Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmadığı kimi, Türk dünyası da yoxdur!
10.07.2024

Avropa Birliyində riyazi terminlə desək, kökaltdakı Makronun, yəni Jozep Borrel və digər ünsürlərin Türk Dövlətləri Təşkilatının Şuşadakı qeyri-rəsmi zirvə görüşü onların sərgiləməyə çalışdıqları kimi "Kipr türk separatçı qurumunu legitimləşdirmək cəhdləri"nə görə gözlərinə girməyib, əksinə, diriltməyə çalışdıqları hay separatizminə, daha doğrusu, “miatsum”çuluğa daha heç bir şans verilmədiyini gördüklərindən belə qeyzləniblər.

Siz sözün hər anlamında həmin zirvədə Özbəkistan prezidenti cənab Mirziyoyevin çıxışına diqqət yetirdiniz? Baxın, görün bu təcrübəli dövlət xadimi nə deyir: “Müstəqil Azərbaycan dövlətinin qurucusu möhtərəm Heydər Əliyevin sözləri ilə desək, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Beləliklə, bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır”. Bu sözlərin diplomatik dildən tərcüməsi bilirsiniz nə anlam daşıyır? Özbəkistan prezidenti diqqətə çatdırır ki, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmadığı kimi, Türk dünyası da yoxdur! Başqa sözlə desək, Qarabağla Şuşa Azərbaycan üçün nədirsə, Türk dünyası üçün də odur. Cənab Mirziyoyevin çıxışında vurğulanan bax, budur! Bunun sadəcə söz olmadığı Şuşa Zirvəsində - bu ifadə necə də gözəl səslənir, deyilmi - imzalanan Qarabağ Bəyannaməsində bütün çılpağlığı ilə özünü göstərir. Təkqütblü dünya düzəni qurmağa çalışan yırtıcıları çıldıran və gələcəkdə daha da çox çıldıracaq məhz TDT-nin həmin bəyannamədə əksini tapan, belə demək mümkünsə, yol xəritəsidir. Həmin bəyannamədə əksini tapan aşağıdakı fikirlərə baxın, görün, həm də necə bir yol xəritəsi: “Qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı davamlı məsləhətləşmələrin aparılması, TDT-nin "qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulması", onların “səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqi”, “kibertəhlükəsizliyin birgə təmini”, “süni intellekt üzrə tərəfdaşlıqların qurulması, məlumat mərkəzlərinin və bulud infrastrukturlarının yaradılması”, “böyük dil modeli formasında ümumi platformadan istifadə”, “Milli kosmik proqramların potensialının və rəqabət qabiliyyətinin artırılmasına yönəldilmiş səylərin birləşdirilməsi, üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyət” - sizcə, bütün bunlar islamofobluqlarını, ondan da betər türkofobluqlarını gizlətməyənlərə rahatlıq verər?

Makronları, onun kublarını, kvadratlarını, eyni zamanda Borrel kimi kökaltılarını qıcıqlandıran özlərindən saymadıqları provoslav yunanların, kiprlilərin maraqlarının əleyhinə yönəlmiş addımlar deyil, türk dövlətlərinin Qarabağ Bəyannaməsində də vurğulandığı kimi, “vahid güc kimi çıxış etmək” niyyətidir.

Millət vəkili Sahib Alıyev

visiontv.az