Şuşada aparılan işlərin miqyasından görünür ki, yaxın illərdə Prezidentin iştirakı ilə çoxsaylı yeniliklər olacaq - deputat Nəsib Məhəməliyev
Şuşada aparılan işlərin miqyasından görünür ki, yaxın illərdə Prezidentin iştirakı ilə çoxsaylı yeniliklər olacaq - deputat Nəsib Məhəməliyev
15.01.2021 Nəsib Məhəməliyev Tərəfindən

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın Şüşaya səfəri siyasi və güc nümayişi baxımından əhəmiyyət kəsb edən bir hadisədir. Bu səfər həm Ermənistanın siyasi rəhbərliyinin, həm də daxildə olan bəzi radikal kəsimin ortaya atdığı “ Rusiya sülhməramlıları Azərbaycan rəsmilərini Şuşaya buraxmır” kimi sərsəm fikirlərini gorbagor etdi.

Məsələyə millət vəkili Nəsib Məhəməliyev münasibət bildirərək Visiontv.az saytının müxbirinə bunları deyib:

"Hər şey yoldan başlayır. Səfərin başlanğıcında Füzuli-Şuşa yolunun, Füzuli beynəlxalq hava limanının təməlqoyma mərasimlərində iştirak edən ölkə Başçısı dağlıq-meşə ərazisində yeni açılmış torpaq yolla Şuşaya gəldi. Qəhrəman əsgərlərimiz 10 km-lə məhz həmin meşə yolunu qət edərək, sıldırım qayaları dırmaşaraq Şuşanı işğaldan azad etmişdilər. Prezident və ailəsi addım-addım Şuşa şəhərinin tarixi yerlərini gəzdi. Qarabağ xanının vəziri Molla Pənah Vaqifin dağılmış məqbərəsini, Xan qızı Natəvanın, Bülbülün yaşadıqları evləri, dağıdılmış məscidlərə baş çəkərək, müqəddəs Məkkə ziyarətindən gətirdikləri qurani-kərimi bağışladı. Erməni vandalları tərəfindən xarabalığa çevrilmiş tarixi abidələrin, ermənilərdən satın alınmış dahi Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün güllələnmiş büstlərinin vəziyyəti ilə yerində tanış oldu".

Diqqət çəkən məqamlardan biri cənab Prezidentin 39 il əvvəl, 1982-ci ildə, o dövürdə Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevlə birlikdə, məhz 14 yanvar tarixində Şuşaya səfər etməsidir. İkinci məqam, dağılmış məscidlərin bir-bir nümayiş etdirilərək, dünya birliyinə, ələlxüsus özlərini müsəlman adlandırmaqla erməni vəhşiliyinə haqq qazandıranlara verilən mesajdır. 70-ə yaxın məscidi yerlə-yeksan edənlərə yardım edənlər, cəmi bir məsciddə ,,təmir,, aparmaqla gözə kül üfürənlər Prezidentin bu mesajından nəticə çıxarmalıdırlar.

Üçüncü məqam, ölkə Başçısının dövlət bayrağımızı qaldırarkən əsgərlərimizin, məscidlərin, abidələrin qarşısındakı, ümumiyyətlə hər bir çıxışının tarixi, mədəni, siyasi əhəmiyyəti olduqca böyükdür. Bu çıxışların hər biri, qədim Şuşanın bərpası, perspektiv inkişaf istiqamətləri, gələcəyi barədə strategiyanı özündə ehtiva edir. Dünya birliyinə erməni vəhşiliyinin nümunələrini göstərir. ,,Mədəni millət,, libasına girməklə, bəşəriyyət üçün təhlükəli tayfanın iç üzünü göstərir.

Bütün bunlar ona görə nümayiş olunmalıdır ki, tarix təkrar olunmasın. Bir daha gənclərin qanı tökülməsin. Dördüncü məqam isə, Prezidentin hələ də 90-cı illərin eyforiyasından çıxa bilməmiş, revanş çağırışları etməklə, cəmiyyəti çaşdırmaq istəyənlərə dəmir yumruğu xatırlatması oldu. Sərt formada Xocalı cəlladlarının adlarını çəkməsi, dövlətin gücünün göstəricisidir. Xalq öz Liderini həmişə belə qətiyyətli görmək istəyir. Hesab edirəm ki, cənab Prezidentin çıxışlarındakı hər bir sözün xüsusi mənasına diqqət etməklə, tarixi proseslərdən düzgün nəticə çıxarmalıyıq. Şuşa, Laçın, Kəlbəcər, Xocalı, Daşaltı və digər ərazilərin işğal olunmasının əsas səbəblərindən biri Azərbaycanda cəbhə-müsavat cütlüyünün əvvəl hakimiyyət uğrunda apardığı mübarizə, daha sonra isə, hakimiyyəti ələ keçirdikdən sonrakı fəaliyyətinin nətcəsidir.

Onlar da 92-ci ildə Paşinyan kimi, hər hansı bir idarəetmə təcrübəsi olmadan küçədən hakimiyyətə gəlmişdilər. Hakimiyyətdə olduqları qısa zaman ərzində xalqın nifrətini qazanmaqla, ölkəni bütün dünyada biabır etmişdilər. Tarixdən düzgün nəticə çıxarmaq lazımdır. Şuşada və işğal altında olmuş rayonlarda aparılan işlərin miqyasından görünür ki, yaxın illərdə ölkə Başçısının iştirakı ilə çoxsaylı yeniliklərin şahidi olacağıq.