Tom Butçer: Sevindirici haldır ki, tamaşaçılar yenidən tribunalara qayıdır
20.04.2022

Aprelin 20-də yerli KİV nümayəndələri üçün Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı şəhər halqasına media-tur təşkil olunub.

Media nümayəndələri “Paddock”da görülən işlərlə tanış olublar.

Formula 1 yarışlarının ölkəmizdə təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer bildirib ki, builki yarış “Asfalt cəngavərləri” adlanır. Bildiyiniz kimi, cəngavərlər həmişə mübarizə aparırlar. Azərbaycan da mübarizə aparan ölkələrdən biridir. Bu il Bakıdakı yarışın əsrarəngiz olduğunu bütün dünyaya göstərmək istəyirik.

“Tikinti ilə bağlı hər hansı bir çətinliyimiz yoxdur. Sadəcə, planlaşdırma işləri var. Bunları yerli orqanlarla danışmalı və razılaşdırmalıyıq. Yarış vaxtı paytaxtda digər beynəlxalq tədbirlər də keçirilir. Qran-Prinin yüksək səviyyədə təşkili üçün planlaşdırmanı da bu yöndə aparırıq. Azərbaycan Qran-Prisi şəhər treki olduğundan tikinti işləri yarışadək bitməyəcək. Tikinti işlərini iyunun 6-dək yekunlaşdırmağı düşünürük. Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək”, - deyə T.Butçer əlavə edib.

Azərbaycan Qran-Prisi üçün 10 tribunanın hazırlandığını bildirən T.Butçer deyib: “Tribunalarda 16 minə yaxın azarkeş tutumu planlaşdırılıb. Bu, əvvəlki illərdən fərqlənmir. Sevindirici haldır ki, tamaşaçılar yenidən tribunalara qayıdır. BŞH-nin əməkdaşları durmadan çalışırlar ki, Azərbaycandakı yarış yaddaqalan olsun. İşlərlə bağlı yollarda müəyyən tıxaclar yarana bilər. Buna görə yerli sakinlərdən üzr istəyirik. Amma yarış üçün tikinti işlərini aparmalıyıq”.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-Prisi iyunun 10-12-də gerçəkləşəcək.