlıq xidməti göstərir.

İsmayıllı rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda nodulyar dermatit, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.   

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. 

İSMAYILLIDA HEYVANLAR ARASINDA İTİ YOLUXUCU XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR
İSMAYILLIDA HEYVANLAR ARASINDA İTİ YOLUXUCU XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR
İSMAYILLIDA HEYVANLAR ARASINDA İTİ YOLUXUCU XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR

agro.gov.az