"YAŞAT"ın təhsil xərcini ödədiyi şəxslərin sayı açıqlanıb
"YAŞAT"ın təhsil xərcini ödədiyi şəxslərin sayı açıqlanıb
24.06.2022 YAŞAT Fondu Tərəfindən

"YAŞAT" Fondunun təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üzrə xərcləri açıqlanıb.

Visiontv.az xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

O bildirib ki, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 176 və yaralıların 39 müraciəti olmaqla ümumilikdə 215 müraciət təmin edilib.

"Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 254 637.99 AZN vəsait qarşılanıb. Təhsil haqqı qarşılanan 94 şəxsin ödənişi Fond tərəfindən, 72 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən həyata keçirilib.

Elvin Hüseynovun sözlərinə görə, 2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. Cari günədək 47 şəxsə (29 şəhid ailə üzvü və 18 yaralı) 2000 AZN vəsait köçürülüb.