Tapança ilə "danışan" postmodern "qəhrəman"lar...
Tapança ilə "danışan" postmodern "qəhrəman"lar...
11.03.2023 Bəybala Mirzəyev Tərəfindən

İxtisasca tarixçi-jurnalist olduğuma görə bu gün paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı atışmadan sonra bu mövzu ilə bağlı bəzi məlumatları və mülahizələri sizinlə bölüşməyi qərara aldım.

Əvvəla onu deyim ki, küçə atışmaları azərbaycanlılar üçün ənənəvi hal deyil. Bir sıra qonşu xalqlardan fərqli olaraq azərbaycanlılar odlu silahdan istifadə etməklə küçə hesablaşmaları aparmağı, haqq-hesab çürütməyi elə də çox xoşlamayıblar. 

İlk küçə qətliamlarını da Bakıda (ümumən bütün Azərbaycanda) məhz ermənilər törədiblər. 

Belə ki, Çar Rusiyası hökumətinin qızışdırıcı siyasəti nəticəsində törədilən erməni-azərbaycanlı münaqişəsinin ilk qığılcımı Bakıdan başlayıb. 

1905-ci il fevralın 6-da nüfuzlu və varlı azərbaycanlı Ağarza Babayev Bakıdakı erməni kilsəsi yaxınlığında bir qrup daşnak tərəfindən qətlə yetirilib. Buna cavab olaraq elə həmin gün azərbaycanlıların ermənilərə əks-hücumu baş verib. 

Böyük Britaniyanın Bakıdakı konsulu Patrik Stivensin verdiyi məlumata görə, fevralın 6-dan 11-nə qədər davam edən beş günlük erməni-müsəlman (azərbaycanlı) qırğınları nəticəsində Bakı quberniyasında 900 erməni və 700 müsəlman həyatını itirib. 

Eyni hal, eyni faciə 1918-ci ilin 31 Mart soyqırımı zamanı da təkrarlanıb. Tapança və tüfənglərdən atəş açan ermənilər istər Bakı, istər Şamaxı, istərsə də digər şəhərlərimizin küçələrində soydaşlarımızı qanlarına qəltan ediblər. 

Erməni neftxudalarının və xüsusən də erməni qoçularının, eləcə də "Daşnaksütyun" partiyasının silahlı terrorçularının azərbaycanlılara qarşı quldur davranışlarına münasibətdə son dərəcə qətiyyətli və barışmaz reaksiya verən şəxslər isə ilk növbədə qoçular olub. 

Məsələn, 1905-ci ilin axırlarında ermənilərlə münaqişə zamanı gənc qoçulardan biri olan Qoçu Musa Bakı şəhərin küçələrində tanınmış qoçularla birlikdə gəzib-dolaşır və məqam axtarırmış ki, Tumanyanın dəstəsindən olan erməni silahlıları ilə üzbəüz gəlsin, onlardan qisas alsın.

Belə bir məqam dekabrın əvvəllərində yaranır. 

Belə ki, Parapet bağı qarşısındakı şərab dükanından çıxan bir dəstə erməni qarşı səkidən keçən iki müsəlmanı yaralayıb, digər ikisini isə öldürərək qaçıblar. Bu hadisə baş verən kimi keçmiş Quba meydanında xəbər yayılır ki, bəs bu dəstə üzvlərindən üçü qaçaraq milyoner Tumanyanın malikənəsinə girdi.  

Qəzetlər səhəri gün yazırdılar: 
"Ermənilər damlardan, balkonlardan və Parapetdəki kəlisanın həyətindən müsəlmanlara tərəf tüfəng atmağa başladılar. Atışma 30 dəqiqəyədək çəkdi. Bu vəqt müsəlman qoçular ermənilərin bir neçə dükanına od vurdular. Bir neçə saatdan sonra cəmi erməni dükanları odlanmış, beş adam yanıb tələf olmuşdu. İstintaq vəqtində təsdiq olundu ki, dekabrın 3-dəki iğtişaş zamanı 6 nəfər müsəlman, 32 nəfər erməni qətl olunub, 18 nəfər müsəlman, 41 nəfər erməni yaralanıb və 14 dükan yanıb".

Erməni dükanlarına məhz qoçu Musanın adamları od vurmuş, milyonçu Tumanyanın əlisilahlı dəstə üzvlərindən bir çoxunu isə öldürmüşdülər. 

Əgər 1906-1918-ci illərdə "Difai" təşkilatı və qoçular olmasaydı, erməni terrorçularının və quldurlarının Bakıda, Gəncədə, Qarabağda öldürdükləri azərbaycanlıların sayı-hesabı bilinməzdi. 

