Yəhudilərin daşı...
Yəhudilərin daşı...
04.05.2022 Bəybala Mirzəyev Tərəfindən

Bu daş deyəsən həqiqətən də çox ağırmış və bu daş bu dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başına düşdü.

Onun İtaliyanın "Mediaset" telekanalına verdiyi müsahibəsində işlətdiyi antiyəhudi (antisemit) fikirlər nəinki geniş rezonans doğurdu, hətta zəlzələ effekti verdi.

Ukraynada nasizmin yayılmasından danışan Lavrova italyan jurnalist Zelenskinin yəhudi olmasını xatırlatsa da. lakin jurnalistin bu xatırlatması Lavrovu dayandırmaq əvəzinə, onu daha da dərinə getməyə həvəsləndirdi.

Rusiya XİN-in başçısı jurnalistin sözünə “Nə olsun ki? Hitlerin də yəhudi qarışığı vardı” deyərək reaksiya verdi və beləliklə, Zelenskini Hitlerə bənzətdi.

Sitat:

"O (yəni Zelenski) bir arqument irəli sürür: əgər o, yəhudidirsə, onlarda hansısa nasizmdən söhbət belə gedə bilməz. Mən səhv edə bilərəm, amma Hitlerdə də yəhudi qanı var idi. Bu, tamamilə heç nə demək deyil. Müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər adətən yəhudilərin içindən çıxır".

Lavrovun bu cür əcaib fikirləri haqlı olaraq dünyada, o cümlədən, İsraildə kəskin etirazla qarşılandı.

İsrailin Baş naziri Natali Bennet, xarici işlər naziri Yair Lapid, diaspor ilə əlaqələr üzrə nazir Naxman Şay və digər rəsmilər Rusiya XİN başçısının məlum açıqlamasını yəhudi düşmənçiliyi kimi, nasizm kimi qiymətləndiriblər.

Bunların arasında Yair Lapidin açıqlaması xüsusilə kəskinliyi ilə fərqlənir. İsrail XİN-in başçısı rusiyalı həmkarının sözlərini irqçiliyin ən rəzil səviyyəsi kimi qiymətləndirib:

“Holokost zamanı yəhudilər özlərini öldürməyiblər. Yəhudilərin özünü antisemitizmdə ittiham etmək – yəhudilərə münasibətdə irqçiliyin ən rəzil səviyyəsidir, bağışlanmayan, hədsiz və kobud tarixi səhvdir”.

Yair Lapid həmçinin Rusiyanın İsraildəki səfiri Anatoly Viktorovun XİN-ə çağırılaraq, məsələyə aydınlıq gətirilməsini, səfirdən izahat istənilməsini tapşırıb.

İsrailin diaspor ilə əlaqələr üzrə naziri Naxman Şay bildirib ki, “Hitlerin yəhudi qanı olmayıb, bu iyrənc yalanın təkrarı tarixdəki ən ağır antisemit cinayətlərə görə məsuliyyəti yəhudilərin üzərinə qoymaqdır”.

Rusiya-Ukrayna müharibəsi Putinin komanda üzvlərinin (nazirlərinin və generallarının) fərsiz, nadan və qeyri-peşəkar olmalarını bütün çılpaqlığı ilə üzə çıxardı. Lavrovun bu son açıqlaması isə lap biabırçılıq oldu.

Dünyada heç bir peşəkar diplomat bu cür ölçülüb-biçilməmiş açıqlamalar verib özünü hiddət və qınaq hədəfinə çevirməz. Görünür Lavrov və Putinin digər nazirləri tarazlığı artıq tamamilə itiriblər.

Bu gün Putinin özünün Ukraynaya qarşı yürütdüyü siyasətdən nasizm və faşizm iyi gəldiyi halda, Ukraynanı və Ukrayna liderini nasizmdə ittiham etmək, üstəgəl yəhudiləri də bura pərçim eləmək Rusiyanın baş diplomatına baş ucalığı gətirmir.

Lavrovun Hitlerin “yəhudi qanı” ilə bağlı qalmaqallı açıqlaması ilk növbədə Rusiyanın özünə ağır zərbə vuracaq. İndiyə qədər balansı və tərəfsizliyi saxlamağa çalışan İsrail dövləti Lavrovun bu ağır xətasından sonra yəqin ki, mövqeyini və tərəfini bəlli edəcək, açıq şəkildə Ukraynanı dəstəkləməyə başlayacaq. Bu da Lavrovun təcrübəli diplomatlığının biabırçı nəticəsi.
Necə deyərlər, Rusiyanın ordusu kimi diplomatiyası da bərbadmış.

Bəybala Mirzəyev

Visiontv.az