Ukrayna limanlarından buğda ixracı böyük uğurdur - Qırğızıstan xarici işlər naziri
Ukrayna limanlarından buğda ixracı böyük uğurdur - Qırğızıstan xarici işlər naziri
18.08.2022 MEDİA Tərəfindən

"Prezident Ərdoğan və xarici işlər naziri Çavuşoğlunun Ukraynadakı vasitəçilik siyasətini dəstəkləyirik. Ukrayna limanlarından buğda ixracı böyük uğurdur."

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyədə rəsmi səfərdə olan Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev Anadolu Agentliyinə verdiyi açıqlamada bildirib. 

Türkiyə ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərə toxunan Kulubayev, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini xatırladıb.

Ukraynadakı münaqişə səbəbindən Qırğızıstanda və Orta Asiyada bütün məhsulların qiymətində artım müşahidə olunduğunu söyləyən Kulubayev, buna görə də region ölkələrinin ərzaq təhlükəsizliyi üçün alternativ yollar axtardığını vurğulayıb. 

Türkiyə və BMT-nin təşəbbüsü ilə imzalanan taxıl dəhlizi sazişinə toxunan Kulubayev, "Prezident Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun Ukraynadakı vasitəçilik siyasətini dəstəkləyirik. Ukrayna limanlarından buğda ixracı böyük uğurdur. Bu, qlobal ərzaq təhlükəsizliyinə müsbət təsir göstərdi” deyə qeyd edib.

İlahə Əliyeva