Türkiyə, Çin və Hindista liderləri Putinlə görüşdə eyni cümlələri işlədiblər: “Müharibəni bitirməyə ehtiyac var”
Türkiyə, Çin və Hindista liderləri Putinlə görüşdə eyni cümlələri işlədiblər: “Müharibəni bitirməyə ehtiyac var”
20.09.2022 Elxan Şahinoğlu Tərəfindən

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirərkən dost adlandırdığı dövlətlərin təzyiqi ilə üzləşib. Putin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki toplantısı çərçivəsində ikitərəfli görüşlər keçirdib.

Onunla görüşən Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, Çin lideri Si Sinpin və Hindistanın baş naziri Nerandra Modi təxminən eyni cümlələri işlədiblər: “Müharibəni bitirməyə ehtiyac var”. Putin vəziyyətin Rusiya üçün xoşagəlməz istiqamətdə gedişatını anlasa da, dayana bilmir.
Putinin davam etdirdiyi müharibəyə ölkə içində də narazılığın artdığı hiss olunur. “Müharibə nə zaman bitəcək” sualını verən Rusiya vətəndaşlarının sayının artmasına dair xəbərlər var. Həmin vətəndaşlar Rusiya Müdafiə Nazirliyinin müharibədə uğursuz nəticələr əldə etdiyi qənaətindədirlər, hər gün yüzlərlə hərbçi ölür. Rusiyanın itkiləri artır. Kreml sahibi bu itkilərin yerini doldurmaqda çətinlik çəkir. Putin səfərbərlik elan etməkdən çəkinir. Ancaq ölənlərin yerini doldurmaq lazımdır. İş o yerə çatıb ki, Rusiya həbsxanalarında cəzasını çəkənlərin müharibəyə cəlb olunduğuna dair internetdə görüntülər yayılıb. Putinin yaxın dostu və aşbazı Priqojin şəxsən həbsxanalara gedərək dustaqları müharibəyə sövq edir, əvəzində onlara amnistiya təklif edir. Əslində isə Proqjin onları ölümə göndərir.   
Bu arada, Çeçenistanın rəhbəri Ramzan Kadırov ümumi səfərbərlik elan edilmədən Rusiya bölgələrinin müharibəyə gəncləri göndərməsinin lazım olduğunu bildirib. Rusiyanın ən azı 7 subyekti Kadıdorun çağırışına qoşularaq orduya minlərlə könüllü göndərdiklərini açıqlayıblar, yeni batalyonlar formalaşdırılıb. 
Könüllülərin və məhkumların silahlandırılaraq müharibəyə göndərilməsinin Putin üçün böyük risqləri var. Əllərdə xeyli silah var. Rusiya Müdafiə Nazirliyi, Rosqvardiya, Kadırovun döyüşçüləri, Putinin dostu Priqojinin silahllandırdığı məhkumlar və Vaqner – bunların hamısı müharibədə iştirak edir. Müharibənin ssenarisi pozulduğu anda və uğursuzluqlar fonunda bu silahlar onları döyüşə göndərənlərə tərəf yönələ bilər. Rusiya çarı İkinci Nikolay ölkəsinin Birinci Dünya müharibəsində iştirakına razılaşanda uğur qazanacağını düşünürdü. Müharibənin yönü dəyişdikcə Rusiya ordusunda narazılıqlar artdı, qopmalar meydana gəldi, bolşeviklər fürsətdən istifadə edərək Nikolayı taxtdan endirdilər. Nəticə Rusiya üçün ağır oldu, imperiya dağıldı, imperator ailəsi ilə birgə qətlə yetirildi, vətəndaş müharibəsi alovlandı, aclıq, səfalət və milyonlarla insan ölümü qeydə alındı.

Elxan Şahinoğlu

visiontv.az