Universitet rektorunun evinə basqın edib arvadının başına oyun açdılar - BAKIDA
02.07.2019

Bakıda törədilmiş quldurluq cinayəti ilə bağlı həbs edilən və məhkəmə tərəfindən təqsirli bilinərək barəsində azadlıqdan məhrumetmə cəzası verilmiş qadın Ali Məhkəməyə müraciət edib.

VisionTV.az-ın News24.az-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci, yəni, quldurluq - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə maddəsi ilə məhkum edilmiş Bağırzadə Zenfira Tofiq qızı Ali Məhkəmədən onun işinə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İş hakim Fərhad Əliyevin icraatına verilib.

Qeyd edək ki, quldurluq hadisəsi 2016-cı ilin may ayında Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında baş verib. Həmin ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65 000 manat və 15000 manat dəyərində qızıl əşyalar aparıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Şirinov 12 il 6 ay, Y. Qasımov 12 il 6 ay, S. Hüseynov 10 il, C. Hümbətov isə 10 il 6 ay, Z. Bağırzadə isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Onların apelyasiya şikayəti təmin edilməyib.