"Türkiyə Rusiya ilə birgə Bayraktar TB2 hazırlamayacaq"
"Türkiyə Rusiya ilə birgə Bayraktar TB2 hazırlamayacaq"
31.07.2022 Bəybala Mirzəyev Tərəfindən

Türkiyənin Müdafiə sənayesi naziri İsmail Dəmir Rusiya prezidentinin Türkiyə ilə "Bayraktar" dronlarını birgə istehsalı ilə bağlı təklifi ətrafında söz-söhbətlərə nöqtə qoydu.

Belə ki, İsmayıl Dəmir bəyan edib ki, Türkiyə hökuməti Rusiyanı "Bayraktar" pilotsuz uçan aparatlarının birgə istehsalının həyata keçirilməsi üçün ehtimal olunan tərəfdaşı hesab etmir və hazırda Türkiyə belə bir əməkdaşlıqda maraqlı deyil, ona görə də, bununla bağlı danışıqlardan imtina edir.

Beləliklə, son günlər ekspertlər camiəsində və siyasi dairələrdə qızğın müzakirə predmetinə çevrilmiş bu məsələyə tam aydınlıq gətirildi. Bəlli oldu ki, hazırda Türkiyə Rusiya ilə "Bayraktar" pilotsuz təyyarələrinin birgə istehsalı imkanını nəzərdən keçirmir. 

Zatən bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi də bu mövzuda oxşar açıqlama vermişdi. Hərçənd ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında bu sahədə əməkdaşlığı mümkün hesab edir və çox güman ki, bu məsələ Türkiyə və Rusiya prezidentlərinin qarşıdakı görüşündə (avqustun 5-də) müzakirə olunacaq.

Rusiya və Türkiyənin hərbi-sənaye sahəsində əməkdaşlıq etdiyi məsələlər olsa da, lakin "Bayraktar"ların birgə istehsalı ilə bağlı Rusiya tərəfinin istəyi yəqin ki, elə istək olaraq da qalacaq.

Bəybala Mirzəyev

Visiontv.az