Türkiyə-Ermənistan danışıqları baş tutacaqsa...
Türkiyə-Ermənistan danışıqları baş tutacaqsa...
23.11.2021 Sahib Alıyev Tərəfindən

İrəvanda Türkiyə-Ermənistan əlaqələrinin yoluna qoyulmasında vasitəçi gözündə indi də Rusiyanın görüldüyünün açıqlanmasının, məncə iki səbəbi var.

Səbəblərdən biri odur ki,  Ermənistan rəhbərliyi Kremlin təklifindən yayınaraq cənab İlham Əliyevlə  Brüsselin moderatorluğu altında görüşməyə üstünlük verməsinin  Moskvada narazılıq yaratdığını bilir və bu addımla onu yumşaltmağa çalışırlar.

İkinci və ən əsas səbəb isə budur ki, İrəvan Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün cənab Ərdoğanın  irəli sürdüyü şərtləri özbaşına yerinə yetirmək gücündə deyil.  Yetirməyə qalxsa,  bütün güc strukturlarının hamısı da olmasa, ən azından ordu  Paşinyanı devirmək üçün Köçəryanın yanında yer ala bilər. Kimin diqtəsiylə, yəqin, aydındır.

Ona görə də Ermənistanın baş nazirinin Türkiyə Prezidentiylə görüşün təşkilatçısı olaraq ABŞ-ı Rusuyayla əvəzləməkdən başqa alternativi yoxdur. Üstəlik ABŞ və Avropa Birliyinin Türkiyəyə yanaşmada son illər yeritdikləri siyasət də onların  qardaş dövlətlə digərləri arasında vasitəçiliyini sual altında qoyur. Fikrimcə, məhz o səbəbdən Paşinyanın cənab Ərdoğanla görüşmək istəyini Ankaraya Gürcüstan rəsmiləri çatdırmışdı.

İrəvanın Ankarayla danışıqlarda vasitəçi kimi Moskvanı irəli sürməsinin Rusiya üçün tələ xarakterli başqa bir tərəfi də var. Türkiyə Prezidenti cənab Ərdoğanın  Paşinyanla görüşə hansı şərtlə razı olacağı haqda açıqlamasına dayanaraq söyləmək olar ki, qarşı tərəf bunun üçün ilk növbədə Zəngəzur dəhlizinin açılması yönündə real addımlar atmalıdır. Bu da yenə sərhədlərin qarşılıqlı tanınması kimi  Rusiyanın izni olmadan mümkünsüzdür.

Ona görə də əgər yüksək səviyyədə Türkiyə-Ermənistan danışıqları baş tutacaqsa, bu, İrəvanın Zəngəzur dəhlizinin açılmasına hazırlığının təsdiqi sayılacaq.  Əks təqdirdə regionda bütün kommunikasiyaların açılmasını istədiyini desə də, Moskvanın Zəngəzur dəhlizinə yanaşmada Tehran qədər olmasa da, fərqli mövqedə durduğu tam üzə çıxacaq.

Onda isə Azərbaycanda xeyli suallar, həm də haqlı suallar yaranacaq.

Millət vəkili Sahib Alıyev

Visiontv.az