Yaxşı diplomat özünə "qamçı" vurdurmaz...
Yaxşı diplomat özünə "qamçı" vurdurmaz...
06.05.2022 Bəybala Mirzəyev Tərəfindən

Sözüm Rusiya XİN-in başçısı Sergey Lavrovu "usta diplomat", "böyük strateq", "təcrübəli nazir" hesab edən bəzi soydaşlarımızadır: əgər Lavrov sizin düşündüyünüz qədər də həqiqətən də diplomatiya dahisi olsaydı, onda Putin öz xarici işlər nazirinin nadan açıqlamasına görə İsrailin baş nazirindən üzr istəmək məcburiyyətində qalmazdı.

İsrail mediası xəbər verir ki, bu gün İsrailin baş naziri Naftali Bennet və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

İsrail Baş nazirinin ofisinin yaydığı məlumata görə, əvvəlcə Putin Benneti İsrailin Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib. Daha sonra isə tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın "Rete-4" telekanalına açıqlamasında səsləndirdiyi məlum qalmaqallı fikirlər barədə danışıblar.

Putin Lavrovun sözlərinə görə üzrxahlıq edib.

N.Bennet onun üzrxahlığını qəbul edib və yəhudi xalqına, eləcə də Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə hətta Putinə təşəkkür də edib.

Bax belə.

Putinin komanda üzvləri (nazirləri və generalları) qeyri-adekvat hərəkətləri və açıqlamaları ilə Putini "yandıra-yandıra" gedirlər.
Son 71 gün ərzində onun komanda üzvləri öz səriştəsizlikləri ilə Putini mütəmadi olaraq məyus etməkdədirlər.
Ukraynaya qarşı başlatdığı işğalçı müharibə ucbatından Rusiyanın bu son günlərdə sivil ölkələrdən təkcə İsraillə az-çox normal münasibətləri qalmışdı. Lakin "müdrik" baş diplomat Lavrovun qıcqırmış ağlının (daha doğrusu, dilinin) sayəsində bu ölkə də Rusiyadan üz döndərdi.

Bilirəm, indi bəziləri deyəcək ki, Lavrov uzaqgörən adamdır və o, yəhudilərlə bağlı qalmaqallı fikirləri qəsdən söyləyib və bununla guya, Putinə sarsıdıcı zərbə vurmaq istəyib, bla-bla-bla...

Bəziləri də deyir ki, guya, Lavrov yaxasını Putinin əlindən qurtarmaq, Ukraynaya qarşı müharibənin məsuliyyətindən qaçmaq istəyir, ona görə belə bir təxribatçı açıqlama verib ki, Putin qəzəblənsin və onu vəzifəsindən azad etsin...

Bütün bu kimi arqumentlər hamısı sadəcə fantaziya "məhsul"udur, cəfəngiyyatdır.

Əvvəla, məşhur bir məsəldə deyildiyi kimi, atları keçiddə dəyişmirlər.

İkincisi də ki, Lavrov bundan sonra hətta bunu istəsə belə, yenə də yaxasını kənara çəkə bilməz. Çünki artıq çox gecdir. Lavrov xirtdəyəcən bu müharibə cinayətinin içərisindədir. Və iş gedib Beynəlxalq Haaqa Məhkəməsinə çıxarsa, Lavrovu da mühakimə edəcəklər. Ona ən azından ömürlük həbs cəzası veriləcək. Bu baxımdan, Lavrovun hazırda komandanı tərk etməsi imkansızdır.
Komandanı tərk etmək istəyən bunu vaxtında edərdi. Məsələn, Anatoli Çubays kimi. Lavrov isə bu şansını da əlindən verdi. İndi də yeganə ümidi yalnız möcüzəyə qalıb. Çünki geriyə yol yoxdur.

Bu yerdə isə bizim mərhum yazıçımız İlyas Əfəndiyevin məşhur bir romanının - "Geriyə baxma, qoca" avtobioqrafik romanının adı yadıma düşür...

Bəybala Mirzəyev

Visiontv.az