Sülhməramlılıq hara, hərbi parad hara?
20.04.2021

"Hamısını geri alacayıq" deyən Balasaryanı, "Xankəndinə girən ilk azərbaycanlını şəxsən özüm həbs edəcəm" deyən Avaqyanı kimlər qudurub?

Qarabağda rus "soldatının" paradı Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir 

Yenə işlər tərs dönür. Son bir həftə ərzində qarşıma çıxan üç xəbər bu pisməramlı qənaətimi əsaslı edir. Ölkəmizin ətrafında və içində baş verən hadisələrə hər nə qədər soyuqqanlı, praqmatik yanaşmalı olsaq da, ağlımızı məşğul edə bilən, heysiyyatımıza toxunan nüanslar da yox deyil. Həmin xəbərlərin nədən ibarət olduğu barədə yazacam. Ancaq bir az sonra.

Doğrudur, 44 gün savaşdıq, rus istehsalı "Isgəndər-M"lər, "S-300"lər, "Toçka-U"lar, "Elbrus"lar, "Smerç"lərdən başımıza ballistik od-alov ələnməsinə rəğmən, torpaqlarımızın  böyük bir qismini dişimizlə-dırnağımızla vuruşub azad etdik, döyüş zəfərləri qazandıq, minlərlə şəhid verdik, on minlərlə qazimiz var, ancaq Qarabağ problemini, rəsmi şəxslərin də iddia etdiyi kimi, tam həll edə bilməmişik desəm, yəqin kimsə inciməz. Niyə belə düşündüyümü yazını axıracan oxuyanlar tam anlayacaq.

Dövlət başçısı bütün ictimai-siyasi, iqtisadi, humanitar platformalarda etdiyi çıxışlarda "post-müharibə" ifadəsini "post-konflikt" ifadəsinə dəyişərək, əsasən sülhdən, bərpa-quruculuq işlərindən danışmaqla, Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın daha "Dağlıq Qarabağ münaqişəsi" adında  konfliktinin mövcud olmadığı iddiasını ortaya qoyub. Prezident Əliyev münaqişənin davam etdirilməsində, qonşu xalqla düşmənçiliyin aparılmasında maraqlı olmadığını artıq dəfələrlə müxtəlif siyasi-iqtisadi təşəbüslər fonunda təqdim edib. Di gəl ki, qarşı tərəfdən eyni dərəcədə müsbət reaksiyalar almadığı da aşikardır. Maraqlısı budur ki, erməni xalqını bu düşmənçiliyi sonlandırmağa mane olan maraqlı xarici dövlətlər mövcuddur, ən pisi isə, hərbiyyəsi ilə bölgədə olan Rusiyanın bu planda barmağı daha qabarıq görünür. Elə buna görədir ki, dövlət başçısının bu tip bəyanatlarında, təbii ki, Ermənistan rəsmilərinə və ermənilərə olduğu qədər də, bölgədə iki xalqı bir-birinə düşmən edəcək hərəkətlərdən çəkinməyən, əksinə, bu düşmənçiliyi daha da qızışdırmaq xətti tutduğu şübhə doğurmayan Rusiya dövlətinə də münaqişənin bitdiyini anladacaq, izah edəcək mesajlar göndərir. Hardan baxarsaq baxaq, döyüş meydanında Azərbaycana əzici formada məğlub olmuş ermənilərin siyasi müstəvidə bizimlə hər hansısa məsələni müzakirə edə biləcəyi bir durum yoxdur. Əvəzində, bölgəyə sülhməramlı missiya adı altında qoşun yeritmiş Rusiyanın qarşımıza dikilib özünü torpağın sahibi kimi aparmasını nəzərə alsaq, o qənaətə gəlmiş oluruq ki, prezident Əliyevin sülh, barış, birgəyaşayış barədə dediyi hər bir fikir elə rəsmi Moskvaya ünvanlanıb. Azərbaycan xalqı ilə erməni xalqını barışmağa, birgə yaşamağa qoymayan, onlar arasına qalın blokpostlar çəkən də elə Rusiyadır və bir də onun bölgə ilə bağlı ekspansionist, imperialist, məkrli siyasəti. Azərbaycan prezidenti də haqlı olaraq çox yaxşı və düzgün anlayır ki, problem, əslində, ermənilərin özləri ilə bağlı deyil. Cənubi Qafqazda münaqişə ocaqlarının hamısını qurdalayan bir qara maşa varsa, o da Kremldir. Zəngəzuru, Irəvanı Azərbaycandan qoparan Kreml!

