Türkiyə ilə konfederasiya gerçəklər və xəyallar-Bayram Quliyev
12.08.2020

Tovuz döyüşlərindən sonra Türkiyə Cümhuriyyətinin ordusu Naxçıvan ərazisinə daxil oldu və birlikdə hərbi təlimlər baş tutdu. Heç şübhəsiz ki, bu hal daxildə və xaricdə Türkiyə qabardılması əsasında Türkü və Türklüyü sevməyənləri çox narahat etdi.

Onların yerində mən də olsam narahat olardım. Çünki, qulu olduğum xarici güclərdir məni “saxlayan”.
Hətta bu durumu 1918-ci il, Bakının ermənilərdən təmizlənməsi kimi də yanlışcasına yozanlar oldu. İlk öncə deyim ki, nə zaman o zaman deyil, nə də ki,

Bakı erməni işğalı altında deyil. Nə Osmanlı imperiyası var, nə də Azərbaycan 1918-ci ildəki Azərbaycandır. Bunu metaforik belə olsa həmin olaylarla bağlantılı bir şəkildə göstərmək elmi yanlışlıqdan başqa bir şey deyil.

Amma Türk ordusunun Azərbaycanda qalması fikri ilə sonuna qədər razıyam, çünki bizim hazırda başqa yolumuz yoxdur. İstər Azərbaycanın Türk əhalisi olsun, istərsə də qeyri-Türk əhalisi olsun tək çıxış yolumuz budur. Çünki, nə hər fürsətdə ermənilərə dayaq olduğunu göstərən, 40 milyonluq Azərbaycan Türkünün dilini əlindən alan İrana, nə də ki, bir əsrə qədər bizə qan udduran, elitar – ziyalı qisminin nəslini kəsən, bizi rüşvətə və hər çür əxlaqsızlığa alışdıran Rusiyaya güvən olmaz.

Keçək reallığa. Hələdə də Türkiyə və Azərbaycan arasında viza sistemi və 3 aydan artıq yaşamama yasağı var ikən, Türk filmlərini Azərbaycan Türkcəsinə dublyaj edərkən, Türkiyə-Azərbaycan arasında geniş təhsil proqramları olmazkən, təhsil sistemimizdə uçurum sayılacaq qədər fərqlər var kən (Rusiya təhsil sistemimə daha yaxınıq, istəyirsiniz qəbul etməyin), Rusiyanın iki universitetinin filialı Bakıda olarkən, Türkiyənin bir universitetinin filialı olmazkən, Bakının demək olar ki, yarısının rusca təhsil aldığı halda, barmaqla sayılacaq qədər Türk liseyləri varkən hansı konfederasiyadan danışırıq ki biz? Sizcə rus dilində təhsil almış biri ki, dil mənsub olduğu ölkəyə qarşı rəğbəti şüur altında artırır, Türkiyyəni necə qəbul edəcək? Ümumiyyətlə dünyanın elə bir ölkəsi vardırmı ki, ərazisində yad dildə bu qədər geniş təhsil vermiş olsun və bu alt təhsil, hətta doktorantura səviyyəsində tətbiq olunsun.
 Türkiyədə hələdə Azərbaycanı tarixi əsərlərində görməzkən, Səfəviləri İran şiə dövləti kimi qəbul edərkən, Elxaniləri İran-Moğol sülaləsi sanarkən, Çaldıran savaşını zəfər kimi qəbul edərkən konfederasiyanın mövcud olacağına inanmaq sadəcə saflıqdır. Birdən-birə Azərbaycan tarixi dəyişəcəkmi? Türk sülalələrinə həsr olunmuş neçə kitabda Səfəvilərin adı var? Biz ən qədimdən Azərbaycanda yaşadığımızı iddia edərkən Türklər Səlcuqlularla birlikdə Anadoluya gəldiklərinə inanırlarsa, biz necə fikrimizi dəyişə bilərik və fikir uyumuna nail ola bilərik?

Xarici siyasətimiz nə qədər oxşardır bəs? Biz daim yanımızda olan və bizə dəstək olan İsraili dəstələrkən, Türkiyə Cümhuriyyətində ermənini dəstəkləyib, Qarabağı tanıyan Fələstinə sevgi duyur. Bunu necə tənzimləyəcəyik? Niyə bizim vahid iqtisadi sistemimiz yoxdur? Niyə Türk Respublikalarının hərəsi bir “qardaşın” təsirindədir, niyə Türk respublikaları hərəsi özlüyündə özünü orijinal hesab edir və ümumi mədəniyyətə “mənimdir” nəzəri ilə yanaşır. Niyə Qazaxıstanda Tomris filmi çəkillir və orda Azərbaycanı görməzdən gəlinir və Kitabi Dədəm Qorquda belə sadəcə bizimdir iddiası var? Niyə Türk dövlətləri bizə yad və düşmən olan ərəblərə geniş diqqət ayırdığı halda Çin işğəncəsinə məruz qalan Uyğurların soyqırımına göz yumur. Uyğur uşaqları ailələrindən alınıb manqurtlaşdırılır və biz buna səssiz qalırıq. Sizcə bütün bunlar varkən hansı Türk Birliyindən söz etmək olar? O ki qaldı konfederasiya.

Visiontv.az