Şuşaya gedən yol Füzulidən keçir
Şuşaya gedən yol Füzulidən keçir
01.01.2022 Şöhrət El-Dəniz Tərəfindən

MEDİA agentliyinin jurnalistlər üçün təşkil etdiyi Şuşa səfərindən hazırladığım birinci reportaj.

Şuşaya necə getməyim barədə uzun-uzadı yazmaq istəmirəm. Nə də gecədən-səhərə qədər oturub gözlədiyimi detallarla izah etmək fikrim yoxdur. Ora gedən jurnalistlərin hamısı demək olar ki, eyni hissləri yaşayıb. Və bu barədə ətraflı yazıblar. Ümumiyyətlə Şuşaya gedib, emosiyasız yazı hazırlamaq təbii ki, mümkün deyil. İstər-istəməz Şuşanın qədim aurası həssas insanın sarı siminə toxunur. Şəhər başdan ayağa mistikadır. Havasını udduqca, küçələrini gəzdikcə insanın hissləri bir-birinə qarışır. Qəzəb, qürur, sevinc, göz yaşları, ilahi ədalət axtarışı və sair. Çox qarışıq və dərk edilməyən anlar yaşayırsan. Məncə elə buna görə Şuşaya gedən jurnalistlərin əksəriyyəti bu ruhda yazı hazırlayır. Sadəcə bəziləri özlərini ifadə etmək üçün gözəl sözlər seçə bilir, bəziləri isə yox. Mənim yazacağım bir az fərqli olacaq. İstəyirəm Füzulidən, işğaldan azad olunmuş ərazidən başlayaraq Şuşada gördüklərim daxil səfərdən sənədli reportaj hazırlayım. Yalnız baş verənlər. Yalnız gördüklərim. Reportaja heç bir emosiya, hisslər əlavə etməyim. Görək alınacaqmı. Onda başlayaq.

Yox edilən Füzuli

Haşiyyə

Axırıncı dəfə Füzulidə 1993-94-cü il məşhur “Horadiz əməliyyatı”ndan sonra 1995-ci ildə olmuşam. Rəhmətlik “qara polkovnik” Fətulla Hüseynovla bir yerdə helikopterlə getmişik. ABŞ-dan olan bir həmyerlimiz 3 tır yardım göndərmişdi. O da bizimlə gedirdi. Helikopterlə Bəhrəmtəpəyə getdik. Ordanda tırları gözləyib, maşınla Füzuliyi Horadizə keçdik. Təbii ki, yol boyu azad edilən kəndlərə də baş çəkdik. Əsgərlərlə, mülki əhali ilə görüşdük. Düzdür qanqaraçılıq da oldu. Tırlardan birinin Füzulinin o vaxtki icra başcısı və deputatı əhaliyə yardım paylamaq adı altında arxasına keçdilər. Və o tırda olan yardımı neynədilər xəbərimiz olmadı. Amma digər 2 tır yardımı mənzil başına çatdıra bildik.

 

Bizi Şuşaya aparan avtobus 93-94-cü illərdə “Horadiz əməliyyatı” zamanı azad edilən kəndlərdən keçir. Yol boyu kəndlərdə hər tərəf qaynayır. Bilmirəm hər gün belədir, yoxsa biz gedən gün yaman çox alver edən, ticarətlə məşğul olan gördüm. Yalnız avtobusun pəncərəsindən müşahidə apardığıma görə dəqiq deyə bilmərəm. Amma mənə elə gəldi ki, mal-qoyun bazarına daha çox rast gəldim. Təbii ki, xoşuma gələn bir mənzərə idi. Həyat qaynayırdı, deməli insanlar çətinliklərə rəğmən yaşayırlar, işləyirlər. Kəndlərdən keçib birdən - birə boz çöllüyə çıxdıq. Uşaqlardan kimsə dedi ki, az qalıb, azad olunan ərazilərə yaxınlaşırıq. Doğurdan da qarşıda Füzuli polisi post qurmuşdu. Və biz məcburi dayanmalı olduq. .

Haşiyyə

Daxili İşlər Nazirliyini bu bölgə üçün seçib xidmətə göndərdiyi əməkdaşlarının əksəriyyəti bu millətin qaymaqlarıdır. Ümumiyyətlə bu sözləri o ərazidə xidmətdə olan bütün əsgər, zabit, polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına aid etmək olar.  Bəlağətsiz deyirəm. Əksəriyyəti boylu-buxunlu, səliqəli və adrinalin artıran hərbi ekipirovkada, ən əsası hər cür naz sahibi olan qonaqlara qarşı göstərdikləri səbr və nəzakət məni bu fikirləri yazmağa və bu işi quranlara təşəkkür etməyə məcbur etdi.

Yoxlanışdan keçib yola düşürük. Və…

İlk olaraq yol kənarının sağ və sol hissəsindən görə bilmədiyimiz məsafəyə qədər uzanan səngərlər diqqətimi çəkir. Tankları və digər ağır hərbi texnikanın gizlədilə biləcəyi dərinlikdə və enində qazılan səngərlər ard-arda müəyyən məsafələrdə yerləşən böyük müdafiə istehkamlarından ibarətdir. Özü də ərazi düzənlik olduğundan harda hündür təpələr varsa istehkamlar oralarda qurulub. Hərbiçi olmadan da görünür ki, bu əraziləri döyüşlə almaq elə də asan deyil. Çünki ərazinin relyefi düşmənə əlverişli istehkam qurmağa şərait yaradır. Mən məhz bu əraziləri görəndən sonra anladım ki, nəyə görə biz Füzulidə həm çox itki verdik, həm də döyüş müddəti uzun oldu. Bu istehkamları döyüşərək bir-bir ələ keçirmək bəlkədə aylar tələb edərdi. Amma ordumuz bu məsafəni çətinliklərə və itkilərə baxmayaraq qısa müddətdə keçə bildi.