Məhz Rusiya 200 il əvvəl Cənubi Qafqazı öz "soldatlarının" soyuq palçıqlı qara "sapoxlarına" tapdaladan gündən bu yana  regionun min illər boyu bir-birilə mehriban qonşuluq, doğmalıq, qohumluq, simsarlıq münasibətində yaşayan xalqlarının arasına nifaq düşdü, çörək yedikləri qaba tüpürdülər, düşmən oldular, onlar bir-birinə güllə atmağa başladılar, acı nəticəsi də göz qabağındadır. Prezident Əliyevin tez-tez əzəli, tarixi torpaqlarımız olan Zəngəzuru, Irəvanı xatırlatması isə, daha çox geosiyasi təzyiq vasitəsidir ki, ermənilər, onları himayə etdiyini gizlətməyən ruslar keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti" siyasi hoqqabazlıqlarından, imperialist xülyalarından, Azərbaycanın suveren ərazilərində bir "erməni yarımsuveren təsisatı"nı qurmaq iddialarından, ölkəmizi yenidən parçalamaqdan əl çəksinlər.

Ancaq bizi avam yerinə qoymaq lazım deyil. Baş verənlər Qarabağda rusların himayəsi altında olan ermənilər tərəfindən atılan bəzi neqativ və qıcıqlandırıcı addımların Azərbaycan dövlətinə və xalqına yaxın perspektivdə yaxşı heç nə vəd etmədiyinə əminlik yaradır. Uzun sözün qısası, ermənilər əməllicə ürəkləniblər, rusların bölgədəki kaşa-malaşasından sonra dirçəlib, hətta bizə xox gəlməyə başlayıblar. Azərbaycanın cəngavər oğlanlarının dəmir yumruğundan sonra aldıqları ölümcül zərbə, görünür, azlıq edib. Məncə, gözəlim Qarabağda, təəssüflə də olsa qeyd edək ki, məhz Rusiya isteblişmentinin  göz yumduğu revanşit, qisasçı niyyətlərlə alışıb-yanan bir çox ermənilərin başının əzilməsi və bu dəfə, prezident Əliyevin də söylədiyi kimi, artıq tamamilə məhv edilməsi üçün dəmir yumruq yox, "Dəmir təpik" lazım olacaq.

"Dəmir təpik"ə əsas yaradan isə yuxarıda anonsunu verdiyim xəbərlərdir, qanımızı it qanına döndərən xəbərlər. Deməli, bu xəbərlərdən biri 44 günlük II Qarabağ Savaşından sonra Qarabağda vəzifəyə təyin etdirilən və sırf rəsmi Moskvanın projesi olduğu şübhə doğurmayan qondarma xunta rejiminin "təhlükəsizlik şurasının katibi" Vitali Balasaryanın böyük bir zalda sərsəm açıqlamaları barədədir. Xocalı soyqırımında əli qana batan bu cani erməni xalqından itirdikləri minlərlə canlı qüvvədən dolayı üzr istədikdən sonra deyib ki, "...yüz faiz əmin olun ki, biz Qarabağda itirdiklərimizin hamısını geri alacağıq. Buna şübhəniz olmasın. Əks halda, niyə mövcud olmağımızın bir anlamı qalmaz".

