Təzəpir məscidini tikdirən böyük xeyriyyəçi qadın-Nabat xanım Qoca bəy qızı Aşurbəyov
Təzəpir məscidini tikdirən böyük xeyriyyəçi qadın-Nabat xanım Qoca bəy qızı Aşurbəyov
28.01.2023 Qənirə Paşayeva Tərəfindən

Azərbaycan tarixində adları qalan, önəmli işləri ilə ölkəmizin abadlaşmasına və mədəni inkişafına xidmət edən nəsillərdən biri də Aşurbəylilər olmuşdur. Bu gün dərin sayğılarla xatırladığımız Aşurbəylilər şəcərəsinin nümayəndələri vətənimizin milli-mədəni, iqtisadi, elmi və siyasi inkişafında xüsusi rol oynayıblar. Kökləri qədim dövrlərə, avşar boyuna gedib çıxan bu soylu ailənin izlərini Azərbaycanın hər bir bölgəsində görmək mümkündür. Ölkəmizdəki möhtəşəm memarlıq abidələrinin tikilməsi, xalqın maariflənməsi, neft sənayesinin inkişafı, tarix elminin uğurları və digər bir çox uğurlarımızda Aşurbəylilərin imzası var.

Aşurbəylilərin ucaltdığı möhtəşəm yaşayış binaları, məscidlər, onların təşəbbüsü və iştirakı ilə inşa edilən məktəblər, xəstəxanalar 1917-ci il bolşevik inqilabına qədərki Bakı memarlığının qızıl fondunu təşkil edir. Həmin binaların bir çoxu bu gün də şəhərimizin gözəlliyinə orijinal arxitektura çaları qatmaqla yanaşı, xalqımıza xidmət edir. Gözəlliyi, möhtəşəmliyi, nadir memarlıq üslubu ilə fərqlənən bu binalar həm də onları inşa etdirənlərin kimliyi, Azərbaycan tarixində mövqeyi, zamanın fırtınaları ilə birgə dəyişən taleyi haqqında böyük həqiqətləri özündə əks etdirir.

Aşur xan Avşardan başlayan bu nəslin ən tanınmış nümayəndələrindən biri Nabat xanım Qoca bəy qızı Aşurbəyovadır (1795, Bakı – 1912, Bakı). O, Aşur xanın beş oğlundan birincisi olan Hacı İmamverdi bəyin nəvəsidir. Adı tarixə Azərbaycanın ilk xeyriyyəçi qadını kimi düşən bu dövlətli xanım zəngin bir nəslin nümayəndəsidir. Bu nəslin kökündə dayanan Aşur xan qədim bir boydan, haqqında bilgilərin VIII yüzilə gedib çıxdığı ulu Avşar elindəndir. Nadir şahın da mənsub olduğu bu ulu nəsil Azərbaycan tarixinə böyük qəhrəmanlar, saysız şəxsiyyətlər bəxş edib. Nadir şah 1740-cı ildə Azərbaycanın quzeyinə səfəri zamanı Bakıda, ətraf kəndlərdə özünə arxa, dayaq yaratmaq üçün avşar türk ailələrindən bir çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdirib. Beləliklə, Nadir şahın dövründə Aşur xan Güney Azərbaycanın Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı təyin edilib.

Nabat xanım Aşurbəyova xeyirxahlıqları dillərə düşən belə bir böyük nəslin nümayəndəsi kimi sələflərinin yolunu davam etdirərək xalqının qayğısına qalan bir insan olub. Bakıda nеft mədənlərinin və bir çox böyük imarətlərin sahibi olan Nabat xanım öz səxavəti və xеyirxahlığı ilə ad qazanıb. Təzə Pir məscidini tikdirən, kasıbların köməyinə çatan, kimsəsizlərin müalicəsini öz üzərinə götürən bu əsilzadə qadın, həyatı boyu xeyirxahlıq missiyasını şərəflə yerinə yetirib.

Var-dövlət və səxavət sahibi olan Nabat xanım Bakıya Şollar suyu çəkiləndə də öz yardımını əsirgəməyib. O, məşhur neft milyonçusu, xeyirxahlığın simvoluna çevrilən Hacı Zeynalabdin Tağıyevin təşəbbüsünə qoşularaq şəhərə su kəmərinin çəkilməsində iştirak edib, böyük bir sərvət xərcləyib.

Nabat xanım Aşurbəyova Sabunçu xəstəxanasında kasıbların və yеtim uşaqların müalicəsini öz üzərinə götürüb. Bu müsəlman xeyriyyəçi qadın Tatar küçəsində (sovеt dövründə Krupskaya, indi A.Topçubaşov küçəsi) hamam tikdirib. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirmiş.

Nabat Qoca qızı Aşurbəyovanın həyatındakı ən böyük işi isə nadir memarlıq incisi sayılan Təzə Pir (1905-1914-cü illər) məscidinin tikilməsidir. Hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yеrləşir. Bu qiymətli yadigarı ilə, eləcə də xeyirxah əməlləri ilə həmişəyaşarlığını sağlığında qazanan Nabat xanım Aşurbəyovanın adı xalqımız tərəfindən ehtiramla anılmaqdadır.

