Xarici mediada Formula 1 Azərbaycan Qran-Prisi barədə 20 minə yaxın xəbər yayımlanıb
16.06.2022

Bakı altıncı dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi etdi. Avtoidmanın zirvəsi hesab olunan Formula 1 yarışlarını işıqlandırmaq üçün hər il yüzlərlə xarici jurnalist Bakıya səfər edir. Qlobal televiziya izləyicisi 1,55 milyard olan Formula 1 yarışlarını ESPN, Sky Sports, Motorsport, Autosport kimi bir çox nüfuzlu idman kanalları və informasiya agentlikləri işıqlandırır.

Visiontv.az  xəbər verir ki, təkcə yarış həftəsonunda Bakı yürüşü barədə xarici mediada yayımlanan xəbər sayı 20 minə çatıb.

Ənənəvi media ilə yanaşı, Azərbaycan Qran-Prisi sosial mediada da gündəmdə olub. Təkcə Formula 1-in yutub kanalında Bakı yarışı haqqında video izləyicisinin sayı artıq 6 milyonu keçib. Tviterdə isə yarış zamanı #AzerbaijanGP həştəqinin 128 milyon görüntüsü olub.

Hər zaman gözlənilməz anlarla dolu olan Azərbaycan Qran-Prisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib. ESPN-in verdiyi məlumata əsasən, ötən il Formula 1 Azərbaycan Qran-Prisi ABŞ-da son iki ildə ən çox izlənilən avtoidman yarışı (1.04 milyon izləyici ilə) adına layiq görülərək həmin ilin Monako Qran Prisinin rekord izləyici sayını üstələyib.

Bundan başqa, Bakı yarışı ABŞ-ın məşhur onlayn platforması "Netflix"də yayımlanan “Drive to survive” serialında dörd mövsümdür ki, yayımlanır. Beşinci mövsümün çəkilişi üçün yaradıcı qrup Bakı yarışını lentə alıb. Qeyd edək ki, bu platformanın qlobal olaraq 221 milyon abunəçisi var.