Türk Dövlətləri Birliyinin yaradılması qloballaşan dünyada varlığımızın əsas şərtlərindən biridir
Türk Dövlətləri Birliyinin yaradılması qloballaşan dünyada varlığımızın əsas şərtlərindən biridir
01.04.2021 Nəsib Məhəməliyev Tərəfindən

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşünü Türk dünyasının bir-birinə daha da yaxınlaşması istiqamətində atılmış real addım kimi qiymətləndirirəm.

Xüsusi olaraq Türk Şurasının sədri kimi, Azərbaycan Prezidenti İlham Əliyevin inteqrasiya proseslərini sürətləndirməsini qeyd etmək istərdim. Etiraf etməliyik ki, müəyyən obyektiv və daha çox subyektiv səbəblər üzündən Türkdilli ölkələr arasında bir çox geosiyasi proseslərə fərqli baxışlar, yanaşmalar mövcud idi. Bəzi hallarda öz milli maraqlarına zidd siyasət sərgiləmək məcburiyyətində qalırdılar. Bu da böyük bir regionu təsir altında saxlamaq istəyən üçüncü, dördüncü qüvvələrə sərf edirdi.

Qardaş Türkiyənin son illər əldə etdiyi iqtisadi-siyasi-hərbi uğurları, hər yerdə tutduğu ədalətli mövqe, Orta Asiya dövlətlərində milli özünüdərk, inam hissini artırmışdır. Müşahidələr göstərir ki, qlobal siyasətdə yeni reallıqlar yaranır, konfiqurasiyalar dəyişir. Sivlizasiyalararası, supergüclər arası münasibətlər getdikcə gərginləşir. Heç bir ölkə təkbaşına bütün təhdidlərin qarşısını ala bilməz. Bu baxımdan Türkdilli dövlətlərin birləşməsi olduqca vacib məsələdir. 300 milyona yaxın insanı birləşdirən, böyük bir coğrafiyada zəngin təbii sərvətlərə, iqtisadi potensiala malik dövlətlərin strateji müttəfiqliyi, dünya siyasətində ədalətin zəfər çalması olacaq, balanslardırıcı rol oynyacaqdır. Türk Şurasının fəxru sədri, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq ŞurasınıTürk Dövlətləri Birliyi adlandırılması  təşəbbüsü ilə çıxış etmişdir. Hesab edirəm ki,  düzgün yanaşmadır və dəstəklənməlidir. Çünki, Macarıstan müşahidəçi statusunda Əməkdaşlıq Şurasında iştirak edir və gələcəkdə yeni dövlətlərin də qoşulması labüddür. Türk Dövlətləri Birliyinin yaradılması tarixi zərurətdir və sürətlə qloballaşan dünyada varlığımızın əsas şərtlərindən biridir.

Millət vəkili Nəsib Məhəməliyev

Visiontv.az