Tarixdən düzgün nəticələr çıxarılmadıqda daha ağır fəsadların baş verməsi labüddür
Tarixdən düzgün nəticələr çıxarılmadıqda daha ağır fəsadların baş verməsi labüddür
31.03.2022 Nəsib Məhəməliyev Tərəfindən

1918-ci ilin mart soyqırımından 104 il ötür. Bakıda, Şamaxıda, Qubada, Xaşmazda, Lənkəranda, Qarabağda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində erməni silahlı dəstələri tərəfindən yerli əhaliyə qarşı dəhşətli cinayətlər törədilmişdir.

Mart qırğınlarına bilavasitə rəhbərliyi üzdə bolşevik, əslində isə, qatı daşnak, Bakı kommunasının sədri Stepan Şaumyan həyata keçirmişdir. Rəsmi məlumatlara görə mart ayının 30-dan, aprel ayının 4-ə qədər 12 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan itkin düşmüşdür.

Tarixdən düzgün nəticələr çıxarılmadıqda daha ağır fəsadların baş verməsi labüddür. Xalqımızın unutqanlığı, sülhsevərliyi, tarixin növbəti mərhələlərində də  repressiyalarla, qətliamlarla, deportasiyalarla, torpaq itkiləri ilə nəticələndi.

Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə, hər il  31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Məhz, bu sərəncamdan sonra mart hadisələri, ümumiyyətlə erməni terroru ilə bağlı müxtəlif dillərdə kitablar, arxiv materialları, rəsmi sənədlər nəşr olundu. Əhali arasında maariflənmə işləri aparıldı. Ermənistanın terror dövləti olması, ASALA və digər çoxsaylı erməni terror təşkilatlarına dəstəyi, Azərbaycanda və dünyanın müxtəlif coğrafiyalarında törətdikləri cinayətlər barədə geniş təbliğat kompaniyası aparıldı. Beynəlxalq birlik, erməni terror təşkilatlatlarının insanlıq əleyhinə törətdikləri cinayətlərlə məhz, Azərbaycan dövlətinin apardığı sistemli siyasət sayəsində məlumatlandı.

Yeri gəlmişkən bir  məsələni də qeyd etmək istərdim. 2001-ci ildə Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışırdım. Qərara aldıq ki, mart soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün rayon mərkəzində, bir zamanlar bolşeviklərin lideri Leninin adını daşıyan bağda abidə ucaldaq. O zamanlar, Respublikanın heç bir bölgəsində Soyqırım abidəsi yox idi və  mart hadisələri ilə bağlı cəmiyyətdə tək-tək insanları çıxmaq şərti ilə məlumat yox dərəcəsində idi. Abidənin üzərində yazılan qeydlər, qısa müddət ərzində mart hadisələrinin mahiyyəti ilə bağlı təbliğatda əhəmiyyətli rol oynadı. İndi həmin yer, “Soyqlrım bağı” adlanır.

Zaman dəyişib. Azərbaycan dövləti tarixinin ən şərəfli, güclü, inkişaf etmiş dövrünü yaşayır. Müzəffər Ordumuz, Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə, erməni terroruna, dünya ernəniliyinə sarsılmaz zərbə vurdu.  ,,Böyük Ermənistan,, xülyasını məhv etdi. Şəhidlərin, soyqırım qurbanlarının intiqamını aldı. Bu gün onların ruhu şaddır.

Ancaq, həmişə ayıq-sayıq olmalıyıq. Tarixin acı nəticələrini unutmamalıyıq. Nə qədər ki, düşmən öz iddialarından əl çəkmək istəmir, sayıqlığımızı itirməyə haqqımız yoxdur.

Allah cəmi Şəhidlərə rəhmət eləsin!

Millət vəkili Nəsib Məhəməliyev

Visiontv.az