"Sülh nə qədər gecikirsə, Ermənistan vəziyyəti daha da gərginləşdirir..."
"Sülh nə qədər gecikirsə, Ermənistan vəziyyəti daha da gərginləşdirir..."
05.06.2023 MEDİA Tərəfindən

Bu gün ADA Universitetində jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, sülh sazişinin imzalanması qaçılmazdır. Postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir. Bu proses intensiv olsa da, Ermənistan tərəfinin danışıqları boykot etməsi səbəbindən təxminən 6 aylıq bir müddətdə fasilə yaranmışdı. Bundan başqa bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq imkanının olduğunu bildirib. O, qeyd edib ki, danışıqlar çox intensiv gedir. Əgər biz bu intensivliyi qoruyub saxlaya bilsək və beynəlxalq birlikdən güclü yardım olsa, o zaman ilin sonuna qədər sülh müqaviləsinin bağlanması ehtimalı var.  

Azərbaycanla Ermənistan arasında sülh sazişinin ilin sonuna kimi imzalanması nə dərəcədə real görünür? Sülh müqaviləsinin hansı ölkədə imzalanması ehtimalı yüksəkdi? Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin Sektor müdiri, siyasi şərhçi Tural İsmayıovun Visiontv.az saytına açıqlamsı:

"Ermənistan bölgədə gərginliyin qalması haqqında fon yaratmağa çalışır.  Bu tip təxribatların törədilməsi Ermənistanın nə dərəcədə riyakar, ikiüzlü və provokativ olduğunu növbəti dəfə ortaya qoyur. Maraqlısı isə odur ki, hər zaman Rusiya qərbmərkəzli görüşlərə etiraz edir və bu etirazlardan qısa müddət sonra Ermənistan bu tip təxribatlar törədir. Həmçinin Fransanın da Avropa İttifaqı Prezidenti Şarl Mişelin rəhbərliyi altında keçirilən görüşlərə qısqanclığını nəzərə aldıqda bu hadisələrin indiki dövrdə baş verməyinin təsadüfi olmadığı bir daha ortaya çıxmış olur.

Sərhəddə baş verən hadisələr Ermənistan hakimiyyətinin işidir. Əslində Ermənistan tamamilə qərbyönümlü obraz yaratmağa çalışsa da, onun Rusiya siyasi hakimiyyətindən və hərbi elitasından asılı olduğu açıq-aydın ortadadır. Qəsdən Vaşinqtondan sonra Brüsseldə keçiriləcək görüşlər öncəsi bu tip təxribatlar Qərbdəki görüş formatının gözdən salınması prosesinə hesablanıb. Mən hesab edirəm ki, artıq Avropa İttifaqı Şurası hər görüşdən əvvəl Ermənistanın bu tip ərköyünlük etməsinə, bu tip təxribatlar törətməsinə daha sərt reaksiya verməlidir.  Sülh müqaviləsinin imzalanması prosesinin uzanması Ermənistanın delimitasiya və demarkasiya ilə bağlı təxribatlarına səbəb ola bilər. Əslində Qazaxın işğal altında olan kəndlərinin və Naxçıvanın Kərki kəndinin qaytarılmamağı bu provakasiyanın hələ də davam etdiyini göstərir.

Sülh nə qədər gecikirsə, Ermənistan vəziyyəti daha da gərginləşdirir. Həmçinin hesab edirəm ki, Ermənistanın vəziyyəti gərginləşdirməyində maraqlı olan tərəflərdən biri Rusiya, digəri isə Fransadır. Hər iki qüvvənin bu hadisələrdə Ermənistanı sonuna qədər dəstəkləməsi nəticədə Ermənistanın növbəti təxribatlarına səbəb olur və cəbhə bölgəsində vəziyyətin gərginləşməyi prosesinə davam edir. Ona görə də sülh müqaviləsinin imzalanmaması Ermənistan təxribatlarının davamlılığını daha da artırır. Proses bütöv formada post pandemiya dövründə dünyada formalaşan yeni kommunikasiya və logistika layihələri, onların planlarına qarşı da yönəlmiş hesab edilməlidir. İlin sonuna qədər Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamalıdır.

Əgər bu proses baş verməsə, artıq Azərbaycan məcbur olub hərbi əməliyyatlarla həm Kərkini, həm də Qazaxın kəndlərini işğaldan azad edəcək. Eyni zamanda Azərbaycan əsgərinə qarşı Ermənistanın növbəti dəfə silah tuşlamaması üçün delimitasiya olunmamış şərti sərhədlərdə mövqelərini irəlilədə bilər. Hərhalda seçim Ermənistandan asılıdır. Ya normal şəkildə sülhə razılaşacaq, ya da prosesin gərginləşməsinə səbəb olacaq."

Bünyamin Bünyadzadə

Visiontv.az