Tovuzda 41 yaşlı kişi kafedə işləyən sevgilisini yandırdı
19.06.2019

Məhkəmə İşi!

Tovuzda sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinən 41 yaşlı Əflatun Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

VisionTV.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhməkəsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 1-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu il yanvarın 15-də Tovuzda baş verib. 1978-ci il təvəllüdlü Əflatun Məhərrəm oğlu Ələkbərov münasibətdə olduğu 1991-ci il təvəllüdlü Nüşabə Zeynaləbdin qızı Bayramovanın üstünə benzin tökərək yandırıb. Hadisə nəticəsində qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Hadisə şəxsi mübahisə zəminində baş verib. Belə ki, qadın kafelərin birində işə düzəlib. Kişi isə onun kafedə işləməsinə etiraz edib. Lakin qadın onun sözünü dinləməyib.

Buna görə də onların arasında mübahisə yaranıb və mübahisə sonda dəhşətli olayla nəticələnib.

Əflatun Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2-4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.