20.09.2020
Axtar
Gündəlik
alt

Dövlət şirkətləri pul xərcləyən yox, pul qazanan şirkətlər kimi fəaliyyət göstərməlidir-deputat Nəsib Məhəməliyev

Prezident İlham Əliyev koronovirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə ölkəmiz üçün son dərəcə vacib məsələlərə toxunmuşdur.

Açığını desəm keçmiş nəqliyyatçı kimi belə bir müşavirənin keçirilməsini çoxdan gözləyirdim. Çünki Azərbaycan, öz iqtisadiyyatını, bazar iqtisadiyyatı prinsipləri üzərində qurmuş ölkədir. Bazar iqtisadiyyatı şəraitində isə, qeyri-rentabelli müəssisələrin, şirkətlərin fəaliyyəti mümkün deyil. Hər bir təsərrüfat subyekti nəinki özü-özünü tam maliyyələşdirməli, eyni zamanda dövlət büdcəsinin formalaşmasında donor kimi iştirak etməlidir. Effektiv menecmentliyi tətbiq etməklə sosial inkişaf fondunun yaradılması üçün sistemli şəkildə vəsait ayırmalıdırlar. Çox təəssüf ki, bizim dövlət büdcəsinin gəlir hissəsinin icrasını təmin etməli olan dövlət şirkətləri öz funksiyalarını yerinə yetirmirlər. Əlavə olaraq hər il davamlı şəkildə büdcədən ayrılan maliyyə yardımları ilə kifayətlənməyərək, üstəlik dövlət zəmanətilə xarici banklardan kreditlər alınır. Ölkə Başçısı tamamilə haqlı olaraq həmin şirkətlərin fəaliyyətini tənqid etdi. Necə ola bilər ki, Azərbaycanda dövlət büdcəsinin 75%-i sahibkarlardan yığılan vergilərin hesabına icra olunur. Ancaq, Dövlət şirkətlərinin vergi payı olduqca aşağı səviyyədədir. Bu anormallıqdır. Dünyanın heç bir ölkəsində təsərrüfat yönümlü dövlət şirkətlərinə yaradılmayan şərait, Azərbaycanda yaradılmağına baxmayaraq, bizim şirkətlər yarıtmaz idarəetməyə görə iqtisadiyyatımıza külli miqdarda ziyan vururlar. Onlar nəinki gəlirlə işləmir, hətta özlərini maliyyələşdirə bilmirlər. Bu isə dözülməzdir. Qeyd etmək lazımdır ki, o şirkətlərin hər birində dövlətin payı 50% və daha çoxdur. Ona görə də, təbii olaraq gəlirin 50%-i də büdcəyə ödənməlidir. Reallıqda isə vəziyyət başqa cürdür. “Azərbaycan hava yolları”, “Dəmir yollar”, “Xəzər dəniz gəmiçiliyi”,”Dövlət Neft Şirkəti” və digər şirkətlərin fəaliyyəti üçün ən münbit şərait yaradılmışdır. Praktiki olaraq, onların hər birisi öz sahələrində monopolist rolunu oynayırlar. Bazar iqtisadiyyatı şəraitində monopolist olmaq, heç bir cüzi belə risk olmadan 100%-lik qazanc deməkdir. Üstəlik təyyarələr, lokomotivlər, vaqonlar, gəmilər dövlət tərəfindən alınır. Hava limanları, digər nəqliyyat infrastrukturu dövlət vəsaiti hesabına tikilir. Başqa ölkələrdə nəqliyyat vasitələri həmin şirkətlər tərəfindən alınır, infrastruk isə icarəyə götürülür. Fəaliyyətləri isə, ciddi rəqabət şəraitində həyata keçirilir. Bununla belə dövlət büdcəsinə vergiləri ödəməklə yanaşı, bir çox sosial layihələrdə iştirak edir, sponsorluq fəaliyyətilə məşğul olurlar. Yəni normal iqtisadi fəaliyyət budur. Cənab Prezident idarəetmədə buraxılmış nöqsanlar barədə məlumatın hazırlanması üçün ciddi tapşırıqlar verdi. Hesab edirəm ki, dövlət şirkətləri bundan sonra pul xərcləyən şirkətlər yox, pul qazanan şirkətlər kimi fəaliyyət göstərəcəklər. Hər bir layihə, ələlxüsus iri tutumlu maliyyə vəsaitləri tələb edən layihələr, ciddi texniki-iqtisadi ekspertizadan keçməli, uzun müddətli iqtisadi effektliyi sübut olunmalıdır. Belə layihələrin müzakirəsi bütün maraqlı tərəflərin rəyindən sonra təsdiq olunmalıdır. Düşünürəm ki, belə bir vacib müşavirənin keçirilməsi, xalqımızın ürəyincə olmaqla bərabər sahibkarlığın, ümumiyyətlə, iqtisadiyyatın inkişafına çox böyük təkan olacaqdır.

visiontv.az

Şərh