Rusiya və dünya KİV-ni izləyirəm. Bir çoxları ya bilərəkdən, yadaki diletantlıqları ucbatından bu gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun, separatçı rejimin özünü buraxdığını elan etməsini Qarabağın sonu kimi və yaxud, Qarabağda tarixin sonu kimi təqdim edirlər.
Marqarita Simonyan da bir həftə öncə, Qarabağda antiterror tədbirləri həyata keçiriləndə bunu sosial şəbəkə üzərindən "Qarabağ bitdi" kimi dəyərləndirmişdi.
Ancaq əsl həqiqətdə isə bu Qarabağın sonu yox, qondarma "Artsax"ın sonudur. Qarabağ bitmədi, "Artsax" bitdi.
Separatçıların keçmiş "prezident"i Samvel Şahramanyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın və ya "Artsax"ın mövcudluğuna xitam verilməsi, 2023-cü ilin sonunadək bütün qondarma "təşkilat"lar və "qurumlar"ın ləğv ediləcəyi, fəaliyyətini dayandıracağı barədə qərar imzalaması tarixin sonu deyil, separatçılıq tarixinin sonudur. Bəli, Qarabağda 32 il sürən separatçılıq tarixinin sonu gəldi.
Bu, erməni azğınlığının sonudur. Bu, erməni "bespredel"liyinin sonudur. Bu, qlobal erməniçiliyin Qarabağdakı uzantılarının sonudur.
Bu, Cənubi Qafqazdakı ən uzun ömürlü separatçılıq hərəkatının tam və qəti iflası deməkdir.
Azərbaycan Ordusunun cəmi 1 sutka davam edən ildırım sürətli antiterror tədbirləri sayəsində Qarabağda illərlə oturuşmuş və həm keçmiş Minsk Qrupunun həmsədr ölkələri tərəfindən, həm də bir sıra beynəlxalq qurumlar tərəfindən bəslənmiş, himayə olunmuş, təpədən dırnağa qədər silahlandırılmış separatçı, xunta rejimini bir zərbə ilə çökərtməsi dünya hərb tarixində, separatçılıqla mübarizə tarixində həqiqətən də xüsusi yer alacaq bir hadisədir. Daha doğrusu, fenomenal hadisədir. Azərbaycanın bu təcrübəsi yəqin ki, oxşar problemlə üzləşən bütün ölkələr tərəfindən diqqətlə öyrəniləcək.
Bu hadisə Avropa arealı üçün də olduqca mühüm əhəmiyyət kəsb edir. Hazırda Avropa İttifaqına daxil olan ölkələrin bir çoxu potensial separatizm təhdidləri ilə üzləşmək qorxusu altında yaşayır. Qoca qitənin Fransadan tutmuş İtaliyaya qədər bir çox ölkələri hər an separatizm alovu bürüyə bilər. Bu mənada, Fransa kimi bir ölkənin erməni separatçılığını davamlı olaraq qızışdırması həqiqətən də çox təəccüblüdür.
İspaniyanın bir neçə il öncə separatçılıq probleminin öhdəsindən necə böyük çətinliklə gəlməsindən dərs çıxarmayan Fransa kimi bəzi ölkələr yəqin ki, erməni separatizminin başının Azərbaycanın dəmir yumruğu ilə əzilməsindən öz hesablarını götürəcəklər.
Azərbaycanlılar kinli xalq deyil. Amma biz Fransa, Niderland, Almaniya, Belçika, Litva, Estoniya kimi bir sıra Avropa ölkələrinin erməni separatçılarına verdiyi dəstəyi heç vaxt unutmayacayıq. Və yeri gələndə isə bunu onlara mütləq xatırladacağıq.
Apriori aydındır ki, bu gün heç bir ölkə (kiçik istisnalarla) separatçılıq təhdidlərinin baş qaldırmasından sığortalanmayıb.
Bu və ya digər ölkənin daxilində baş qaldırmış separatçı hərəkatları dəstəkləmək odla oynamaq kimi bir şeydir. Az öncə adlarını çəkdiyim ölkələr odla oynadılar, Qarabağdakı qondarma rejimin oyunlarına alət oldular, "blokada", "humanitar fəlakət", "aclıq", "etnik təmizləmə" kimi şoularına dəstək verdilər.
Onlar unutdular ki, separatçılığı dəstəkləmək "bumeranq effekti" verir...
P.S.
Yaxın gələcəkdə Avropa ciddi separatçılıq təhdidləri ilə üzləşə bilər. Hazırkı geosiyasi təlatümlər Fransa kimi ölkələrə heç də yaxşı perspektivlər vəd etmir.
Bəybala Mirzəyev
visiontv.az