Şou proqramlara “bayağı” müğənnilərin dəvət olunması azalıb və azalmaqdadır - MTRŞ sədri
04.02.2022

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov Trend-ə müsahibə verib.

Visiontv.az həmin müsahibəni təqdim edir:

- İsmət müəllim, hazırda televiziya kanallarında ümumi mənzərə necədir? Proqramların və ümumən yayımın keyfiyyəti haqda fikirlərinizi bilmək istərdik.

- Deyə bilərik ki, hazırda müsbətə doğru bir tendensiya var. Yanvarın 28-dən kanallarımızın böyük əksəriyyəti peykdən HD formatda yayımlanır. Konkretləşdirsək, “AZTV”, “İdman TV”, “Mədəniyyət TV”, “İTV”, “ATV”, “Xəzər TV”, “Space TV”, “Real TV” və “ARB Günəş” kanalları qeyd olunan tarixdən peykdə SD formatını dayandıraraq, HD formatına keçiblər. O tarixə kimi cəmi 4 kanal –“CBC”, “CBC Sport”, “ARB 24” və “ARB” kanalları HD yayımda idilər. Beləliklə, hal-hazırda peyk yayımında SD formatda yayım aparan ancaq “Muz TV” və “Dünya TV” kanalları qalıb, onların da yaxın zaman HD yayıma keçməsini arzulayırıq. Nəzərə alsaq ki, peyklə televiziya izlənilməsi ölkəmizdə ən populyar üsuldur, deyə bilərik ki, ölkə tamaşıcılarının böyük əksəriyyəti televiziyalırımızı artıq daha keyfiyyətli formatda izləyir. Həmçinin, qeyd olunmalıdır ki, keçid zamanı müvafiq qurumlara daxil olan şikayətlərin nisbətən az olması keçidin uğurlu olmasını göstərir.

Lakin, HD formata keçid nə gədər vacib olsa da, etiraf edək ki, bu texniki bir məsələdir, və kanalların HD formatda nəyin yayımlaması daha önəmlidir. Sevindirici hal odur ki, telekanallarımız artıq buna önəm verməyə başlayır. Son zamanlar müxtəlif kanallarda bir neçə yeni studiya yaradılıb və onlar beynəlxalq standartlara cavab verməkdədir. Eyni zamanda, bəzi kanallar artıq stilist və vizajist xidmələrindən istifadə etməyə başlayır, aparıcıların və hətta, qonaqların efirə cıxması ümumi efir estetikasına uygunlaşdırılır. Şou proqramlara da “bayağı” müğənnilərin dəvət olunması azalıb və azalmaqdadır.

Təəssüflər olsun ki, bu dəyişikliklərin sürəti o gədər də qənaətbəxş deyil, özəl kanalların maliyyə problemləri qalmaqdadır, kadr çatışmazlığı isə bütün kanallara xas olan bir problemdir. Bunlar olmasaydı, televiziyamızda sürətli inkişafı müşahidə edə bilərdik.

- Televiziya kanallarında cəmiyyəti narazı salan məsələlərdən biri də reklamlardır. İnsanlar çox zaman reklamın uzun sürməsindən şikayətlənir. Televiziya kanalları reklam qaydalarına əməl edirmi?

- Hazırda reklam qaydaları ilə bağlı vəziyyət demək olar ki, qənaətbəxşdir. Doğrudur, əvvəllər kanallar reklam limitlərini xeyli aşırdılar. Qanunvericiliyə görə bir saat içərisində reklam blokunun maksimum həcmi 12 dəqiqədir, 2015-ci ildə baş verən devalvasiyaları və nəticədə yaranmış çətin maliyyə durumunu nəzərə alaraq yayımçılara həmin limitin 15 dəqiqəyə qədər artırılması imkanı verilmişdi. Ancaq kanallar buna da əməl etmədi, reklam bloklarının həcmi 17-18 dəqiqəyə, hətta 21 dəqiqəyə çatdı.

Biz 2020-ci ildən etibarən bu limitləri azaltmağa başladıq, kanallara ciddi xəbərdarlıq etdik, hətta bir neçə kanala cərimə sanksiyaları tətbiq olundu. Hazırda 12 dəqiqəlik limit qorunur, çox nadir hallarda limit aşması müşahidə olunur və biz onu yoxlayırıq. Bu xətalar da əsasən texniki səbəblərdən baş verir. Hazırda deyə bilərik ki, televiziya kanallarında reklamlarla bağlı vəziyyət qənaətbəxşdir.

- Bəs proqramlarda sponsor reklamları ilə bağlı vəziyyət nə yerdədir?

- Əlbəttə, bu məsələyə də nəzarət olunur. Qeyd etdiyim kimi əvvəl limitlər çox aşılırdı. Hətta bir proqramda 11 dəqiqə sponsor reklamı olmuşdu. 7, 8, 9 və ya 10-11 dəqiqə sponsor reklamı olurdu. Təsəvvür edin ki, bir saatın içərisində 21 dəqiqə reklam, 11 dəqiqə də sponsor reklamı, yəni saatın yarısı reklama gedirdi. Hazırda bir saat içərisində 3 dəqiqəyə qədər sponsor reklamına icazə verilir. Şuranın daim apardığı monitorinqlər, yayımçılarla bu sahədə aparılan maarifləndirmə işinin nəticəsi olaraq bu tələbə də əsasən riayət olunur.

- İsmət müəllim, istərdim qanunsuz fəaliyyət göstərən kabel televiziya yayımçıları haqqında danışaq. Xüsusilə də çoxmərtəbəli yaşayış binalarında qanunsuz kabel televiziyalarının fəaliyyət göstərdiyi məlumdur. MTRŞ bu istiqamətdə hansı tədbirlər görür?

