Tanınmış jurnalistlər MEDİA-nın 1 illik fəaliyyətini dəyərləndirdi —​ AÇIQLAMALAR
Tanınmış jurnalistlər MEDİA-nın 1 illik fəaliyyətini dəyərləndirdi —​ AÇIQLAMALAR
12.01.2022 MEDİA Tərəfindən

Ötən il ölkə başçısının fərmanı ilə media sahəsində islahatların dərinləşməsi məqsədilə Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətinə start verildi. MEDİA qısa müddət ərzində Azərbaycanın media məkanında çox böyük işlər görməyi bacardı. Təbii ki, yeni müsabiqələrin təşkili, onların obyektiv şəkildə qiymətləndirilməsi, müsabiqəyə yazıların və iştirakçıların yeni üsullarla cəlb edilməsi bu sahədə inkişafin yeni mərhələsi idi. Habelə, müsabiqədə medianın bütün sahələrinin iştirakı, mövzularda rəngarəngliyə şəraitin yaradılması, mövzuların ictimai maraq və diqqət doğurmaq baxımından aktuallığı, müxtəlif sahələr üzrə ixtisaslaşmış media nümayəndələrinin iştirakının təmin edilməsi atılan müsbət addımlardan biri kimi dəyərləndirilə bilər.

Agentliyin silsilə seminarlar keçirməsi, qlobal şirkətlərlə ikitərəfli əlaqələrin qurulması Azərbaycan mediasında yeni inkişaf mərhələsi idi. Jurnalistlər arasında təşkil olunan treninqlərdə yeni formatların tətbiqini müsbət tendensiya kimi qiymətləndirmək olar. Qeyd edək ki, bu müddətdə agentlik tərəfindən bir sıra layihələr həyata keçirildi. Ən mühüm layihələrdən biri isə “Media haqqında” Qanun layihəsinin qəbul olunması idi. Qeyd edək ki, “KİV haqqında” Qanuna indiyədək  79 dəfə əlavə və dəyişikliklər edilib. Artıq günümüzün reallığı hansısa əlavə və dəyişikliyin edilməsini deyil, yeni qanunun qəbulunu tələb edirdi. Təbii ki, “Media haqqında” Qanun da Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ demək idi. Çünki bu qanunun ən mühüm üstünlüklərindən biri  peşəkar jurnalistlərin yetişməsinə  şəratin yaradılmasıdır. Ən əsası qanunun ictimai müzakirəyə çıxarılması ən önəmli məqamlardan biri idi. Qeyd edək ki, agentliyin gördüyü mühüm işlərdən biri də jurnalistlərimizin işğaldan azad olunmuş tarixi Azərbaycan torpaqlarına səfərlərinin təşkil olunması ilə bağlı idi. Çünki bununla jurnalistlərimiz işğal dövründə erməni vandalizminə məruz qalmış tarixi-memarlıq və dini abidələrimizlə tanış oldular, eləcə də Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa işləri və yeni infrastruktur layihələri ilə tanış oldular. Bütün bunlar beynəlxalq ictimaiyyətin, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. MEDİA yarandığı gündən bir sıra mühüm işlər görüb. Agentliyin artıq yanvarın 12-də bir illik fəaliyyəti tamam olur.

Visiontv.az xəbər verir ki, Demokrat.az bir ildə Media İnkişafı Agentliyinin fəaliyyəti ilə bağlı tanınmış jurnalistlərin və media rəhbərlərinin fikirlərini öyrənib. 

“SƏS” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Bəhruz Quliyev açıqlamasında bildirib ki, Azərbaycanda medianın tərəqqisi və ən müasir standartlara, iş prinsiplərinə cavab verməsi istiqamətində ardıcıl işlər həyata keçirilir, mühüm layihələr reallaşdırılır. O, bildirib ki, bir neçə gündən sonra ilk yaşına qədəm qoyacaq Medianın İnkişafı Agentliyi də müstəqil, azad mətbuatımızın atdığı yeni və daha peşəkar tələblərə cavab verən qurum kimi özünü jurnalistika cameəsində təsdiqləyib:

