"Ümumi Qafqaz evi" Ermənistansız reallaşa bilməz - Azər Rəşidoğlu
"Ümumi Qafqaz evi" Ermənistansız reallaşa bilməz - Azər Rəşidoğlu
15.12.2020 Azər Rəşidoğlu Tərəfindən

"Ümumi Qafqaz evi", Cənubi Qafqaz ölkələrinin biriliyi ideyası çox müzakirə edilir.

Ermənistansız bu ideya reallaşa bilməz. Ermənilər isə heç vaxt anti-türk, anti-Azərbaycan düşmənçiliyindən əl çəkməyəcəklər. Azərbaycan Gürcüstana qarşı həmişə xoşniyyətli olub. Hətta faşist Qamsaxurdiyanın zamanında da, Bakı Tiflisə qarşı addım atmayıb. Baxmayaraq ki, Şevernadze Heydər Əliyevin ayağının altını qazıyan adam olub, onun dönəmində də Bakı Gürcüstanla münasibətlərə xoş yanaşıb. Gürcüstan NATO-ya inteqrasiya yolunu seçən bir ölkə olaraq maraqlı tərəfdaşdır. Lakin Tiflis Borçalı əhalisinin problemlərini görməzdən gələ bilməz.

İran və Rusiya müstəqil Azərbaycan ideyasını qəbul etmək istəmir. Bu baxımdan, Gürcüstan - Rusiya - İran - Ermənistan - Türkiyə - Azərbaycan formatı da alınmayacaq. Bakı və Ankaranı əməkdaşlığa yalnız eyni dil, din və kültür birləşdirmir, eyni zamanda eyni maraqlar birləşdirir. Ərdoğan və İlham Əliyev tarixin yaratdığı bu şansı anlayırlar və ondan bəhrələnmək istəyirlər. Təbii ki, yaxın və uzaq qonşularımız bunu istəmir.

İstənilən halda Türkiyəyə Xəzərə və Orta Asiyaya çıxış əldə etmək vacibdir. Bu yol isə Azərbaycandan keçir. Özümüz haqqında bədbin fikirdə olmayaq. Coğrafiyamız önəmimizi artırır. Ən əsas potensialımız isə Azərbaycan insanıdır. Bu insan ən yaxşı yaşayışa layiq və qadirdir!

Visiontv.az