STATUS:Azərbaycanda çox murdar bir korrupsiya mexanizmi mövcuddur-Aslan İsmayılov
01.08.2020

Hakimiyyət rəsmilərinin diqqətinə!

Uzun illərdir ki, Azərbaycanda çox murdar bir korrupsiya mexanizmi mövcuddur və bu gün də davam edir. Bir müddət KİV-lərdə çox geniş işıqlandırılan və heç bir nəticəsi olmayan bir faktı diqqətinizə çatdırmaqla nəyin baş verdiyini açıqlayım. Bir vaxtlar indiki Baş Nazirin müavini Əli Əhmədovun öz tikilisini Vergilər Nazirliyinin bir strukturuna ayda 40 min manata kirayə verdiyini yazırdılar.

İndi də həmin hal mövcuddur. Bir çox oliqarx-məmurlar öz əmlaklarını dövlət strukturlarına ağılagəlməyən məbləğə kirayəyə verirlər və bu yolla dövlət büdcəsindən milyonlar oğurlanır. Bu hal həyasızcasına dövlət büdcəsini talamaqdır. Bunu hamı bilir, ancaq qarşısını alan yoxdur.

Buradan Baş Prokurorluğa, DTX-ya müraciət edirəm ki, təcili bütün dövlət strukturlarının yerləşdiyi binaların kimlərə məxsus olduğu, nə üçün kirayədə yerləşdiyini araşdırsınlar. Bu gün həmin pullar bir tikə çörəyə möhtac olanların, belə davam edərsə bu hakimiyyətin qəbir qazanına çevriləcək insanların çox ehtiyacı var.