Əlbəttə, bir çoxları iddia edə bilər ki, Balasaryan çox söz deyə bilər, bəs ermənilərin başını elə əzmişik ki, bir də çətin qaldıralar o başı, bəs Balasaryan yenə siyasi bleflərlə məşğuldur, nə bilim, resursları-filan yoxdur və sair və ilaxır. Təbii, bu sadalananlara mən də təsəlli-fason əlavə bir neçə tezis düzüb-qoşub Balasaryan adlı bir zibil qırığının danışıqlarına önəm verməyə, onu ciddiyə almaya bilərəm. Məsələn, hiss edirsinizsə, Qarabağdakı qondarma xunta rejiminin "prezidenti" Araik Arutyunyan barədə heç nə danışmıram, çünki adam gerçəkdən hərbi-siyasi planda bitmiş bir zatdır. Lakin bunu Balasaryan haqqında iddia etmək sadəlövhlük olardı. Nəzərə alsaq ki, polkovnik Vitali Balasaryan Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, iyunda Ermənistanda keçiriləcək seçkilərdə iştirak qərarı vermiş eks-prezident Robert Koçaryanın Qarabağa yerləşdirdiyi "vuran əldir" və onun arxasında Moskva dayanır, o zaman mövzunu ciddiyə almaqdan savayı yolumuz qalmır. Çünki Balasaryan ciddiyə alsaq da, almasaq da, müxtəlif gizli-açıq yollarla Qarabağın dağlarına, meşələrinə yerləşdirilmiş qanunsuz erməni silahlı birləşmələri vasitəsilə yenidən qanlı hadisələr törədə biləcək idbar bir fiqurdur. Onun kütlə qarşısında gurultulu alqışlarla qarşılanan alovlu, azərbaycanlılara nifrət püskürən və daha çox yeni hərbi toqquşmalara təşviq sayılacaq çıxışı bu tipin sakit dayanmayacağına açıq işarədir. Belə gurultulu alqışlar isə, Balasaryanın aranı qatmaq niyyətinə, yenidən Qarabağı barıt çəlləyinə döndərmək planlarına kütlənin verdiyi dəstəkdir. Hərbi xidmətə çağırış üzrə yaş senzinin 55 yaşa qaldırılması da, bu yaşa qədər olan insanların silahlandırılması və növbəti hərbi toqquşmalara hazırlamaq niyyətlərindən irəli gəlir...

