Xanhüseyn Kazımlı öz yerinə qızını deputat seçdirmək istəyir
09.01.2020

V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımova namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb.

Visiontv.az xəbər verir ki, onun sənədləri DSK-ya ötən gün təqdim olunub.

Milli Məclisin deputatı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı özü namizədliyini irəli sürmədiyini bildirib.

O, vurğulayıb ki, rəhbərlik etdiyi partiya dövlət başçısının kursuna uyğun siyasət müəyyənləşdirir. X. Kazımlı dövlət başçısına rəsmi şəkildə müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

“Zati-alilari!

Əziz və möhtərəm Prezidentimiz!

Mən, Kazımlı Xanhüseyn Hüseynağa oğlu İmişli rayonunun, Ağaməmmədli kəndindənəm. I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilərək (Hazırda Biləsuvar rayonundan seçilmişəm) müstəqilliyimizi quranlara və Azərbaycanı çiçəkləndirərək, yaşadanlara əlimdən gələn səviyyədə xidmət etmişəm.

Bir deputat olaraq, ötən zamanlarda olan fəaliyyətimi və Azərbaycan Macarıstan üzrə Parlamentlərarası dostluq qrupunun sədri kimi Macarıstan Prezidentinin şəxsi imzaladığı medalla təltif edilmişəm. Müxtəlif mükafatlara da layiq görülmüşəm.

Siz icazə versəniz, mən hər hansı bölgədənsə, Milli Məclisin üzvü seçilməyimə razı deyiləm. Əvəzimdə isə Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini, 1992-ci ildən iqtisad elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində doktorluq işi hazır olan, öz bilik və bacarığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin “Tənzimləmə” kafedrasının əməkdaşı, “Böyük siyasətin davamı”, “Faciələrimiz unudulmayacaqdır”, “Azərbaycanlılara qarşı ermənilərin soyqrımı” əsərlərinin müəlliflərindən biri (sonuncunun müəllifi) olan Kazımova Əsli Xanhüseyn qızının namizədliyini (1981-ci il təvəllüdlü) doğulduğum diyardan verərdim”.

Bakuws