(v)İranxana bayquşlarının qisası: Hacı Şahinə olan sevgidən faydalanmaq niyyəti
(v)İranxana bayquşlarının qisası: Hacı Şahinə olan sevgidən faydalanmaq niyyəti
07.03.2023 Elçin Mirzəbəyli Tərəfindən

Hacı Şahin Həsənlinin vaxtsız ölümü hər kəsin ürəyinə toxunub. Dinə və onun ayrı-ayrı fərdlərin həyatındakı roluna, ehkam və dəyərlərinə münasibətdə tamamilə fərqli baxışlara sahib olan insanların Şahin bəyin vaxtsız və qəfil ölümündən sarsılmaları, hisslərini, düşüncələrini mübaliğəsiz, boyasız, rəng qatmadan ifadə etmələri də sübuta yetirir ki, o ilk növbədə dürüst, səmimi bir azərbaycanlı, bir insan kimi sevilib. Heç şübhəsiz ki, bu sevgini Hacı Şahin Həsənli sağlığında, öz yaşam tərzi, davranışları, vətənsevərliyi, şəxsinə olan sevgidən sui-istifadə etməmək kimi hər kəsə nəsib olmayan özəlliyi ilə qazanıb...

Hacı Şahin həmvətənlərinin ona olan səmimi sevgisindən sui-istifadə etmədiyi kimi, ölümündən sonra da ona olan münasibətdən, vətəndaşlıq, qardaşlıq, insanlıq sevgisindən doğan hissləri də istismar etmək lazım deyil.

Mərhumun məzarı başında hər gecə keçirilən, dinimizə, daşıdığımız dəyərlərə, bir xalq olaraq dünyagörüşümüzə aidiyyatı olmayan rituallar isə Hacı Şahin Həsənliyə olan qardaşlıq, yurddaşlıq sevgisinin ölçüyə, çərçivəyə sığmayan şəkildə istismarıdır.

Hazırda rəhmətlik Hacı Şahinin məzarı başında, xüsusilə də gecə saatlarında keçirilən “şaxsey-vaxsey” mərasimlərini “ritual” adlandırmağım da təsadüfi deyil. Bütün bunlar islamaqədərki dövrün yas və “yuğlama” mərasimlərinin, yenə də İslama heç bir aidiyyatı olmayan siyasi-ideoloji motivlərlə pərdələnmiş təzahürləridir. Hacı Şahin və onun kimi imanını sevgi ilə ifadə edən insanlar hər zaman bu qəbildən olan, ifratçılığın sərhədlərini dəfələrlə aşıb-keçən ritualların əleyhinə olublar.

Allaha iman gətirənlər, onun mərhəmətinə, ədalətinə sığınanlar hansı səbəblərdən haqq dünyasına qovuşan, sağlığında sevgi qazanmış bir insan üçün özlərinə fiziki xəsarət yetirməli, Yaradanın əmanəti olan cismlərini döyməli, üz-gözlərini cırmalıdırlar? Heç cahiliyyə dövrünün insanları belə ifratçılığa varmırdılar. Bütün bunlar İslam deyil, heç sevgi də deyil, Allahın sevmədiyi və müqəddəs Kitabında lənətlədiyi davranışlardır.

Görünür, vaxtilə Hacı Şahin Həsənlinin Azərbaycana olan sevgisindən, sədaqətindən, təbliğ etdiyi dəyərlərdən qəzəblənən (v)İranxana bayquşları qisaslarını, yenə də özlərinə uyğun ikrah doğuran vasitələrlə almaq niyyətinə düşüblər. Bütün bu baş verənlərə başqa ad qoymaq mümkün deyil. Bu hörmətsizlikdir! Bu Hacı Şahin Həsənliyə olan sevgidən faydalanmaq niyyətinin ən ucuz nümunəsidir və bütün bunlara dərhal son qoymaq lazımdır.

Biz qürurlu bir xalqın, millətin nümayəndələriyik. Vətənimizin bütövlüyü uğrunda müqəddəs savaşda oğlunun, həyat yoldaşının, qardaşının tabutunu çiyinlərinə alıb yürüyən ana və bacılarımızın, üçrəngli bayrağı bağrına basıb “Vətən sağ olsun” deyən atalarımızın qürurlu, əsl azərbaycanlıya və müsəlmana xas olan davranışları da milli ruhumuzu, gerçək kimliyimizi nümayiş etdirir.

Hacı Şahin Həsənlinin məzarı başında düzənlənən rituallar isə bir millət olaraq qürurumuza, bir ümmət olaraq əqidəmizə, əxlaqımıza, imanımıza yaraşmır!

Elçin Mirzəbəyli

visiontv.az