Süleymani Azərbaycan torpaqlarının işğaldan azad olunmasına mane olub - İranlı ekspertdən iddia - VİDEO
07.01.2020

Regionda bəziləri ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymanini az qala milli qəhrəman statusuna qaldırmağa çalışsa da ard-arda gələn iddialar və xəbərlər bu şəxsin Azərbaycanın əleyhinə bir çox işlər gördüyünü ortaya qoyur.

Visiontv.az-ın verdiyi xəbərə görə, bir neçə gün əvvəl sabiq Daxili Qoşunlar komandanı Fəhmin Hacıyev Süleymaninin ermənilərə Azərbaycan ordusuyla bağlı kəşfiyyat məlumatları ötürməsi, hətta onun iki agentinin Daxili Qoşunların zabitləri tərəfindən ələ keçirilməsi iddiası ilə çıxış etmişdi.

Süleymaninin xalqa gizlin qalan əməlləri barədə bir iddia da İranlı ekspert Cahanbəxş İzədidən gəlib. İzədi dünən İran televiziyalarının birində qatıldığı verilişdə Süleymaninin Azərbaycan torpaqlarının işğalında ermənilərə yardım etməsi barədə fikirlər səsləndirib:

90-cı illərdə Qarabağın və Naxçıvanın Ermənistan tərəfindən işğal edilmiş vilayətlərinin Azərbaycana qaytarılması üçün ciddi işlər görülürdü. Lakin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi regionda pantürkist ideologiyanı daha da gücləndirəcək və bu da İranın maraqlarının əleyhinə bir şəraitin formalaşmasına gətirib çıxaracaqdı. Həmçinin, bu şərait regionda İran əleyhinə yeni ittifaqların yaranmasına səbəb ola, regionda qüvvələr balansını dəyişə bilərdi. Bu səbəblərdən dolayı, Qasım Süleymani qüvvələr balansının dəyişməməsi üçün addımlar atdı və bu addımlar nəticəsində işğal edilmiş torpaqlar Ermənistanda qaldı”.

Eurasia Diary