Turistlər bu adaya buraxılmayacaq
05.04.2019

2020-ci ilin yanvarından başlayaraq Milli Komodo Parkı turistlərin üzünə bağlanacaq

İndoneziyanın yerli hakimiyyət orqanları varanların oğurluq hallarının artması səbəbindən 2020-ci ilin yanvarından başlayaraq Milli Komodo Parkını turistlərin üzünə bağlamaq qərarına gəlib.

 

 "Daily Mail” qəzetinə istinadla xəbər verək ki, brakonyerlər tərəfindən oğurlanan varanların hər biri 35,5 min dollara satılır. Parkın bağlanması barədə qərar qaçaqmalçıların Cənub-Şərqi Asiya ölkələrinə 41 komodo varanı satmaq cəhdindən sonra qəbul edilib.

Komodo parkına turist səfərlərinin qadağan olunması adada varanların qorunması və onların populyasiyasının artması üçün şərait yaratmağa imkan verəcəkdir. Yerli hakimiyyət adanın nəinki faunasını, həm də florasını qorumaq məqsədi ilə təbiəti mühafizə tədbirlərini də gücləndirib artıq.

Komodo varanı və ya Komondo əjdahası adlanan bu heyvan dunyada mövcud olan ən böyük kərtənkələdir.Əsl varanlar fəsiləsinə aid kərtənkələ növüdür. Növ İndoneziyanın Komodo, Rinka, Flores və Qili-Motanq adalarında yayılmışdır. Adı qırmızı kitaba daxil edilmiş, kommersiya məqsədilə  satılması qadağan edilmişdir. Qeyd edək ki,1980-ci ildə növün nəslinin kəsilməsinin qarşını almaq məqsədi ilə Komodo Milli parkı yaradılmışdır.

 Yırtıcı komodo varanı hazırda yaşayan kərtənkələlər arasında ən irisidir. Bir dəfəyə 80 kiloqram ət yeyə bilən sürünənlərin uzunluğu 3 metrdən artıq, çəkisi isə 150 kiloqrama qədər ola bilir.