“Novatorluq və innovativ əsaslarda, eləcə də tələb edilən yeni keyfiyyətlər kontekstində informasiya mühitinin formalaşması əsas vəzifələrdən biridir ki, Medianın İnkişafı Agentliyi yarandığı bir il müddətində, yəni az bir zamanda böyük işlərə imza atmağa nail olub. Artıq biz inamla deyə bilərik ki, Medianın İnkişafı Agentliyi yeni keyfiyyət mərhələsinin ilkin pillələrini keçib. Növbədə aşılacaq yeni tramplinlər var ki, onların da uğurla keçiləcəyinə əminliyimi ifadə etmək istərdim. Bu uğurlar əlbəttə ki, ümumilikdə ölkə mediasının uğurlarına stimul verən bir reallıqdır. Bildiyimiz kimi, ölkəmizdə çoxsaylı sayt və qəzetlər, portallar fəaliyyət göstərirlər və agentliyin təqdim etdiyi layihələrin hər biri bilavasitə biznes mühitinin inkişafına, həmçinin ədalətli rəqabətin yaranmasına təkan verir. Bu məsələdən bəhs edərkən, mən ilk növbədə Milli Məclisdə “Media haqqında” Qanunun qəbulunu da xatırlatmaq istərdim. Artıq Azərbaycanın müasir media məkanında daha əvvəllər mətbuatımızın adına ləkə gətirəcək halların baş verməyəcəyini, yaxud jurnalistika peşəsində təəssüfedici olayların yaşanmayacağını bəri başdan vurğulaya bilərik. Bütün bunlar eyni zamanda jurnalistika sahəsində müəyyən edilən norma və prinsiplərin, etika qaydalarının köklü şəkildə və müsbət yöndə dəyişdirilməsini ehtiva edir. Biz, bunun ilk işartılarını görməkdəyik”.

Medianın İnkişafı Agentliyinin milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə də ötən bir il ərzində çox ciddi töhfələr verdiyini deyən “SƏS” Media Qrupunun rəhbəri bəzi fərqləri də aparıb: “Bildiyimiz kimi, klassik medianın ənənəvi problemləri var idi və xüsusilə qəzetçilik fəaliyyətində arzuolunmaz məsələlərlə rastlaşmalar olurdu. Bu, ümumilikdə qəzetçiliyimizin tarixi ənənəsinə vurulan böyük zərbələrdən biri idi. Məhz qəzetçilikdən saytlara və s. informasiya resurslarına sıçrayan təəssüfedici hallar aradan qaldırılır, etimadsızlıq, səmimiyyətsizlik kimi qeyri-peşəkarlıq ənənələrinin üzərindən çarpaz xətlər çəkilir və biz çox az müddət sonra tamamilə fərqli milli media məkanının şahidləri olacağıq. Eyni zamanda, hazırda ən müxtəlif internet resurslarında ən müxtəlif adlarda formalaşan informasiya subyektləri, onların davranış və fəaliyyəti, bütün bunların informasiya təhlükəsizliyi kontekstində tənzimlənməsi məsələsi də günümüzün tələblərindən biri idi və çox sevindiricidir ki, artıq həmin tələblər də əməli şəkildə öz həllini tapmışdır. Medianın İnkişfı Agentliyi redaksiyaların problemlərin həllinə kompleks yanaşmalar edir, effektiv həll imkanları yaradır. Eləcə də real jurnalistlərin kadr olaraq yetişdirilməsi və dövlət qurumları ilə münasibətlərini tənzimləməsi faktorunu da buraya əlavə edərsək, vurğulaya bilərik ki, artıq dövlət orqanları ilə media subyektləri arasındakı əməkdaşlıqlar həm asanlaşdırılıb, həm də genişləndirilib. O cümlədən, dövlət orqanlarının media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirilib. Beləliklə, Medianın İnkişafı Agentliyi ötən bir ildə öz işini kifayət qədər səmərəli qura bilib və düşünürəm ki, bu qurumun qarşıda daha geniş spektorları əhatə edəcək fəaliyyətlərinin şahidlərinə çevriləcəyik. Görülən və bundan son da görüləcək işlərin, həyata keçiriləcək layihələrin hər biri isə ayrı-ayrılıqda milli mediamızın tərəqqisinə öz töhfələrini bəxş edəcək”.

