Yeni Allah yaranmayacaq...-jurnalist Bəybala Mirzəyev
Yeni Allah yaranmayacaq...-jurnalist Bəybala Mirzəyev
08.07.2020 Bəybala Mirzəyev Tərəfindən

Çox dəyərli dostlarımızdan biri yazıb ki, "Yeni Allah, yeni din, yeni həyat, yeni dünya yaxınlaşır. Din adlı bir şey qalmadı, məscid, sinaqoq, kilsə bağlı, Kəbə evi bağlı. Ateizm asta-asta həyatımıza girib, özümüz də hiss etmədən".

Bu fikirdə çox dərin bir ziddiyət var. Bəli, pandemiya dinləri aciz duruma saldı. Bəli, dini məkanlar müvəqqəti bağlandı. Bəli, bu il Həcc ziyarəti də olmayacaq. Amma bütün bunlar yeni dinin yaranmasının ərəfəsi deyil. Yeni din yaranmayacaq. Bəşəriyyət yeni dinə hamilə deyil. Allahın da yeni din göndərmək fikri yoxdur.

Əlbəttə, yeni həyat, yeni dünya yaxınlaşır. Pandemiya yeni həyat tərzinə və yeni dünyaya keçid etməyimiz üçün vasitə, körpü rolunu oynayacaq. Həyatımız bir xeyli dərəcədə digitallaşacaq, rəqəmsallaşacaq, onlaynlaşacaq. Lakin...... yeni Allah yaranmayacaq.

Çünki Allah doğmur və doğulmur. Çünki Allah əzəli və əbədidir. Çünki Allah bütün baş verənlərin fövqündədir. Və baş verənlər də Allahın iradəsindən kənarda deyil, Onun iradəsi çərçivəsində baş verir.

Ateizm həyatımızdan çıxmamışdı ki, asta-asta girsin də. Bizim toplumun tən yarısı həmişə ateist, digər yarısı isə həmişə inanclı, imanlı olub. Düzdür, bəzən nisbətlər, faizlər dəyişə bilir. Amma koronavirus inancı sıxışdırıb həyatımızdan çıxarmadı. Əksinə, koronavirus inancları daha da möhkəmləndirdi.

Və nə qədər paradoksal, təzadlı görsənsə də, COVID-19 ateistlərin ateist inancını da möhkəmləndirdi.

Beləliklə, indi hər kəs öz inancında sabitdir. Koronavirus sadəcə olaraq hər iki kəsimin - dindarların da, ateistlərin də inanclarını format edir, yeniləyir.

Odur ki, özümüzü ateizmin dinə qalib gəldiyinə inandırıb sevinməyə tələsməyək. Və Nitsşe kimi "Tanrı öldü" deyib vaxtından tez qərar verməyək. Çünki son söz haqqı bəndənin, son hökm haqqı isə Tanrınındır!

Visiontv.az