Yaxın aylarda Rusiya resurs çatışmazlığı ilə üzləşəcək: Ukrayna əks hücuma keçə biləcək
Yaxın aylarda Rusiya resurs çatışmazlığı ilə üzləşəcək: Ukrayna əks hücuma keçə biləcək
23.06.2022 MEDİA Tərəfindən

Britaniya kəşfiyyatının məlumatına görə, yaxın bir neçə ay ərzində Rusiyanın Ukraynadakı hücumu resursların tükənməsi səbəbindən səngiyəcək. Reuters agentliyi xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson bir qrup Avropa qəzetinə müsahibəsində bildirib.

Conson vurğulayıb ki, rus işğalçıları Donbasda irəliləyir, Ukrayna yaşayış məntəqələrini dağıtır, canlı qüvvə və texnikada ciddi itkilər verir: "Lakin bizim hərbi kəşfiyyat xidmətimiz hesab edir ki, yaxın bir neçə ay ərzində Rusiya Federasiyası resursları tükəndiyi üçün irəliyə doğru hərəkət etməyəcək bir nöqtəyə gələ bilər".

Onun sözlərinə görə, indiki məqamda Ukraynanın tərəfdaşları ona hərbi əməliyyatların axarını döndərməyə kömək etməlidir.

"Mən bunu G7 sammitində (gələn həftə sonu Almaniyada baş tutacaq) müzakirə edəcəyəm. Ukraynalılar əks-hücum əməliyyatına başlamaq üçün bizdən tələb etdikləri hərbi texnika və silah-sursat yardımına dəstək verməliyik", - Conson bildirib.

“Rusiya prezidenti Vladimir Putin üçün Ukraynanın qələbəsi və ya məğlubiyyəti necə olacaq” sualına Conson belə cavab verib: “Biz heç olmasa fevralın 24-dən əvvəlki status-kvonu bərpa edək”.

Əli Əliyev

visiontv.az