“APA Media Group”un Baş direktoru Vüsalə Mahirqızı açıqlamasında Medianın İnkişafı Agentliyinin bir illik fəaliyyətini yüksək qiymətləndirib: “Təbii ki, çox az müddətdir ki, Medianın İnkişafı Agentliyi yaranıb. Lakin, açıq desək, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan Media Agentliyinə çox pis bir miras qalıb. Əvvəla, mediada bu tipli bir qurum üçün pis imic var idi. Bütün bunlara rəğmən, tamamilə yeni kollektiv formalaşdırıldı, yeni bir baxış yaradıldı. Baxmayaraq ki, onların strukturu hələ tam formalaşmamışdı və ya digər şərtlər o qədər də, uyğun deyildi, amma bütün bunlara rəğmən agentlik bu bir ildə çox mühüm addımlarla yadda qaldı. Təbii ki, bunların arasında birinci yerdə “Media haqqında” Qanun layihəsinin hazırlanmasında Medianın İnkişafı Agentliyinin iştirak etməsi, qanun layihəsinin təqdim olunması, qəbul olunması və ən əsası bu prosesdə ictimai müzakirələrin təşkil olunması idi. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi debatların hamısını çox yaxşı apardı. Digər mühüm addım isə jurnalistlərin peşə bacarıqlarının artırılması ilə bağlı keçirilən treninqlər idi. Eyni zamanda, bizim üçün hər zaman problem olan bir məsələ – media və dövlət qurumları arasında kommunikasiyanın təşkili ilə bağlı məsələ idi ki, bu məsələdə də, Medianın İnkişafı Agentliyi yaxşı bir nümunə ortaya qoydu. Həmçinin, bu il ADA Universitetinin və Medianın İnkişafı Agentliyinin birlikdə böyük bir layihəsi həyata keçirildi. Mən də orada təlimçilərdən biri idim. Agentlik tərəfindən jurnalistlərin peşə bacarıqlarının artırılması istiqamətində xarici media nümayəndələri Azərbaycan jurnalistlərinə təlimlər, treninqlər keçdi. Bütün bunları çox yüksək qiymətləndirirəm. Eyni zamanda, agentlik həm redaktorları, həm jurnalistləri dəfələrlə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərlərini təşkil etdi, bunlar da çox yaxşı səfərlər idi. İlk dəfə olaraq, Medianın İnkişafı Agentliyi onlayn medianın da peşəkarlığının artırılması və inkişafı üçün vəsaitlər ayırdı. Həmçinin, jurnalist yazı müsabiqəsində seçim formalarında xeyli dəyişiklik və müsbətə doğru kreativlik edildi. Əlbəttə ki, hələ görüləcək işlər çoxdur və xeyli məsələlər var ki, müzakirə predmetidir. Amma bütün hallarda bir ili çox qənaətbəxş hesab edirəm. Növbəti illərdə də bizim jurnalist cəmiyyətimiz, ümumillikdə, jurnalist icmamız Medianın İnkişafı Agentliyinin yanında olmalıdır. Eyni zamanda, agentlik, dövlət, hökumət təşkilatları, biznes strukturları və media arasında kommunikasiya, körpü rolunu oynaya bilməlidir”.

“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə açıqlamasında Medianın İnkişafı Agentliyinin fəaliyyətini təqdir etdiyini diqqətə çatdırıb: “Bu bir il ərzində agentlik mövcud imkanlar daxilində qarşıya qoyulan vəzifələri maksimum yerinə yetirməyə çalışıb. Saytlar və qəzetlər üçün müsabiqələrin təşkil olunması, konkret maliyyə yardımın göstərilməsi, üstəlik, bu zaman obyektivliyini maksimum təmin etmək alqışa layiqdir. Medianın İnkişafı Agentliyi media subyektləri arasında fərq qoymur, hamıya eyni gözlə baxır, tərəfsizliyini qoruya bilir. KİVDF-dən fərqli olaraq indi “seçilmişlər” yoxdur, ədalətli yanaşma nəticəsində böyük bir spektr əhatə olunub. Jurnalistlər üçün təlimlərin keçirilməsi də, bu sahədə peşəkarlığın artmasına töhfə verir.
Medianın İnkişafı Agentliyinin təqdir etdiyim işlərindən biri də işğaldan azad olunmuş ərazilərə, xüsusilə Şuşa şəhərinə ardıcıl səfərlər təşkil etməsidir. Medianın İnkişafı Agentliyinin sayəsində jurnalistlərin gözüylə Azərbaycan xalqı Qarabağı yenidən görür. Əminəm ki, bu fəaliyyət növbəti ildə də davam edəcək. Medianın İnkişafı Agentliyi sələfinin jurnalistlərin yaddaşında buraxdığı acı izləri tamamilə silə biləcək”.