- Əlbəttə, qanunsuz kabel televiziyaları (daha doğrusu, kabel televiziya operatorları) qanunsuz fəaliyyətin bir növüdür. İstənilən çoxmərtəbəli yaşayış binasında lisenziya olmadan fəaliyyət göstərən kabel operatoru varsa, bu, qanunsuz bir fəaliyyətdir. Çünki, kiçik də olsa, bu bir operatorluq fəaliyyətidir.

Azərbaycanda qanuni, yəni Şuradan lisenziya alaraq fəaliyyət göstərən 50-dən çox yayım operatoru var. Tövsiyə edərdim ki, qanunsuz fəaliyyət göstərən kabel operatorları da öz fəaliyyətləri üçün lisenziya alsınlar. Bu çox sadə bir prosesdir. Gələcəkdə bu cür qanunsuz fəaliyyətlə daha ciddi mübarizə aparılacaq. Qanunsuz kabel televiziyaları ilə bağlı bizə müraciətlər də daxil olur. “Media haqqında” yeni qanun təsdiq olunarsa, MTRŞ qanunsuz kabel televiziyaları ilə daha aktiv mübarizə apara biləcək. Hazırki qanunvericilik bizə bu istiqamətdə mübarizə aparmaq üçün geniş imkanlar vermir. Yeni qanunda bu məsələyə xüsusi diqqət yetirilmişdir. Qanun qüvvəyə minərsə Şura da belə qanunsuz fəaliyyət göstərən yayım operatorlarına qarşı mübarizəni gücləndirəcəkdir.

- Vətəndaşlara nə tövsiyə edərdiniz, qanunsuz kabel televiziyalarını necə müəyyən etsinlər?

- Vətəndaşlar Şuranın saytına daxil olaraq “Yayım operatorları” bölməsində qanuni fəaliyyət göstərən kabel və ya İPTV operatorların siyahısını görə bilərlər. O yolla vətəndaş yoxlaya bilər ki, bu operator qanuni fəaliyyət aparır, yoxsa yox. Bəzən yeni tikilən binalarda MTK-larla əlaqəli olan qanunsuz kabel və ya İPTV operatorlar fəaliyyət göstərdiyindən, MTK sahibləri o binalarda lisenziyalı operatorların fəaliyyətinə imkan vermirlər. Əlbəttə bu normal hal deyil və vətəndaşların narazılığına səbəb olur. Vətəndaş qanuni fəaliyyət göstərən kabel operatorunun xidmətlərindən istifadə edə bilmir. Yeni qanun qüvvəyə mindikdən və Şura bu istiqamətdə ciddi fəaliyyət apardıqdan sonra bu cür hallar artıq qalmacayaqdır.

- Azərbaycanda ümumrespublika uşaq telekanalının yaradılması həmişə müzakirə mövzusu olub...

- Bəli, bu məsələ uzun müddətdir ki, Azərbaycanda qaldırılır. Mən də hesab edirəm ki, Azərbaycanda ümumrespublika uşaq televiziya kanalı olmalıdır. Hazırda “ARB Günəş” uşaq kanalı var, ancaq onun imkanları məhduddur və həmin məhdud imkanlarla Azərbaycan cəmiyyətinin bu istiqamətdə mövcud tələbatını tam ödəmək mümkün deyildir. Təəssüflər olsun ki, Azərbaycanda heç bir biznes qurumu və ya şirkət bu sahəyə maraq göstəmir. Uşaq telekanalları adətən çox xərc aparan və az gəlir gətirən bir sahədir və ona görə də maraq yoxdur. Ümid edirik ki, bu məsələ də öz həllini tapacaqdır.

- Bu yaxınlarda təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması ilə bağlı müsabiqə elan edildi, ancaq iştirakçıların texniki imkanlarının qənaətbəxş olmaması səbəbindən ləğv edildi.Yenidən belə müsabiqənin olması planlaşdırılır?

- Yəqin ki, belə bir müsabiqə təkrar elan ediləcək. Müsabiqə üzrə komissiya iştirakçıların imkanlarını yoxladıqdan sonra belə bir qərara gəldi ki, təhsil və elmi-maarifləndirici televiziya kanalı elə bir səviyyədə olmalıdır ki, Azərbaycan əhalisinin zövqünə uyğun olsun. Ancaq təəssüflər olsun ki, iştirakçıların heç birinin belə bir potensialı yox idi. Ona görə düşünürəm ki, bir müddət gözləməliyik. Ümid edirik ki, belə bir kanal açılacaq.

- Bu gün Azərbaycanda internet televiziyaların da sayı artmaqdadır. Onlardan kabel və ya İPTV paketlərində yayımlanma üçün müraciətlər daxil olurmu?

- Bəli, bəziləri müraciət edib. Lakin məsələ burasındadır ki, hazırki qanunvericilikdə bu məsələ ilə bağlı boşluqlar var, çünki o zaman “Televiziya və radio yayımı haqqında” qanun qəbul ediləndə internet televiziyaları yox idi. “Media haqqında” qanunda isə bu məsələ öz əksini tapmışdır. Qanun qüvvəyə minərsə internet televiziyaları platforma yayımçısı kimi müəyyən tələblərə əməl etməklə lisenziya alıb kabel və İPTV operatorların paketlərində yayımlana biləcəklər. Yəni, əhali həmin operatorlar vasitəsilə yeni kanallara baxmaq imkanı əldə edəcək. Əlbəttə ki, həmin yayım operatorları da buna maraqlı olmalıdırlar. İnternet televiziyaların maraqlı kontenti olmalıdır ki, kabel və ya İPTV operator da onları yayımlamaqda maraqlı olsun.