Qıcıq doğuran növbəti xəbər Qarabağda mövcud olan qondarma xunta rejiminin başqa bir "rəsmisi"nin Ermənistan parlamentində əndazələri aşaraq ağzına gələni danışması barədə idi. Gerçəkdən səssiz qalmaq asan deyil. Qondarma rejimin "təhlükəsizlik xidməti"nin "direktor müavini" Boris Avaqyan baxın görün nə deyib: "...Internetdə azərbaycanlıların sərbəst şəkildə Stepanakertə (oxu: Xankəndinə) girib şəhərin mağazalarında alış-veriş etməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Bunlar sosial şəbəkələrdə yerləşdirilmiş bəzi saxta xəbərlərdir. Həftədə 3-4 dəfə bu marşrutla getsəniz, bunun mümkünsüz olduğunu anlayacaqsınız. Belə məlumatları kimin yaydığını bilmirəm. Ancaq bu məlumatları rəsmi olaraq istisna edirəm. Belə bir hal baş verərsə, Stepanakertə (oxu: Xankəndinə) girən ilk azərbaycanlını şəxsən özüm həbs edəcəm". Bəzi ağzıgöyçək səbr dağarcaqları olan milli realpərəstlərin ultra dözümünə, ciddiyə almama tövrünə, hər şeyin guya tam nəzarətimizdə olması illüziyalarına söykənsək, gərək belə təxribat xarakterli, qan qoxusu gələn açıqlamalardan yan keçək. Lakin münasibət bildirməmək də doğru deyil. Boris Avaqyanı hürdürən, qudurdan, əlbəttə ki, Rusiya sülhməramlı hərbi kontingentinin bölgədəki ağayana davranışları, missiyadan kənar özfəaliyyət təşəbbüsləri, revanşist ermənilərə verdiyi ikinci nəfəsdir. Yoxsa Avaqyan adlı bu dığa hələ beş ay əvvəl başına bomba, od-alov yağarkən, gözünün önündə hərbi mundirdəki soydaşları sinələrinin üstünə düşən mərmilərdən parça-parça olarkən, dabanlarına tüpürüb köpək sürüsü kimi silah-sursatı, döyüş mövqelərini qoyub qaçarkən, hansı siçan deşiyində gizləndiyini bu qədər tezliklə unutmazdı. Azərbaycan ordusu və hüquq-mühafizə orqanları nə qədər ki, dişsiz davranırlar, nə qədər ki, rus sülhməramlılarının nəzarət missiyası  zonasında, ancaq ermənilərin hələlik faktiki işğalında qalan 3170 km2 ərazidə öz suverenliyini tam bərpa etməkdən ötrü anti-separatizm və anti-terror əməliyyatı keçirməyib, bu kimi qıcıqlandırıcı və təxribata yönəlik açıqlamalar, hərəkətlər daha da çoxalacaq. 44 günlük savaş da sübut elədi ki, bizim dünyada güvənə biləcəyimiz, sonadək yanımızda dayanacaq 10-15 ölkədən başqa dostumuz yoxdur, yəni kimsədən umacağımız qalmayıb. Öz işimizi real müttəfiqlərimizə söykənərək özümüz görməliyik ki, Avaqyan kimi ağzının ayarını itirənlərin dili xirtdəyindən çıxarılıb boğazına dolansın!

Nəhayət üçüncü, ən ağrılı və hətta deyərdim ki, artıq əndazələri aşdıqları aşikar görsənən  xəbər, Qarabağdakı rus sülhməramlı hərbi kontingentinin planlaşdırdıqları parad olayı ilə bağlıdır. Belə ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi internet saytında "9 May faşizm üzərində qələbə"nin ildönümü münasibəti ilə keçiriləcək hərbi parada 450 rus "soldatının" qatılacağı və bununla bağlı Xankəndi hava limanının meydançasında hazırlıq keçdiyi barədə xəbəri oxuyanda əvvəlcə duruxdum, bir yanlış olduğunu düşündüm, nə baş verdiyini anlamadım. Lakin sonra xəbərin təsdiqlənməsi məndə soyuq duş effekti yaratdı. Yəni, sülhməramlı kontingent hara, hərbi parad hara? Bölgəyə sülh, barış, birgəyaşayış prinsiplərini gətirdiyini iddia edən silahlı hərbi qüvvənin boynuna düşən missiyaya tamamilə daban-dabana zidd olan hərəkətlərinin, daha doğrusu, bugünə qədərki bütün özbaşınalıqlarının pik həddi elə bu parad ideyası oldu desək, yalan olmaz! Çünki bu ideya, bu qərar Rusiya ordusunun artıq bütün əndazələri aşdığını göstərən bir faktdır. Moskva unudur ki, onun ordusu sırf Azərbaycan dövlət rəhbərliyi istədiyi, icazə verdiyi üçün Qarabağdadır!

Başa düşürəm, indi bəzi ağzıgöyçəklər tapılacaq desin ki, axı burda şişirdiləcək nə var, faşizm üzərində qələbə bayramı hər il keçirilir və rusların ənənəyə çevrilən bu parad olaylarında qəribə heç nə yoxdur və s. Təbii ki, olaya o qədər də sadə baxmamaqda fayda var. Çünki parad Moskvada yox, bizim olan Qarabağda təşkil olunacaq.

