Yəmən husiləri (“Ənsarallah” Hərəkatı) son altı həftə ərzində ümumi dəyəri 200 milyon dollar olan yeddi ABŞ “Raeper” pilotsuz təyyarəsini (PUA) vurublar. Bu da husilərə qarşı əməliyyatlar zamanı ABŞ ordusu üçün ən böyük itkilərdən biridir.
“Associated Press” agentliyi ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb .
Rəsmilər keçən həftə üç Amerika pilotsuz təyyarəsinin vurulduğunu bildiriblər. Qeyd olunur ki, hazırkı şəraitdə hava əməliyyatının genişləndirilməsi ABŞ Hərbi Hava Qüvvələrinin texnikaları üçün riskləri artıra bilər.
Mənbələrə görə, bu qədər pilotsuz təyyarənin məhv edilməsi husilərin Amerikanın zərbələrinə qarşı mübarizə üsullarını təkmilləşdirdiyini göstərir. Həmçinin rəsmilər “Ənsarallah”a qarşı əməliyyatların uğurla davam etdiyinə əmindirlər.
Pentaqon bundan əvvəl husilərin komanda məntəqələrinə, silah anbarlarına və istehsal sahələrinə, hava hücumundan müdafiə mövqelərinə və şəxsi heyətin cəmləşdiyi ərazilərə ümumilikdə 800 zərbə endirdiyini açıqlamışdı.
visiontv.az