Yerli icra hakimiyyətlərinə alternativ xidmət tətbiq olunacaq? - Ekspert Elvin Abbasov açıqlayır
Yerli icra hakimiyyətlərinə alternativ xidmət tətbiq olunacaq? - Ekspert Elvin Abbasov açıqlayır
19.10.2021 Elvin ABBASOV Tərəfindən

“Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılması hədəflənən “Rəqəmsal icra hakimiyyəti” portalının dizaynı təqdim olunub, tezliklə vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır. Pilot versiyalar Gəncə şəhəri, Quba və Masallı rayonlarını əhatə edir”. Visiontv.az bildirir ki, bunu Bakıvaxtı.az-a İKT mütəxəssisi Elvin Abbasov bildirib.

Ekspert hesab edir ki, vətəndaşların icra hakimiyyəti ilə olan ünsiyyətinin elektron müstəviyə keçirilməsi çox vacib məsələlərdən biridir: “Bu istiqamətdə rəqəmsallaşma mərhələli formada həyata keçməlidir. Dizaynı yeni təqdim olunan “Rəqəmsal icra hakimiyyəti” portalı qərar qəbuletmə prosesində operativliyin artırılmasına, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsinə, vətəndaşların vaxtına qənaət edilməsinə, müraciət prosesinin asanlaşdırılmasına, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib.

Hal-hazırda bütün icra hakimiyyətlərinin veb saytı mövcuddur (örnək: http://ganja-ih.gov.az/). Burada statik və dinamik bölmələr var. Elektron xidmətlər bölməsində isə bir form və müxtəlif keçidlər mövcuddur. Hər bir halda mövcud icra hakimiyyətlərinin saytları müasir standartlara cavab vermir və elektron xidmət sahəsində yetərsizdir.

EHİM təqdim etdiyi “Rəqəmsal icra hakimiyyəti” dizaynı (Gəncə: http://ehim.design/s/yihrisportal) isə mövcud icra hakimiyyətlərinin veb saytlarındakı məlumatlandırıcı xarakterli statik və dinamik bölmələri görmədim. Sadəliyi və müasirliyi əks etdirən yeni dizaynda proseslərin elektron iş axınları təqdim edilib.

Hesab edirəm ki, təqdimat vaxtından öncə oldu. Kifayət qədər sual yaradan məqamlar var. Ümid edirəm ki, icra hakimiyyətlərinin internetə iki fərqli çıxışı olmaz. Bu iki layihə vahid portala çevrilər.

E.Abbasov qeyd edib ki, bu layihədə hədəflənən funksionallıq vətəndaş qəbulu, elektron xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla dörd istiqamətdə vətəndaşlara elektron xidmətin göstərilməsi ilə bağlıdır: “Həmçinin vətəndaşlar tərəfindən xidmətlərə müraciət prosesi, eyni zamanda yerli icra hakimiyyətləri üçün yaradılmış idarəetmə panelində iş axını, hesabatlılıq modulu kimi bir çox funksionallıqlar nəzərdə tutulub.

• “Vətəndaş qəbulu” bölməsi vasitəsilə bölgədə yaşayan vətəndaşlar yerli icra hakimiyyəti orqanları ilə onlayn və ya fiziki görüş təyin edə bilərlər;

• “Elektron xidmətlər” bölməsində elektronlaşdırılması mümkün olan xidmətlər təqdim olunub;

• “Elektron iştirakçılıq” bölməsində yerli icra hakimiyyəti orqanları həyata keçirilməsi planlaşdırılan layihələr və yeniliklər haqqında vətəndaşların fikir və münasibətlərini öyrənə biləcəklər. Bununla yanaşı, burada vətəndaşlar və yerli icra hakimiyyəti orqanları onlayn sorğu yaratmaq və vətəndaş səsvermələrini izləmək imkanı əldə edəcəklər. Bu bölmə regionlarda data əsaslı qərarvermə və vətəndaş inklüzivliyinə dəstək göstərmək məqsədilə yaradılıb;

• “Məlumatlandırma” bölməsi vasitəsilə yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər haqqında məlumat əldə etmək mümkün olacaq”.

Ekspert qeyd edib ki, yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması Dövlət Agentliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” layihəsi çərçivəsində həyata keçirilir.