Əvvəla qeyd edək ki, hansısa başqa bir ölkənin Azərbaycanın suveren ərazilərində hərbi mövcudluğu, ordu saxlaması Konstitusiya ilə necə qadağandırsa, onun hərbi parad keçirməsi də o dərəcədə yolverilməzdir. Rusiya Müdafiə Nazirliyi parad keçirəcəyi barədə xəbəri Azərbaycan dövlətinin, onun hərbi nazirliyinin xəbəri olmadan öz saytında yaymaqla beynəlxalq hüquqla Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab olunan Qarabağı öz quberniyasıymış kimi təqdim etməyə cəhd edir. Bu, suverenliyə açıq-aşkar təhdiddir! Bununla Azərbaycanın ərazi bütövlüyü və suverenliyi böyük ölçüdə sual altına düşür. Zatən yoldaş Putin Vladimiroviç bir müddət əvvəl nümayişkaranə şəkildə demişdi axı, keçmiş Sovet respublikaları qondarma dövlətlərdir və onların torpaqları Rusiya əraziləridir, təbii, Azərbaycan da bundan öz nəsibini götürmüşdü.

Parad adi bir tədbir deyil, əsgərlərin "...marş irəli, şanlı rus əsgəri" dramı heç deyil. Hərbi parad, özü də Azərbaycan torpağı olan Qarabağda planlaşdırılan hərbi parad dosta (belə bir dost varsa əgər), düşmənə bir güc, əzələ nümayişidir! Rusiyanın artan militarist tövrü fonunda Qarabağda keçirmək istədiyi hərbi parad, öncə Azərbaycan dövlətinə,  xalqına, bütövlükdə isə cəmiyyətinə, ondan sonra isə qardaş ölkə Türkiyəyə və bizimlə dostluq edən hər kəsə gözdağı vermək, meydan oxumaqdır. Rusiya bütün bunları paytaxt Moskvada yox, məhz Şəhidlərimizin və Qazilərimizin, torpağına qarışan qanı hələ də qurumayan, yaş olan Qarabağda etmək istəyir. Şəhidlərimizin ruhuna bundan ağır təhqir ola bilməz. Putin administrasiyası bu təhlükəli qərarla hər kəsə "...mən istədiyimi, istədiyim yerdə edərəm və kimsədən də qorxum yoxdur" mesajını verməklə açıq-aşkar bildirir ki, bölgəyə soxduğu  sülhməramlı kontingent yox, silahlanmış bir işğalçı ordusudur.

Putin generalitetinin 9 mayda Qarabağda hərbi parad keçirməyi planlaşdırması bir yandan həm də Ermənistanın indiki dövlət rəhbərliyinə və seçkiyə tələsən "Miatsum" eyforiyasından qopa bilməyən erməni cəmiyyətinə, xalqına ünvanlanmış bir mesajdır. O mənada ki, ağıllı olun, cızığınızdan çıxmayın, özünüzü Rusiyasız təsəvvür etməyi qafanızdan belə keçirməyin, çünki siz Rusiya var deyə mövcudsunuz, çünki Qarabağdakı ermənilərin bütün məsuliyyəti, cavabdehliyi Kremlin üzərindədir, çünki Ermənistan adlı dövlət Rusiya ordusuna borcludur.

Məsələnin indi bundan da prinsipial tərəfi Azərbaycanın Rusiya MN tərəfindən elan olunan bu parad olayına necə reaksiya verəcəyidir. Hələ də "Isgəndər-M" raketləri ilə bağlı suallarına Kremldən tutarlı cavab gözləyən rəsmi Bakının Rusiyanın sülhməramlı kontingentinin bu özfəaliyyətinə qarşı sərgiləyəcəyi tövr milli maraqlarımızın qorunması naminə atılacaq ən ümdə vəzifədir. Qarabağ yalnız Xankəndisilə, Ağdərəsilə, Xocalısıyla, Əsgəranıyla, Xocavəndilə, Laçın dəhlizilə, Şuşanın yerdə qalan bütün kəndlərilə Azərbaycan olacaq!

Mirzə Rəşad Bakuvi

Visiontv.az