XVIII Zirvə Görüşü Azərbaycana mühüm dividendlər gətirəcək - RƏYLƏR
26.10.2019

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi Cənubi Qafqaz regionunun aparıcı dövlətini dünyada və qlobal diplomatiyada daha çox tanıdacaq.

Visiontv.az bildirir ki, bunu Trend-ə belaruslu ekspert Yuri Şevtsov deyib.

Onun sözlərinə görə, bu amil Azərbaycana beynəlxalq əlaqələrini genişləndirməyə imkan verəcək:

"Fikrimcə, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ölkənin onsuz da yüksək olan nüfuzunu daha da yüksəldəcək".

Ekspert bildirib ki, Qoşulmama Hərəkatının xüsusiyyəti ilk növbədə Asiya ölkələrinin geniş təmsil olunmasıdır.

BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatın toplantısının Bakıda keçirilməsi və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Pərvin Kərimzadə deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü ölkədir: "Regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb.

Azərbaycan uğurla inkişaf edir, ölkəmizin dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi etməsi ölkəmizin müstəqillik tarixində ən böyük siyasi hadisələrdən biridir. Həmçinin, 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından ölkəmizə mühüm dividendlər gətirəcək".

P.Kərimzadə qeyd edib ki, Qoşulmama Hərəkatının üzvləri bloklara qoşulmayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində mövcud olan konfliktlərin sülh yolu ilə həll olunmasına dair mövqe ortaya qoyan bir hərəkatdır: "Bu Hərəkat üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı formalaşıb.

Ərazi bütövlüyümüzün dəstəklənməsi üçün ölkəmizin digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünə, onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət edən Hərəkatda iştirak Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyimizin üzv dövlətlərin diqqətinə çatdırılması baxımından da çox əhəmiyyətlidir. Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən Sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini bildirib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırışlar ediblər. Bu ilin iyul ayında Hərəkat üzvləri tərəfindən Venesuela Respublikasının Karakas şəhərində keçirilən Nazirlər Şurasının yekun sənədində də oxşar mövqe ortaya qoyulub.