Tariximizi və milli ruhumuzu canlandıran şeir...
Tariximizi və milli ruhumuzu canlandıran şeir...
22.03.2023 Bəybala Mirzəyev Tərəfindən

Bəzi şairlər və yazıçılar tarixi hadisələri və milli adət-ənənələri, bayramları və mərasimləri tarixçilərdən, etnoqraflardan, kulturoloqlardan daha dəqiq və daha mükəmməl müşahidə edib qələmə alır, gələcək nəsillərə ötürürlər.

Bizim bir çox tarixçilərimiz, folklorşünaslarımız, etnoqraf və arxeoloqlarımız Novruz, Ergenekon, Yengi Kun, Bahar bayramı, Yaz bayramı kimi ən müxtəlif adlarla tanınan sevimli milli bayramımız haqqında indiyə qədər bir çox kitablar, elmi əsərlər, məqalələr yazıblar. Lakin onların heç biri bu bayramın özəlliklərini, gözəlliklərini məşhur Güneyli şairimiz qədər canlı, capcanlı, parlaq təsvir edə bilməyib. 

Odur ki, biz hər il Çərşənbələr və Novruz bayramı yaxınlaşanda ustad şairimiz Məhəmmədhüseyn Şəhriyarın bütün Türk dünyasının ən sanballı poeziya nümunələrindən biri sayılan “Heydərbabaya salam” poemasının məlum bəndlərini böyük coşqu ilə oxuyur və sevə-sevə əzbərdən deyirik. 

Biz hər il məhz "Heydərbabaya salam” poemasının sayəsində, bu poemanın misralarında Novruz bayramını yenidən kəşf edirik. 

Və onu da deyim ki, ötən əsrin 80-90-cı illərinə qədər biz də Novruz bayramının adət-ənənələrini eynilə Güneyli soydaşlarımız kimi, Şəhriyarın poemasında təsvir olunduğu kimi qeyd edirdik. 

Lakin əfsuslar olsun ki, zaman keçdikcə Novruza aid bir çox gələnəklər, ənənələr, mərasimlər tamamilə unudulub gedir, yavaş-yavaş sıradan çıxır. 

Muğam sənəti Azərbaycanda ən mükəmməl səviyyəyə çatdığı kimi, Novruz bayramı da İrandan, Əfqanıstandan, Tacikistandan, Özbəkistandan, Türkmənistandan daha çox məhz Azərbaycanda böyük coşqu ilə qeyd olunub, müxtəlif ayinlərin icrası ilə daha da zənginləşib. Adlarını çəkdiyim ölkələrin heç birində Novruz bayramı bizim ölkəmizdəki qədər möhtəşəm, coşqulu və rəngarəng qeyd olunmur. 

Şəhriyarın ruhu şad olsun. O, bizə "Heydərbabaya salam” poeması ilə çox gözəl bir Novruz tablosu, bayram təlimatı miras qoyub gedib. Şəhriyarın misralarına sığınmış bu bayramı bütün gözəllikləri ilə qorumaq və yaşatmaq lazımdır. 

Poemadan bir parçanı təqdim edirəm:

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.

Heydərbaba, Mirzəməmmədin baxçası,
Baxçaların turşaşirin alçası,
Gəlinlərin düzmələri, taxçası,
Hey düzülür gözlərimin rəfində,
Heymə vurur xatirələr səfində.

Bayram olub, qızıl palçıq əzərlər,
Naqqış vurub, otaqları bəzərlər,
Taxçalara dizmələri dizərlər,
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.

Bakıçının sözü-sovu, kağızı,
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, cövizi
Qızlar deyər: "Atıl-matıl, çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə".

Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq,
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi...

Bəybala Mirzəyev

visiontv.az