Əməkdar jurnalist İlham Quliyev Medianın İnkişafı Agentliyinin 1 illik fəaliyyəti hamının gözü qarşısında olduğunu deyib: “Qurum mediaya dövlət dəstəyinin reallaşdırılması funksiyasını yerinə yetirir. Bu baxımdan, agentlikdən gözləntilər həddindən artıq çoxdur. Amma biz hamımız bilirik ki, bu işlərin praktik olaraq həyata keçirilməsi heç də asan deyil. Bu müddət ərzində Medianın İnkişafı Agentliyinin gördüyü işlərdən bəhs edərkən yazılı mediayaya dövlət dəstəyinin davam etdirilməsini, eyni zamanda internet mediasına maliyyə dəstəyi göstərilməsinə başlanmasını, müxtəlif səviyyələrdə və mövzularda jurnalistlər üçün maraqlı təlimlərin təşkil edilməsini göstərmək olar. Sirr deyil ki, internet mediaya maliyyə dəstəyinin göstərilməsi uzun illər idi müzakirə edilsə də, konkret addım atmaq mümkün olmurdu. Bu müzakirələr məhz Medianın İnkişafı Agentliyinin yaranmasından sonra məntiqi həllini tapdı. Jurnalistlər üçün yeni qaydalar və yeni yanaşma əsasında elan edilən fərdi yazı müsabiqələri də diqqətdən qaçmamalıdır. Bu müsabiqələr sayəsində yüzlərlə jurnalist həmkarımızın yazısı fərqləndirilib və mükafatlandırılıb. Bu isə yaradıcılığın stimullaşdırılması baxımından çox yaxşı təcrübədir. Media təmsilçilərinin gündəmdə olan müxtəlif mövzular ətrafında müzakirələrinin təşkil edilməsi də qeyd edilə bilər. Keçən ilin sonlarında geniş müzakirələri keçirilən “Media haqqında” qanun layihəsi də jurnalistlər arasında məhz Media İnkişafı  Agentliyinin təklifi kimi qəbul edilir. Bütün bunlar agentliyin cəmi bir ərzindəki fəaliyyətinin yadda qalan ştrixləridir. Amma təbii ki, agentlikdən gözləntilər daha böyükdür. Bizim hamımız mediamızın yaşadığı peşəkar, maliyyə, nüfuz problemlərinin həll olunmasında Media İnkişafı Agentliyin flaqman rolunda çıxış etməsini və daha fəal, daha kreativ olmasını gözləyirik”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Medianın İnkişafı Agentliyinin fəaliyyətə başlaması Azərbaycanda media sahəsindəki islahatların ruhundan doğan çağırış olduğunu vurğulayıb: ”Buna görə yeni yaranmış qurumdan gözləntilər çox idi. Hesab edirəm ki, o, gözləntiləri doğrultmaq üçün böyük səylə çalışdı. Ölkənin media cameəsi ilə aktiv təmaslar qurdu. Burada başlıca məqam “Media haqqında” yeni qanunun işlənməsi idi. Qurumun xüsusən mövcud istiqamətdəki fəaliyyəti alqışlanmalıdır. Düşünürəm ki, ötən bir il gələcək üçün də etibarlı baza rolunu oynayacaq və agentlik daha səmərəli fəaliyyət göstərəcəkdir. Bu, həm gözləntidir, həm də Azərbaycan dövlətinin media siyasətində vacib məqamdır”.

“Visiontv.az” saytının baş redaktoru Şöhrət Eldəniz açıqlamasında agentliyin fəaliyyətini yüksək dəyərləndirib:

“Media İnkişafı Agentliyi fəaliyyət göstərdiyi 1 il ərzində ən böyük işi Əli Həsənov və Vüqar Səfərlinin KİVDF çətiri altında Azərbaycan mətbuatına vurduğu etibarsızlıq, inamsızlıq, korrupsiya, reketçilik damğasının izlərini təmizləmək, can üstündə olan jurnalistikanı tok terapiyası ilə özünə gəlməyə imkan tanımaq oldu. Prezident İlham Əliyevin mediada islahatların keçirilməsi barədə göstərişindən sonra yeni yaradılan MEDİA agentliyi prioritet kimi nüfuzdan düşmüş Azərbaycan mətbuatına yeni nəfəs verməyə çalışdı. Nüfuzun bərpa edilməsi istiqamətində 1 il ərzində keçirilən onlarla layihələr, dövlət qurumları ilə media arasında sağlam münasibətin yaradılması, Əli Həsənov və Vüqar Səfərli tərəfindən mətbuatdan zorla uzaqlaşdırılan, küsdürülüb çıx-daş edilən peşəkar jurnalistlərin yenidən reabilitasiya olunması, yeni qəbul olunan “Media haqqında” qanun və sair addımları göstərmək olar. Edilən tənqidlərə baxmayaraq MEDİA agentliyinin gənc komandası bu işin öhdəsindən gəlir. Və əminəm ki, başladılan iş sona çatacaq. Azərbaycan mediası qrup, şirkət, məmur, “mətbuat mafiyası”ı, siyasi alverlə məşğul olan qüvvələrin maraqlarından azad olacaq. Reketçilik və media sözünün sinonim olmasına son qoyulacaq. Təbii ki, qarşıdan daha ciddi işlər var. Medianı düşdüyü maddi və mənəvi girdabdan bir dəfəlik çıxardaraq, daha sağlam və demokratik bir mühitin yaradılmasına çalışmaq. Bunun üçün hamı, mətbuatın bütün sağlam qüvvələri səfərbər olmalı və həmrəylik nümayiş etdirməlidir. Media sözün həqiq mənasında 4-cü hakimiyyətə çevrilməlidir. Mən fikirləşirəm ki, Prezident İlham Əliyev mediada islahatlar deyəndə hədəf məhz bu olubdur”.