Əfsuslar olsun ki, sovet dövlətinin ideoloji təbliğat maşını qoçuları bizə mənfi obrazlar kimi, "O olmasın, bu olsun"un yaramaz ünsürləri kimi tanıtdırmışdı. Bunu da qəsdən etmişdilər. Mərd, qəhrəman qoçuları bizim gözümüzdən salmaq üçün etmişdilər.

Sonralar Bakı küçələrində çar jandarmları ilə bolşevik inqilabçıları arasında da zaman-zaman atışmalar olub. 

Və yaxud, sonradan keçmiş SSRİ-nin dövlət başçısına çevrilmiş "Koba" ləqəbli bolşevik inqilabçısı İosif Stalin də öz quldur dəstəsi ilə Bakı küçələrində dolaşır, neft milyonçularının evlərinə silahlı basqınlar təşkil edir, neftxudalarımızı girov götürürmüş. 

Yəni ki, Bakı küçələri vaxtilə bu kimi qorxunc olaylara da şahidlik edib. 

Lakin adi, mülki azərbaycanlılar isə heç vaxt şəhərin küçələrində bir-birilərinə güllə atmayıblar, sui-qəsd təşkil etməyiblər, terror törətməyiblər, banklara və mağazalara silahlı hücumlar planlaşdırmayıblar. Terror anlayışı bizim millətin ruhuna yaddır. 

44 günlük müharibədə düşmənə qarşı bütün silah növlərindən yüksək peşəkarlıq və şücaətlə istifadə edən azərbaycanlılar dinc dövrdə isə özümüzünkülərin üzərinə silah qaldırmaq, bir-birilərini odlu silahla qətlə yetirmək psixologiyasına köklənməkdən uzaqdırlar. 

Bizim millətimiz müharibə dönəmlərində şirə, canavara dönür, dinc dövrdə isə dünyanın ən mülayim toplumuna çevrilir. 

Odur ki, son günlərdə "Bravo" hipermarketində baş verən silahlı insidenti və bu gün Səməd Vurğun küçəsində baş vermiş silahlı atışmanı azərbaycanlılar üçün xarakterik, ənənəvi davranış nümunəsi hesab etmək olmaz.

Yaxın keçmişlərə qədər bizim mentalitetimizdə kişilər silaha deyil, qol gücünə güvənir və kişi nüfuzuna söykənirdi. Məşhur fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz səfəri" əsərində qeyd edildiyi kimi azərbaycanlı (tatar, türk) kişiləri bir-biriləri ilə kəsmət kəsir, bir-birilərinə KİŞİ SÖZÜ verirdilər. Və istənilən məsələ də kişi sözünün əsasında həll olunurdu. 

Ən pis halda isə Ağsaqqallıq institutu öz sözünü deyirdi. Yəni ki, ən qatı qan davalarını belə nurani-pirani kişilər, el ağsaqqalları, nəsil başçıları yoluna qoyurdu. 

Odur ki, azərbaycanlıların bir-birinə qarşı silahlı basqınlarına, tətikləmələrinə demək olar ki, heç vaxt zərurət yaranmayıb. 

Lakin sovetlər dönəmində bütün bu ənənələr, münasibətlər sistemi aradan qaldırıldı. Çar Rusiyası qaçaqların, sovet dövləti isə qoçuların kökünü kəsdi. 

Əvəzində isə "vorzakon"lar, "avtoritet"lər, "lotu"lar, "reket"lər deyilən yeni bir kasta, zümrə meydana çıxdı. Onlar sovet dövlətinin və kapitalizm sisteminin yetişdirdiyi bir zümrədir. 

Bu zümrə kriminal məsələlərə nəzarət edir, sifarişli qətlləri icra edir. "Killer" deyilən kriminal funksionerlər də onların tapşırıqları ilə bu və ya digər şəxslərin həyatını bitirən Əzrail rolunda çıxış edirlər. 

Bu gün Bakıda baş verən atışmanın da qan davası, "avtoritet razborkası"nın nəticəsi olduğu üzə çıxıb.

Biriləri Rusiyadan, Türkiyədən, İrandan bizə "ixrac" olunan, Hollivud filmlərindən və Qərb televiziyalarının kriminal xəbərlərindən yansıyan bu cür neqativ halları get-gedə Azərbaycanda da yayğınlaşdırmağa, adiləşdirməyə çalışırlar.

Ancaq buna qətiyyən yol vermək olmaz!

Yeniyetmələrimiz, gənclərimiz kimdən nümunə götürsünlər?

Gənclərimizə kriminal psixologiyanı aşılamaq yox, tarixdəki şəxsiyyətləri təbliğ etmək lazımdır.

P.S.
Qoç Koroğlu demişkən, "tüfəng çıxdı, mərdlik dövrü getdi hay, haray!"

Visiontv.az