Haşiyyə

Bu statusu Feysbukda Şuşaya gedib gələndən sonra yazdım. Yəni gördüyüm və müşahidələrim əsasında bu qənaətə gəldim:

“Bəzən deyirlər ermənilər döyüşə bilmir, döyüşsüz təslim olurlar və sair. Niyə belə deyirlər anlamıram kı? Bəyəm belə deyəndə bizim əsgərin daha güclü olduğunu nümayiş etdiririk? Məncə səhv fikirdir. Erməni döyüşmürdüsə, yalnız qaçırdısa, onda bizim əsgərin qəhrəmanlığı, sona qədər döyüşüb şəhid olması, yaralı-yaralı döyüşməsi kimi faktları hardan yaranıb? Deməli qarşı tərəf döyüşüb ki, bizimkilər də qəhrəmancasına döyüşüb onları iti qovan kimi qova biliblər. Füzulidə və Şuşada olarkən yol boyu işğaldan azad olunmuş ərazilərə, gəzdiyim küçələrdəki evlərin əksəriyyətinə diqqət etdim. Yol boyu qazılan müdafiə istehkamlarında gedən döyüşlərin izlərini, Şuşadakı binalarda, evlərdə əl qumbarası, kiçik və böyük çaplı silahların güllələrinin yaratdığı yaraları gördükcə anladım ki, bizim əsgər torpağın hər qarışı uğrunda çox ciddi və qanlı döyüş aparıb.

Nəhayət yol kənarında ilk yaşayış məkanının izlərinə rast gəlirik. Bəli məhz izlərinə. Çox çətinliklə ayırd etmək olar ki, yolun sağında vaxtilə gülüstanlı bir kənd olub. Ermənilər bu ərazilərdə yerləşən yaşayış məkanlarını elə kökə salıblar ki, yalnız arxeoloqlar müəyyən edə bilər burda yaşayış olub ya yox. Müharibənin, savaşın törətdiyi dağıntıları hamımız görmüşük. Ən azı televizorda filmlərdən baxmışıq. Ən çox dağıntıya məruz qalan şəhərlərdən biri 2-ci dünya müharibəsində Stalinqrad olub. Hətta Avropa tarixçiləri bu şəhərin yer üzündən silindiyini, çox böyük dağıntılara məruz qaldığını yazır. Həmən dağıntıları sənədli xronikalardan özümüz belə görə bilirik. Amma mən Füzulidə gördüklərim 2-cü dünya müharibəsi zamanı Stalinqrad şəhərində baş verənlərlə heç cür müqayisə edə bilmədim. Burda savaşın, topun, tüfəngin, bombanın vurub dağıtdığı bir dənə də ev yoxdur. Olsaydı yarıuçulu hansısa bir evə rast gələrdik. Burda ermənilər yaşayış məskənlərini tarixdən silmək üçün evləri öz əlləri ilə daşları, kərpicləri bir-bir sökərək yer üzündən siliblər. Əgər biz torpaqların alınmasını 20-30 il də gecikdirsəydik heç kimə sübut edə bilməyəcəkdik ki, bu ərazilərdə kəndlər, şəhərlər olub və azərbaycanlılar yaşayıb. İnandırım ki, heç kimə sübut edə bilməyəcəkdik. Necəki indi İrəvanda vaxtilə böyük bir Azərbaycan xanlığının olduğunu, orada böyük mülklərdə, saraylarda yaşadıqlarını ikiüzlü dünyaya sübut edə bilmirik. Çünki həmin tikililəri Qarabağda Füzulidə olduğu kimi tarixdən silmək üçün yer üzündən siliblər. Bu qəbilə 100 il bundan qabaq necə düşmənçilik edibsə indi də eyni əməli təkrar edib. Və etməkdə də davam edirlər. Heç də rahatlanıb etməyin. Dəyişən tək nəsillərdir. Beyinlərini sanki bədən öldükcə çıxardıb yeni, daha gənc başa qoyublar.

Yeni salınmış hava limanının yanından saga Füzuli şəhərinə giririk. Hava limanı bu xarabada yetim kimi görsənir. Günün gunorta çağı olmasına baxmayaraq sankı hər tərəf qaranlıq, zülmətdir. İşıq yalnız geniş miqyasda başladılan tikinti obyektlərindən gəlir. Bəzən yazırıq ki, işğaldan azad olunmuş ərazilərdə tikinti-bərpa işləri gedir. Yox. Füzulidə bərpalıq heç nə qalmayıb. Tamamilə yenidən tikirlər. Füzulinin girəcəyindən düz Şuşaya qədər məsafə təxminən 75 kilometr olar. Bu qədər ərazi böyük bir tikinti meydançasına çevrilib. Tikintinin miqyasi təsəvvür etdiyimizdən çox böyükdür. Özü də gecə-gündüz iş gedir. Şuşada işləyən gənc fəhlənin dili ilə desəm bölgəni dirçəltmək üçün meşok-meşok pullar xərclənir. Nəhayət ürəyimi çəkən və ağrıdan Füzuli rayonundan çıxırıq. Çıxmağımızı Xocavənd rayonunun ərazisində qurulan postda, polisin bizi saxlamasından sonra bilirik.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış;

(ardı var)

Şöhrət El-Dəniz.