Sosial şəbəkələrdə məlumat paylaşarkən diqqətli olmaq lazımdır - Elvin Abbasov
Sosial şəbəkələrdə məlumat paylaşarkən diqqətli olmaq lazımdır - Elvin Abbasov
15.09.2022 Elvin ABBASOV Tərəfindən

"TikTok" üzərindən ermənilər dezinformasiya yaymağa çalışırlar, bu səbəbdən də sosial şəbəkənin fəaliyyətinin müvəqqəti dayandırılması başa düşüləndir

Belə gərgin dövrlərdə informasiya resurslarından düzgün istifadə edilməlidir. Bir çox hallarda müharibə gedən, yaxud da təxribat olan bölgələrdə çəkilən video, fotoların koordinatları olur. Çünki bu foto və videolar smartfonlarla çəkilir. Düşmən də məhz bu yolla ərazi ilə bağlı məlumatları əldə etmiş olur. Bu səbəbdən də foto-video göndərərkən diqqətli olmaq lazımdır. Düşünürəm ki, camaat bunu başa düşmürsə, təhlükəsizliyi nəzərə olaraq müəyyən məhdudiyyətlər tətbiq edilməlidir.

Bunu İnformasiya və Kommunikasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

O bildirib ki, məlumatlarda bilərəkdən çaşqınlığın yaradılması, ermənilər tərəfindən Azərbaycan adları ilə profillərin açılaraq informasiyaların yayılması çaxnaşmaya səbəb olacaq: "Hər hansı sosial şəbəkə statusunun, xəbərin paylaşılması ümumiyyətlə cəmiyyətdə çaşqınlıq yaradacaq. Bilmədiyimiz, dövlətimizin bildiyi müəyyən məlumatlar paylaşılırsa, bu zaman müəyyən məhdudiyyətlər ola bilər. 44 günlük müharibədə də biz informasiya müharibəsində, sosial şəbəkələr üzərindən yayılan xəbərlərdə cəmiyyətdə çaşqınlığın yaradılmasının qarşısını alırdıq".

Ekspert deyib ki, ajiotaj yaradılacaq nüanslar varsa, məhdudiyyətlər tətbiq edilə bilər: "TikTok" Azərbaycanda kifayət qədər məşhurlaşıb və daha çox kütləyə çatdığı üçün qarşı tərəfin də bu sosial şəbəkə üzərindən hansısa təxribatlar yarada biləcək məlumatları paylaşma ehtimalı var. Bu səbəbdən də həmin sosial şəbəkəyə müddətli məhdudiyyətin tətbiq olunması qəbulediləndir".
Qeyd edək ki, bir qədər öncə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Anar Eyvazov brifinqdə çıxışı zamanı da bildirib ki, hazırda da kütləvi şəkildə "fake" məlumatlar, foto-videolar yayımlanır: "Biz vətəndaşları yalnız Müdafiə Nazirliyinin məlumatlarına istinad etməyə, ermənilərin dezinfomaisyalarını tirajlamamağa çağırırıq".
Məlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülüb.

Hazırda həyata keçirilən hərbi əməliyyatlarla bağlı "TikTok" sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır.

Göstərilənlərlə əlaqədar, "TikTok" sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınıb və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb.
Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.