"Taliban"ı ideologiyasına görə tənqid etmək səhv yoldur
"Taliban"ı ideologiyasına görə tənqid etmək səhv yoldur
01.09.2021 Kənan Rövşənoğlu Tərəfindən

Problem "Taliban"ın ideologiyasındadır, yoxsa metodunda? Avqustun 15-də "Taliban" Kabili tutub və bu müddətdə əsasən Qərb mediası və ondan təsirlənən yerli media "Taliban"ın ideologiyasını müzakirə edir. Amma doğrudanmı problem və ya müzakirə olunası məsələ budur?

Əvvəlcə ondan başlayaq ki, "Taliban" müsəlman dünyasında son 100 ildə mövcud olan siyasi islam - ixvan xəttinin bir elementi, Əfqanıstan versiyasıdır. Yeni mahiyyət etibarilə Əfqanıstanın bundan əvvəlki hakimiyyəti də İslam respublikası idi. İran, Səudiyyə Ərəbistanı və daha bir neçə ölkə var ki, "Taliban" da onlar kimi İslam şəriətinə istinad edərək hakimiyyət qurmaq istəyir. Əlbəttə, regional, situativ və digər fərqlilikləri nəzərə almaqla "Taliban" da şəriətçidir o biri şəriət rejimləri kimi. Zahiri problem metodologiyadır, onu da taliblər söz verib ki, dəyisəcəklər.

Bu mövzudan girib müsəlman ölkəsində, müsəlmanlar arasında "Taliban"ı günahlandırmaq mümkün deyil. Bu, bir qədər "mücahid" termininə bənzəri, uzun illər mücahid sözünü terrora sinonim kimi deyəndən sonra ruslar başa düşdü ki, bu əslində qəhrəman deməkdir.

"Taliban"ı ideologiyasına görə tənqid etmək səhv yoldur və əsası zəifdir.

"Taliban"a qarşı əsas arqument onun hakimiyyəti zorla, silah gücünə elə kecirməsidir. İranda, yaxud Səudiyyə Ərəbistanında belə olmayıb. "Taliban"ın indi Əfqanıstanda hakimiyyəti ələ keçirməsi 2014-cü ildə Yəmən husilərinin paytaxt Səna şəhərini ələ keçirməsinə bənzəyir. Amma dünya hələ də onu qəbul etmir, amma "Taliban"i hardasa qəbul etmiş kimidir. Bir müsəlman ölkəsində şəriət gətirmək istəyən təşkilatı buna görə ittiham edə bilməzsiniz, yalnız bir halda əgər bunu, yəni şəriəti zorla, silah gücünə gətirirsə o zaman tənqidiniz tutarlı ola bilər. "Taliban" mənim nəzərimdə o zaman leqal hakimiyyət ola bilər ki, o seçki və ya referendumla iqtidar olsun, xalq da onları qəbul eləsin, belə halda, yəni silahlı işğalla legitimlik ola bilməz. Başqa sözlə, hansı hakimiyyəti seçmək haqqı Əfqanıstan xalqına verilməlidir. Əsas zəif nöqtə budur, "Taliban"ın ideologiyası deyil.

Kənan Rövşənoğlu

visiontv.az