Nabat xanım Aşurbəyova bu məscidin tikilməsinə ilk diplomlu azərbaycanlı mеmar, Sankt-Pеtеrburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovu cəlb еdib. Sonrakı illərdə Zivər bəy Əhmədbəyov Bakı şəhərinin ilk baş mеmarı olub. Nabat xanım böyük miqdarda xərc çəkərək Zivər bəyi məşhur məscidlərin mеmarlığını öyrənmək üçün Şərq ölkələrinə göndərib, dini tikililərin arxitektura təcrübəsini öyrənməsini təmin edib. Həmin səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür, ikimərtəbəli (yaruslu) minarəsi olan, şəhərin digər dini abidələrindən ciddi surətdə fərqlənən yaraşıqlı məscidin layihəsini hazırlayıb verib. Lakin Bakı Qubеrnator İdarəsinin pravoslav ruhanilərinin fitvası ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə vеrilib, layihədə ixtisarlar edilib. Buna baxmayaraq, məscid gözəl bir memarlıq əsəri kimi ərsəyə gəlib, qısa minarə ilə tikilsə bеlə, Bakının ən böyük və möhtəşəm dini tikilisi kimi hamı tərəfindən bəyənilib. Təzə Pir məscidi bu gün də şəhərə xüsusi yaraşıq vеrən gözəl mеmarlıq abidələri içərisində əzəməti, qədimliyin möhtəşəmliyi, arxitektura özünəməxsusluğu ilə seçilir.

Nabat xanım məscidin özülünə ilk daşı qoymaq üçün əmək fəaliyyətinə bənna kimi başlayan məşhur xеyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət еdir. Doqquz ildən sonra tikinti başa çatanda, məscidin baş günbəzinə sonuncu daşı da Hacı Zeynalabdin Tağıyev qoyur. Deyilənlərə görə, Nabat xanım məscidin tavanını qızıldan etmək istəyirmiş; lakin sonra buna maddi imkanı çatmayıb. Məscidin tikilib başa çatmasını görmək Nabat xanıma qismət olmur. O, tikintisini həvəslə izlədiyi məscidin hazır olmasına cəmi iki il qalmış, 1912-ci ildə dünyadan köçür. Onun ölümündən sonra, 1914-cü ildə bu işi oğlu Hacı Abbasqulu Rzayеv başa çatdırır. Həmin il müsəlman aləminin gözəl memarlıq örnəklərinin ənənələrini, Şərq ornamentlərini özündə birləşdirən möhtəşəm Təzə Pir məscidi Bakı müsəlmanlarının ixtiyarına verilir.

117 il şərəfli ömür yaşamış Nabat xanım Aşurbəyova və oğlu Hacı Abbasqulu məscidin girişində dəfn еdilib. Nabat xanım Allahın ona verdiyi uzun ömrü bütövlükdə yaxşı işlər görməyə həsr etmişdi. Nabat xanım Aşurbəyovanın xeyriyyəçilik missiyası qeyd etdiklərimizlə bitmir. Deyilənlərə görə, o, hər həftənin cümə günləri yaşadığı mənzilin qapılarını taybatay açar, yoxsulları qəbul edər, onların dərdlərini dinləyər, insanları öz süfrəsinə qonaq edərmiş.

Bakıdakı Göy məscidin tikilməsinin səbəbkarı da Nabat xanım olub. 1905-ci ildə tikilən, Təzə Pir qədər möhtəşəm və əzəmətli görünüşə malik, ilk adı “Əjdər bəy məscidi” olan, el arasında Göy məscid kimi tanınan bu ibadətgah Nabat xanımın məsləhəti ilə onun qardaşı Əjdər bəy tərəfindən inşa etdirilib. Belə ki, Nabat xanım Təzə Pir məscidini tikdirməyə başlayanda qardaşı Əjdər bəy ona kömək təklif edir. Nabat xanım: “Əgər belə imkanın və hünərin varsa, get, özün bir məscid tikdir” deyə köməkdən imtina edir. Belə olan halda Əjdər bəy Aşurbəyov məscid tikdirmək qərarına gəlir. İndiki Göy məscidin əsası belə qoyulur. Öncələr bu Allah evi onun əsasını qoyan Bakı taciri və xeyriyyəçisi Hacı Əjdər bəy Aşurbəyovun adı ilə “Əjdər bəy məscidi” adlanıb.

Əjdər bəy Aşurbəyovun da çoxlu neft mədənləri vardı. 10 ildən çox Bakı Şəhər Dumasının üzvü olan Əjdər bəy Aşurbəyov öz dövrünün tanınmış şəxsiyyətlərindən biri və böyük nüfuz sahibi idi.

Səxavəti və xeyirxahlığı ilə məşhur olan əsilzadə Nabat xanım Aşurbəyova böyük sərvəti olan Bakı taciri Hacı Musa Rza Rzayеvin həyat yoldaşı olub. Onların Hacı Abbasqulu Rzayev adlı bir oğlu, Əşrəf (Züleyxa) və Gülbəstə adlı iki qızları olub.

Sağlığında özlərinə “rəhmət” qazanan Aşurbəyovların xeyirxah əməlləri bu gün də xalqımızın yaddaşındadır. Əjdər bəy Aşurbəyovun tikdirdiyi Əjdər bəy məscidi, Nabat xanım Aşurbəyovanın tikdirdiyi, Şərq arxitekturasının möhtəşəm simasını bugünkü nəslə çatdıran Təzə Pir məscidinin qapıları daim ziyarətçilərinin üzünə açıqdır. Dini tədbirlərin, mərasimlərin keçirildiyi bu Allah evi tikildiyi vaxtdan indiyədək onu inşa etdirən Nabat xanımın özü kimi doğma xalqına xidmət etməkdədir.

Nabat xanımı, Aşurbəylilərin haqq dünyasında olan bütün görkəmli nümayəndələrini ehtiramla anır, ruhlarına dualar oxuyuruq.

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Millət vəkili Qənirə Paşayeva

Visiontv.az